Rafiq Əliyev: “İranda yeganə səfirlik Ermənistan səfirliyidir ki, ölkəyə konyak keçirmək üçün icazəsi var”


GÜNDƏM 21 sen 2021, 15:49
“İran Azərbaycan-Ermənistan münaqişəsinin davam etməsində maraqlıdır, çünki İran qorxur ki, münaqişə olmasa, Azərbaycan Respublikası Cənubi azərbaycanlılara müəyyən qədər inqilabi təsir göstərəcək. Hesab edirlər ki, Ermənistan Azərbaycana basqınlar edər və təxribatlar törədərsə, Azərbaycanın başı qarışar. Gözəgörünməyən bu cür bəzi problemlər İranı Azərbaycanla təhdid dili ilə danışmağa vadar edir. Həqiqətən də, biz Vətən müharibəsi ilə bağlı məsələlərdə onlarla heç bir məsləhətləşmə aparmamışıq, sonra da bəzi iradlar bildirmişik. Belə xırda məsələlər böyüyür. Əlbəttə ki, bu məsələ çox böyüməli deyil, çünki nə İran bizlə, nə də biz İranla müharibə edən deyilik”.

Bunu Pravda.az-a açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Rafiq Əliyev deyib.

O bildirib ki, İranın təhdidlərinə göz yummaq lazımdır: “Vətən müharibəsində bölgədə münaqişə tərəflərindən başqa əsas rol oynayan iki dövlət var idi. İranın Türkiyə və Rusiya kimi mövqeyə malik olmaması onları müəyyən qədər qəzəbləndirdi. Yəni, onlar gördülər ki, bu məsələnin həllində kənarda qaldılar. Bu, birinci məsələdir. İkincisi isə İranla Ermənistanın əlaqələri tarixə söykənir. Hətta bəzi alimlərin fikrincə, ermənilərlə farsların gen qohumluğu var. İranda yeganə səfirlik Ermənistan səfirliyidir ki, ölkəyə konyak keçirmək üçün onların icazəsi var. Bütün başqa səfirliklər də gizlin şəkildə Ermənistan səfirliyindən həmin alkoqollu içkiləri alırlar. Nə Amerika, Nə İngiltərə – heç bir səfirliyə icazə olmadığı halda təkcə Ermənistana belə icazə vermək adi məsələ kimi görünsə də, mənası böyükdür. İranda yaşayan ermənilərin vəziyyəti azərbaycanlılarınkından daha yaxşıdır. Həmçinin onu da qeyd edim ki, İranda olan erməni turistlər azərbaycanlılardan daha çoxdur. Digər tərəfdən onu da qeyd etmək lazımdır ki, Ermənistanla Azərbaycanın münaqişədə qalması İrana sərf edir. Bu münaqişə İranlı azərbaycanlıları bizdən müəyyən qədər kənar saxlayır”.

Demokrat.az


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top