“Ermənistan hərbi əsirlərlə bağlı məsələdən alət kimi istifadə edir” — Deputat

HƏRBİ 29 sen 2021, 18:20
“Prezident İlham Əliyev “France-24” televiziya kanalına müsahibəsində bir sıra maraqlı məqamlara toxundu. Bu məsələlərdən ən vacibi "Dağlıq Qarabağ" adlı qurumun artıq mövcud olmaması və münaqişənin bitməsi və hərbi əsirlərlə bağlı idi. Ermənistanın hakim dairələri, daha sonra isə daxildəki siyasi qüvvələr bu məsələdə Azərbaycanın qəti mövqeyini qəbul etməlidir”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev bildirib.

Dövlət başçısının “Azərbaycan müharibə zamanı əsir götürülmüş bütün hərbi əsirlər qaytarılıb” fikrinə diqqət çəkən deputat qeyd edib ki, Azərbaycan bu məsələdə növbəti dəfə Ermənistana humanist davranıb:

“Prezident müsahibə zamanı növbəti dəfə qəti şəkildə bildirdi ki, Azərbaycanda hərbi əsirlər yoxdur. Bütün beynəlxalq təşkilatlar, region ölkələri və digər dövlətlər müharibənin 10 noyabrda başa çatdığını bilir və qəbul edib. Təəssüf ki, noyabrın 26-da Ermənistan tərəfi Azərbaycanın suveren ərazilərinə diversant dəstələri göndərib. Azərbaycanın ərazisinə daxil olmağa və təxribat törətməyə çalışan şəxslərin hərbi əsir hesab edilməsi isə bağlı heç bir qanunda, konvensiyada yoxdur. Lakin Azərbaycan yenə də humanizm prinsiplərinə sadiq qalaraq, həmin şəxslərin bəzilərini – cinayət törətməyən erməniləri Ermənistana qaytardı. Lakin həmin zaman Ermənistan bizə mina xəritələrini doğru təqdim etmədi. Üstəlik, öz əsassız iddialarından da əl çəkmədi”.

Deputat qeyd edib ki, Ermənistan Azərbaycanda hərbi əsirlərin olması yalanından öz məqsədləri üçün istifadə edir:

“Azərbaycanın xoşməramlı addımlarına baxmayaraq, Ermənistan dövləti əsassız iddialarını, təxribatlarını davam etdirdi. Ermənilər müharibədəki ağır nəticələrə baxmayaraq, hələ də revanşist fikirlər səsləndirirlər. Ermənistan tərəfi hər şeydən əvvəl üçtərəfli bəyanatla üzərinə düşən öhdəlikləri yerinə yetirməlidir. Lakin nə qədərki Ermənistan öhdəliklərini tam yerinə yetirməyib, sülh istiqamətində real addımlar atmayıb, revanşist iddialarından tam əl çəkməyib, biz yenə də ermənilərin Azərbaycanda hərbi əsirlərin olması ilə bağlı əsassız fikirlərinin şahidi ola bilərik. Ermənistan hərbi əsirlərlə bağlı məsələdən alət kimi istifadə edir”. 

Aygül Qarayeva
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top