Deputatlar AŞPA-nın payız sessiyasına gedir


XARİCİ SİYASƏT 24 sen 2021, 17:36
Milli Məclisin nümayəndə heyəti Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyasında iştirak etmək üçün sentyabrın 25-də Fransanın Strasburq şəhərinə səfər edəcək.

Demokrat.az xəbər verir ki, nümayəndə heyətinin tərkibinə parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, qurumdakı nümayəndə heyətimizin rəhbəri Səməd Seyidov və üzvləri - deputatlar Erkin Qədirli, Tural Gəncəliyev, Rafael Hüseynov, Niqar Arpadarai və Kamal Cəfərov daxildirlər.

Tədbirdə AŞPA-nın Büro və Daimi komitəsinin hesabatları təqdim olunacaq, Bolqarıstanda və Moldovada keçirilmiş parlament seçkilərinin nəticələri barədə məlumat veriləcək. Toplantıda sosial-iqtisadi bərabərlik, gender bərabərliyi, iqlim dəyişikliyi ilə bağlı tədbirlər, ətraf mühit və insan hüquqları və digər mövzularda fikir mübadiləsi aparılacaq.

Sessiyada, həmçinin Ermənistanla Azərbaycan arasında münaqişənin humanitar nəticələri ilə bağlı məsələ müzakirə olunacaq. 

Tədbirdə nümayəndə heyətimizin üzvü Kamal Cəfərov Genişləndirilmiş əməkdaşlığa və elektron sübutların açıqlanmasına dair Kibercinayətkarlıq Konvensiyasına 2-ci Əlavə Protokol layihəsini təqdim edəcək.

Payız sessiyası çərçivəsində qurumun komitələrinin və siyasi qruplarının iclasları da keçiriləcək. AŞPA-da nümayəndə heyətimizin üzvləri sessiyada müzakirəyə çıxarılan məsələlər barədə öz fikirlərini açıqlayacaq, rəy və təkliflərini verəcəklər. Səfər oktyabrın 2-də başa çatacaq.

Demokrat.az


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top