Yeni Balaxanıya niyə qaz verilmir? — “Azəriqaz”dan AÇIQLAMA

SOSİAL 27 sen 2021, 17:30
Yeni Balaxanı ərazisinin sakinləri qazlarının tez-tez kəsilməsindən şikayətçidirlər. 

Sakinlər Demokrat.az-a bildiriblər ki, ərazidə həftənin bir neçə günü gündüz saatlarında qazın verilişi dayandırılır. Təbii qazın verilişi yalnız 18:00-dan sonra bərpa edilir:

“Hər dəfə qazın verilişi bərpa olunanda xətləri yoxlamaq üçün öncə hava vururlar. Sobanı yandırarkən, qaz yerinə hava gəlir. Bu isə sayğacların əlavə məsrəf yazmasına səbəb olur. “Azəriqaz”ın əlindən bizim mətbəxdə ocağımız yanmır. Camaat o qədər elektrikə yüklənir ki, ayın axırında hər kəs limiti keçmiş olur” -deyə sakinlər bildiriblər. 

Sakinlərin onu da qeyd ediblər ki, məsələ ilə bağlı dəfələrlə “Azəriqaz”-a şikayət olunub. Ancaq şikayətlərin heç bir faydası yoxdur.

Məsələ ilə bağlı “Azəriqaz” İstehsalat Birliyi ilə əlaqə saxladıq. Birliyin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev saytımıza açıqlamasında problemin ərazidə görülən işlərlə bağlı olduğunu bildirdi:

“Yeni Balaxanı qəsəbəsində dayanmalar Təmiz Qaz tərəfindən aparılan işlərlə bağlıdır. Ora 2000 abonentlik ərazidir, işlər ərazidə hissə-hissə bağlantılar aparılmaqla icra olunur. Buna görə də, qazın verilişində müəyyən fasilələr yaranır. Görülən işlər yalnız və yalnız abonentlərin təhlükəsiz və davamlı mavi yanacaqla təmin olunmasına xidmət edir. Bu işlər görülməsə, xətlər yoxlanmasa, yarana biləcək sızmalar onlar üçün təhlükə yarada bilər. Buna görə də, abonentlərdən anlayışlı olmaları xahiş olunur. Qısa zamanda məsələ tam həll olunacaq”.

Aygül Qarayeva
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top