Ədalətdən qaçan, sülhə töhfə vermək istəməyən ABŞ

GÜNDƏM 22 sen 2021, 11:58
Rəsmi Vaşinqton müharibədən sonrakı dönəmdə sülh prosesinin diplomatik və qeyri-yollarla pozulmasına daha çox səfərbərdir; davamlı sülh onu az ilgiləndirir.

Məhz dünya dövlətlərinin 30 ilə yaxın davam edən ədalətsiz mövqeyi Dağlıq Qarabağ probleminin sülh müstəvisində boşuna araşdırılmasına gətirib çıxardı. Nəticədə Azərbaycan ötən ilin 27 sentyabr tarixində Qurtuluş Savaşına başlayaraq torpaqlarını işğaldan azad etmək məcburiyyətində qaldı. 44 günlük savaşdan sonra Ermənistan-Azərbaycan münaqişəsi 2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya prezidentləri və Ermənistan baş nazirinin birgə bəyanat imzalaması, uduzan tərəfin kapitulyasiya aktını qəbul etməsi ilə yekunlaşdı. Azərbaycan tarixi Qələbə qazandı, artıq Dağlıq Qarabağ adlanan ərazi subyekti mövcud deyil. Azərbaycan Qarabağ və Şərqi Zəngəzurda böyük quruculuq layihələri həyata keçirməkdə, düşmənin bu yurd yerlərimizə vurduğu yaraları sarmaqdadır. Münaqişə və müharibədən sonra yaranan yeni reallıq öz yerini sərhədlərin demarkasiyası və delimitasiyası, kommunikasiyaların açılması, sülh müqaviləsinin imzalanması kimi məsələlərə verib. Regionda əməkdaşlıq mühitini formalaşdırmaqla onun inkişafına təkan vermək üçün addımlar atılır.

Bəs, bu prosesə vaxtilə münaqişənin həlli ilə birbaşa məşğul olmaq görəvini daşıyan ATƏT-in Minsk Qrupunda təmsil olunan ABŞ hansı töhfələri verir?

Əfsus ki, müsbət nəsə söyləmək mümkün deyil. 

Məsələn, günlərdir ABŞ-ın Ermənistandakı səfiri Linn Treysi ardıcıl olaraq Dağlıq Qarabağ münaqişəsinin hələ həll olunmadığını və bu istiqamətdə səylər göstərilməsinin zəruriliyini dilə gətirir. ABŞ səfirinin simasında səslənən bəyanatlardan bu qənaətə gəlmək mümkündür ki, rəsmi Vaşinqton Cənubi Qafqaz regionunda sülhün bərqərar olmasında maraqlı deyil. Tam əksinə, bu cür açıqlamalarla münaqişənin yenidən alovlanmasına, Ermənistanda revanşizm meyllərinin daha da güclənməsinə və qalib gəlməsinə cəhdlər edir. Hər halda ABŞ səfirinin davamlı bəyanatlarına başqa ad tapmaq mümkün deyil.

ABŞ-ın ATƏT-in Minsk Qrupundakı həmsədrlərindən biri kimi 30 illik fəaliyyəti də əslində bu qənaəti möhkəmləndirir. Gəlin baxaq; ötən 30 ildə ABŞ güc mərkəzi, həmçinin həmsədrlərindən biri kimi hansı mövqedə olub? 

Təəssüf ki, ABŞ problemin ədalətli, beynəlxalq hüquq çərçivəsində həlli istiqamətində bir dəfə də olsun, əməli addıma müəlliflik etməyib. Danılmaz faktdır ki, rəsmi Vaşinqtonun bütün cəhdləri məsələnin konservasiyasına yönəlmişdi. ABŞ-ın Minsk Qrupunun həmsədri, həmçinin güc mərkəzi kimi mövqeyi çalışma görüntüsündən, 30 ilə yaxın dövrün hər ilinin başlanğıcında münaqişənin bu il həllini tapacagı kimi yalan vədlərindən uzağa getməyib. Həmsədr kimi fəaliyyətinin ana xəttini Ermənistanın davam edən işğalçılıq siyasətinə, Azərbaycan torpaqlarının talan olunmasına susmaq, Ermənistanın törətdiyi bütün biabırçılıqları və özbaşınalıqları görməzliyə vurmaq təşkil etməyibmi? Ötən dövrdə ATƏT-in Minsk Qrupunun Amerikadan olan nümayəndələrinin orta səviyyəli, heç bir səlahiyyətə malik olmayan, hətta öz rəhbərləri tərəfindən belə qəbul edilməyən şəxslər olması təsadüfi idimi?

Görünən odur ki, ABŞ dəyişməyib. Yoxsa, indiki mərhələdə davamlı sülh prosesinə öz potensialını ortaya qoymaq əvəzinə, gizli şəkildə Ermənistana himayədarlıq etməyə, yenidən münaqişə ocağı yaratmağa çalışmazdı. Hec bir şübhə qalmır ki, ABŞ müharibədən sonrakı dönəmdə sülh prosesinin diplomatik və qeyri-yollarla pozulmasına daha çox səfərbərdir; davamlı sülh onu az ilgiləndirir.  Vaşinqton daha çox erməni lobbisinin maraqlarını Cənubi Qafqaz regionuna daşımağa cəhd etməkdədir.

30 il passiv müşahidəçi, Minsk Qrupunun “ölü” həmsədri olan ABŞ bu gün belə mövqe nümayiş etdirmək, tələblər irəli sürmək üçün mənəvi haqqını çoxdan itirib. Bundan başqa, bu gün bütün dünya görür ki, ABŞ Suriya, Liviya, Əfqanıstanda iflasa uğrayıb, ən yaxın müttəfiqlərindən biri olan Fransaya xəyanət edib. Belə bir dövlətin düşdüyü mənzərə onun bu tipli iddialarla çıxış etmək haqqını itirdiyini ortaya qoymurmu? 

ABŞ Qarabağla bağlı mövqeyini dəyişməli, haqqın, ədalətin, beynəlxalq hüququn yanında durmalıdır. Əks təqdirdə, Azərbaycan hər hansı səviyyədə ATƏT-in Minsk Qrupu formatında keçirilən görüşlərdən imtina etməlidir. Çünki ABŞ-ın fəaliyyəti üzərinə götürdüyü vasitəçilik missiyası ilə bir araya sığmır.  

Zaman isə Azərbaycanın Qarabağ məsələsində düzgün mövqe secdiyini bir daha təsdiqləməkdədir...

Elman Babayev
Əməkdar jurnalist

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top