Anım günündə Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın iştirakı ilə yürüş keçirildi — YAZI

SOSİAL 28 sen 2021, 18:27
Əsrlərdən bəri Azərbaycan xalqı erməni faşizmindən əziyyət çəkib. Azərbaycan torpaqlarında məskunlaşan yurdsuz ermənilər yerləşdikləri ərazilərdən yerli əhalini tədricən sıxışdıraraq öz tarixi torpaqlarından çıxartmağa nail olmuşlar. Azərbaycan torpaqlarında özlərinə Ermənistan adlandırdıqları dövlət yaratmışlar. Qədim İrəvan şəhərini isə Yerevan adlandıraraq paytaxt etmişlər. Bununla kifayətlənməyərək bütöv Azərbaycana sahib çıxmaq arzusu ilə hər dəfə Azərbaycan torpaqlarına hücum edərək qanlı facilələr törətmişlər.

1988-ci ildən isə azərbaycanlıları təhqir edərək, faciələr törədərək Ermənistan adlandırdıqları qədim Azərbaycan torpaqlarından tamamilə çıxartmışlar. Sonra isə doğma Qarabağımıza əl uzatmağa başlamışlar. Namərd ermənilər qəfil hücum edərək yerli, mülki əhalini atəşə tutmuş, qocaları, qadınları və körpə, günahsız uşaqları işgəncə ilə öldürmüş və yaxud əsir götürmüşlər. Bir sıra şəhər və kəndlərimizi dağıdaraq, od vuraraq yer üzündən silmişlər. Xocalı faciəsi törətmişlər.

Heç bir beynəlxalq təşkilatın qərarına məhəl qoymayaraq, yeni torpaq iddiasıyla təmas xəttlərini durmadan atəşə tutmuşlar. Mülki əhaliyə maddi və mənəvi ziyan vurmuşlar. Yaşayış evlərini intensiv atəşə tutmuş və bunun nəticəsində  onlarla dinc əhali həyatını itirmişdi.

Prezidentimiz Cənab İlham Əliyev dəfələrlə bu münaqişəni itkisiz, sülh yolu ilə həll etmək istəsə də erməni tərəfi buna razı olmamış, öz sərsəm “dənizdən dənizə” siyasətlərini həyata keçirmək arzusu ilə hərbi cinayətlər törətməkdən çəkinməmişlər.

Bir il əvvəl - 2020-ci ilin sentyabr ayının 27-də Ermənistan Azərbaycana qarşı hərbi təxribat törədərək, bizim döyüş mövqelərimizi və təmas xəttində yerləşən yaşayış məntəqələrimizi durmadan atəşə tutmuşdur. Bu quldurların qəfil, durmadan atəş etməsi nəticəsində xeyli sayda hərbçilərimiz və mülki əhali həlak olmuşdu. Ermənistan ordusunun bu qanlı cinayətinə cavab olaraq Azərbaycan Ordusunun genişmiqyaslı əks-hücum əməliyyatının başlanmasına dair tarixi qərar verildi. Azərbaycanda səfərbərlik elan olundu. Azərbaycanın vətənpərvər övladları vətəni namərd düşməndən təmizləmək, döyüşə getmək üçün, könüllü olaraq hərbi komissarlıqların qarşısında növbəyə durdular.
Ermənilər Azərbaycan xalqının gücünü, döyüşkənliyini, vətənpərvərliyini öz üzərlərində gördülər, hiss etdilər. 44 gün ərzində Azərbaycan əsgəri bir an belə geri çəkilmədi. Düşmənə nifrətlə yalnız irəlilədi və qələbə çaldı.

Bu müharibə, bu qələbə Azərbaycan xalqının şanlı zəfər tarixidir. Azərbaycan xalqı həm mənfur, qəddar düşmənə, həm də bütün dünyaya sübut etdi ki, Azərbaycan xalqı öz torpaqlarını qorumağa qadir olan qəhrəman xalqdır.

Ali Baş Komandanımızın uzaqgörən siyasəti, Ordumuzun, igid, vətənpərvər oğullarımızın sayəsində Azərbaycan öz tarixi ərazilərini bərpa etdi. Bu müharibəni hərbi-siyasi yolla həll etdi. Artıq “Dağlıq Qarabağ” deyilən inzibati ərazi yoxdur. “Dağlıq Qarabağ” münaqişəsi arxada qaldı.

Ali Baş Komandan İlham Əliyev: “Azərbaycan Ordusu şəhidlərin qanını aldı. Biz onların qisasını döyüş meydanında aldıq. Bu qələbəni bizə bəxş edən qəhrəman əsgər və zabitlərimiz bizim üçün qürur mənbəyidir. Onların qəhrəmanlığı, onların şücaəti, fədakarlığı artıq dastana çevrilib. Biz bundan sonra qalib ölkə, müzəffər xalq kimi yaşayacağıq və azad edilmiş torpaqları quracayıq, bərpa edəcəyik”.

Respublika Prezidentinin  Sərəncamı ilə Vətən Müharibəsinin başlandığı gün, sentyabr ayının 27-si Azərbaycanda Anım Günü kimi təsis edilmişdir. Eyni zamanda Ali Baş Komandanımızın qərarı ilə Bakıda şəhidlərimizin şərəfinə yaxın vaxtlarda Vətən Müharibəsi Memorial Kompleksi və Zəfər Muzeyinin inşa olunması nəzərdə tutulur. Bakının ən görkəmli yerində İkinci Qarabağ müharibəsinin qəhrəmanlarının şərəfinə möhtəşəm abidə ucaldılacaqdır.

Öz canını vətən torpağı uğrunda qurban verən şəhidlərimiz hər an qəlbimizdə yaşayacaq.

44 günlük Vətən Müharibəsinin ilk günlərindən bizə qardaş olan Türkiyə bizim yanımızda olmuş, bizdən heç bir yardımını əsirgəməmişdir. Bu, Azərbaycan Ordusunu və bütövlükdə xalqımızı qələbəyə daha da ruhlandırmışdır.

Bu gün işğaldan azad olunmuş torpaqlarımıza xarici qonaqlar, jurnalistlər gəlir. Onlar erməni faşizminin, erməni vandalizminin yaxından şahidi olurlar. Dağılan, yerlə yeksan olan şəhər və kəndlərimizi görən xarici qonaqlar bu mənzərədən dəhşətə gəlirlər.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: “Revanşizm yolverilməzdir, bu cür tendensiyalar Ermənistan dövlətçiliyinin sonunu gətirib çıxara bilər. Erməni faşizmi məhv edilib, ancaq onun təzahürləri görünməkdədir. Bu, çox təhlükəli tendensiyadır, ilk növbədə, Ermənistan dövləti üçün. Əgər biz görsək ki, erməni faşizmi baş qaldırır, əgər biz görsək ki, xalqımıza, dövlətimizə yeni təhlükə mənbəyi yaranır, heç tərəddüd etmədən erməni faşizminin başını daha da əzəcəyik. Bunu hər kəs bilməlidir”.
Müzəffər Ali Baş Komandan, Cənab Prezidentimiz İlham Əliyev və Respublikanın Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyevanın iştirakı ilə 27 sentyabr Anım Günündə Vətən müharibəsi zamanı həlak olmuş əsgər və zabitlərimizə, erməni faşistləri tərəfindən vəhşicəsinə qətlə yetirilən mülki vətəndaşlara və eləcə də itkin düşmüş soydaşlarımıza ehtiram əlaməti olaraq yürüş təşkil edilmişdi. Bu yürüşdə hər kəs əlində bir şəhidimizin şəklini tutmuşdu.

Həmin gün Dövlət Başçısı Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər Müzeyinin təməlqoyma mərasimində iştirak etmişdi.

Daha sonra Müzəffər xalqın Müzəffər Prezidenti İlham Əliyev və ölkəmizin Birinci xanımı Mehriban Əliyeva Dənizkənarı bulvara gələrək şəhidlərimizi bir dəqiqəlik sükütla yad etmişlər.

Həmçinin, Prezidentimiz və xanımı Fəxri Xiyabana gedərək Ümummilli Lider Heydər Əliyevin məzarını da ehtiramla ziyarət etmişlər.

Şəhla Ağbulud

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top