Yeni Qarabağ müharibəsi olacaqmı? — AÇIQLAMA


SOSİAL 27 sen 2021, 22:29
“Düz bir il bundan öncə erməni işğalçıları Azərbaycanın yeni torpaqlarını zəbt etmək məqsədilə irimiqyaslı hərbi əməliyyatlara başladılar. Buna cavab olaraq Ali Baş Komandan cənab İlham Əliyevin əmri ilə Azərbaycan silahlı qüvvələri bütün cəbhəboyu əks-hücuma keçdi və nəticədə ərazi bütövlüyümüz bərpa edildi, suverenlik, sərhədlərin toxunulmazlığı təmin olundu”.

Bu sözləri Bizim.Media-ya özəl açıqlamasında millət vəkili Elman Nəsirov səsləndirdi və əlavə etdi ki, Azərbaycan ilk növbədə tarixi qələbəyə imza atdı:
 
“Anım Günü ilə bağlı Prezidentin xalqa müraciətində vurğuladığı kimi, biz təkcə ərazi bütövlüyümüzü bərpa etmədik, yalnız Qarabağı geri qaytarmadıq. Eyni zamanda erməni faşizminin başını əzdik. Keçən bir il ərzində yeni tarix yazıldı, çünki biz müzəffər xalqıq, öz ləyaqətimizi qoruyuruq. Ən başlıcası isə ərazi bütövlüyümüzü təmin etmişik. Həm də bütün dünya da gördü ki, erməni vandalizminin, erməni barbarlığının mahiyyəti nədən ibarətdir”.

Deputat 30 illik işğal ərzində ermənilərin Qarabağdakı dağıdıcılıq siyasətinə də toxundu. Amma sırf bu mövzuda dayanmadı:
 
“1 il ərzində tarixi qələbəyə imza atmaqla 300-dən artıq yaşayış məntəqəsini geri qaytardıq. Noyabrın 8-də Şuşa şəhərinin azad olunması ilə Ermənistan öz məğlubiyyətini etiraf etməli oldu. Şuşa ilə eyni vaxtda 70 yaşayış məntəqəsi də azad edildi.

Belə olan halda düşmən noyabrın 9-dan 10-a keçən gecə təslim oldu və kapitulyasiya aktına imza atdı. Və bu keçən müddət ərzində əsas hədəfimiz işğaldan azad olunmuş ərazilərimizin bərpası və yenidən qurulması ilə əlaqədar məsələlərdir. Bu baxımdan, hədəfimiz insanların öz ata-baba yurduna qayıdışını təmin etməkdən ibarətdir. Qeyd olunan istiqamətdə çox ciddi işlər görülür. Prezident bir daha vurğuladı ki, bütün bu qələbələrimizə görə biz şəhidlərimizə minnətdarıq, onların ruhu qarşısında baş əyirik. Biz qazilərimizə minnətdarıq. Biz bütün zabit və əsgərlərimizə minnətdarıq ki, bu qələbəni təmin ediblər və onlar hər bir zaman bizim xatirəmizdə yaşayacaqlar”.

Elman Nəsirov Prezidentin Ermənistana sərt xəbərdarlığından da söz açdı:

“Əgər Ermənistan rəhbərliyi Azərbaycana qarşı yeni təxribatlara əl atarsa, belə olan vəziyyətdə düşmənə dərhal sarsıdıcı zərbə endiriləcək. Unutmasınlar ki, “Dəmir Yumruq” yerindədir, müharibə istəyirlərsə, müharibə olacaq”.

 


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top