Kiyevdə Anım Günü münasibətilə tədbir keçirildi — FOTOLAR

DİASPOR 27 sen 2021, 17:10
Ukraynanın paytaxtı Kiyevdə 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, şəhidlərimizə ehtiramın ifadəsi olan Anım Günü münasibətilə tədbir keçirilib.

“Report”un Şərqi Avropa bürosunun məlumatına görə, əvvəlcə Azərbaycanın Ukraynadakı səfirliyinin təşkilatçılığı ilə səfirliyin qarşısında sərgilənən Vətən Müharibəsi şəhidlərinin xatirə lövhəsi qarşısında toplanılıb.

Səfirliyin əməkdaşları, ukraynalı və bir sıra ölkələrin Kiyevdəki təmsilçiləri, GUAM Katibliyinin nümayəndələri, SOCAR-ın Ukrayna nümayəndəliyinin rəhbərliyinin, o cümlədən diaspor nümayəndələrinin iştirakı ilə Bakı vaxtı ilə qeyd olunan bir dəqiqəlik sükuta həmrəy olaraq şəhidlərin xatirəsi sükutla anılıb, ruhlarına dualar oxunub.

Şəhidlərin xatirə lövhəsi önünə iştirakçılar tərəfindən gül dəstələri düzüldükdən sonra səfir Elmira Axundova çıxış edərək bildirib ki, Müzəffər Ali Baş Komandan, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ordumuz 44 gün ərzində böyük qəhrəmanlıq göstərərək, işğal altındakı ərazilərimizi azad edib:

“Prezident İlham Əliyev 44 günlük Vətən müharibəsinin başlanmasının ildönümü ilə əlaqədar xalqa müraciətində dünyaya bir daha mesajlarını çatdırdı. Bəyan etdi ki, Azərbaycanda “Dağlıq Qarabağ” adlı inzibati ərazi mövcud deyil və əgər kimsə “Dağlıq Qarabağ” adlı ölünü diriltmək istəyirsə, onu öz ərazisində diriltsin. Bizim Yuxarı Qarabağ iqtisadi rayonumuz var. Müharibədə igid hərbçilərimiz Vətən uğrunda canlarından keçərək şəhidlik zirvəsinə yüksəliblər. Azərbaycan xalqı daima şəhidlərini ehtiramla anır”.

Səfirliyin akt zalında davam edən, Türkiyənin və Özbəkistanın Ukraynadakı səfirləri Yağmur Güldərə və Alişir Kurman, Qazaxıstan və Pakistan səfirliklərinin müşavirləri, Ukrayna ali təhsil ocaqlarının, yerli ictimaiyyət nümayəndələrinin də qatıldığı toplantıda Azərbaycanın Himni səsləndirilib. E. Axundova Azərbaycan Xarici İşlər Nazirliyinin Vətən Müharibəsinin ildönümü ilə bağlı bəyanatını oxuyub. 44 günlük Vətən müharibəsi ilə bağlı qısametrajlı videomaterial izlənilib.

Çıxış edən Türkiyənin Ukraynadakı səfiri Yağmur Güldərə, Ukrayna Milli Qvardiyasının mayoru, 1989-cu ildə Qarabağda xidmət etmiş Mixail Savalyuk, Birinci Qarabağ müharibəsinin iştirakçısı, ehtiyatda olan ukraynalı polkovnik Aleksey Şvarev, Azərbaycanın Ukraynadakı səfirliyinin hərbi atteşesi, polkovnik İlqar Ağayev və digərləri Vətən Müharibəsinin zəfərindən danışaraq şəhidlərin ruhunu yüksək ehtiramla yad ediblər. Tədbir iştirakçılarına “Xarı bülbül” rəmzli döş nişanı paylanıb.



Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top