“Azərbaycan jurnalistikası təbliğat, reklam bataqlığında batıb, gedir”

MEDİA 28 sen 2021, 22:49
Son bir neçə ildə mətbuatda press-reliz jurnalistikasının vüsət alması özünü göstərir. Bu proses jurnalistin yaradıcılıq fəaliyyətini, özünəməxsus yanaşmasını arxa plana keçirir. Artıq bir neçə ildir ki, hər hansı tədbir, açılış, yubiley mərasimləri haqda xəbərin saytlarda və qəzetlərdə, demək olar ki, eyni şəkil, eyni başlıqla dərc olunmasının şahidinə çevrilirik. Hazır yazılar media nümayəndələrini tənbəlləşdirir, imzaları yoxa çıxarmağa doğru gedir. Hətta bir çox hallarda saytlar, informasiya agentlikləri artıq müxbir imzasından imtina edir, xəbər, sadəcə mənbə kimi sayt və ya agentlik göstərilməklə, təqdim olunur. 

Bəs görəsən bu gediş Azərbaycan jurnalistikasını hara aparır? Mövzu ilə bağlı media eksperti Zeynal Məmmədli fikirlərini Moderator.az-la bölüşüb:

“Bir çox hallarda mətbuatda çalışan jurnalistin hansısa qurumun, şirkətin ictimai əlaqələr vəzifəsini icra etməsi halları ilə qarşılaşırıq. Azərbaycanda bu tendensiya daha çox yayılıb. Jurnalist oxucuya doğru xəbəri çatdırmaqdansa reklama gedir. Başlayır çalışdığı təşkilatın prestijini qorumağa. O zaman da bu adamların vaxtı ilə necə jurnalist olmaları da şübhə altına alınır. Həmin jurnalist reklama qaçırsa demək bu elə əvvəl də jurnalistika ilə deyil, reklamla məşğul olub. Bir sözlə, işi xəbər çatdırmaq deyil, təbliğatla məşğul olmaq olub. Təbliğat jurnalistikasında isə peşəkarlığa ehtiyac yoxdur. Hazır material göndərilir ki, onu da mətbuatda yaymaq lazımdır. Onu yazmaq da həmin jurnalistdən elə də böyük səy, bacarıq tələb etmir”.
 
Ekspert press-reliz materiallarının televiziyalarımızı bərbad günə qoymasından da danışıb: 
 
“Əslində televiziyada, xüsusən də xəbərlərdə 6, maksimum 9 söz istifadə etməyə icazə verilir.  Demək olar ki, hər gün bizim televiziyalarımıza rəsmi xəbərləri dinləyirəm. Elə xəbərlər olur ki, 49, hətta 64 sözdən istifadə edilir. Onu səsləndirən aparıcının nəfəsi tükənir, başlayır səhv etməyə.  Adi televiziyada belə bəsit redaktə səhvləri var. Nə olsun ki, indi sizə rəsmi xəbərləri göndəriblər. Onu beləmi tamaşaçıya çatdırmaq lazımdır? Press- relizin dili çox halda rəsmi dəftərxana dilidir. Bu gün isə mətbuatda jurnalistika dili deyil, dəfətərxana dili daha çox yayılır. Auditoriya, oxucu, tamaşaçı o dili anlamır.  Bu dəhşətli bir şeydir.  Bunlar dilimizi elə günə salır ki... Biz bunun ziyanlarını görürük, gələcəkdə görəcəyik də. 

Bəzən görürük ki, mətbuat konfransalarına, tədbirlərə gələn jurnalistlər belə təşkilatçılardan press-reliz istəyirlər. Əslində orada baş verən problemi yazıb, konfrans iştirakçılarından məsələnin həlli ilə bağlı açıqlamalar almaq əvəzinə press-reliz yazırlar. Press-reliz jurnalistika işi deyil, bu birbaşa reklam işidir. Bizdə jurnalistikanı təbliğatdan ayırmaq ciddi bir işdir. Təəssüf ki, Azərbaycan jurnalistikası təbliğat, reklam bataqlığında batıb, gedir. Ona görə indi peşəkar jurnalistikadan danışmaq çox ağırdır. Azərbaycan jurnalistikasında insan yoxdur... Tunelin sonunda işıq yoxdur... Saytlarımız, qəzetlərimiz kriminal xəbərlərlə  planı doldururlar. Problemlərimiz çoxdur, tək dərdimiz press-relizlərdirmi?”.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top