“Azərxalça” ilk dəfə Moskvada xalçalarını sərgilədi — FOTOLAR


İNCƏSƏNƏT 14 sen 2021, 15:13
İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı və Azərbaycanın  Rusiya Federasiyasında ticarət  nümayəndəliyinin də iştirakı ilə “Azərxalça” ASC öz məhsullarını Moskva şəhərində keçiriləcək “Heimtextil Russia 2021” sərgisində “Made in Azerbaijan” vahid ölkə stendində nümayiş etdirib. Qeyd edək ki, qədim sənət nümunəsi, milli irsimiz olan Azərbaycan xalçaları Moskvada ilk dəfə olaraq xüsusi milli stenddə nümayiş etdirilib.

2021-ci ilin sentyabr 14-16-da keçiriləcək Rusiyanın ev tekstili, interyer parçaları və dekor materialları sahəsi üzrə ən iri beynəlxalq “Heimtextil Russia 2021” sərgisində təkcə Rusiyadan deyil, digər ölkələrdən də şirkətlər qatılıblar. Sərgidə interyer və ev tekstili, xalçaçılıq, iplik istehsalı sahəsində fəaliyyət göstərən Azərbaycan şirkətləri “Made in Azerbaijan” brendi altında vahid ölkə stendi ilə təmsil olunub.  Sərgidə ənənəvi (klassik) Azərbaycan xalçaları ilə yanaşı “Azərxalça” nın son zamanlarda yerli və dünya bazarına çıxardığı yeni üslublu, modern xalçaları da nümayiş olunub. Tələbatı nəzərə alaraq Qarabağ xalçaları daha üstünlük təşkil edib. 

Bu gün Azərbaycan Respublikasının sərgidəki milli pavilionun  açılış mərasimi baş tutub. Mərasimdə Azərbaycanın Rusiya Federasiyasında ticarət  nümayəndəsi Ruslan Əliyev və “Azərxalça” ASC-nin İdarə Heyətinin sədri Emin Məmmədov rəhbərliyi ilə cəmiyyətin yaradıcı qrupu da iştirak edib.  

Məlumat üçün bildirək ki, Moskvanın düz mərkəzində yerləşən Mərkəzi Sərgi Kompleksi “Ekspocenter” də təşkil olunan sərgiyə hər il ümumi hesabla 17 min mütəxəssis baş çəkir. Digər illərdən fərqli olaraq  2021 -ci ildə “Heimtextil Russia” eyni vaxtda və bir məkanda “Interlight Russia | Intelligent building” və “Techtextil Russia” sərgiləri ilə birləşərək iştirakçıların məhsullarını – ev tekstili məhsulları, interyer parçaları, divar kağızları, boya, dekorativ işıqlandırma, ağıllı evlər üçün sistemlər və ev aksesuarları və s. nümayiş etdirmək üçün qlobal bir platforma yaradır.

Sərgi zamanı dizaynerlər və dekorativ sahə mütəxəssislərinin tekstil dizaynı və daxili dekorasiya ilə bağlı mühazirələri keçirib. Söhbət əsasən trendlər və yeni məhsullar üzərində qurulub. Avropa və Rusiyadan olan aparıcı dekorativlər, dizaynerlər, memarlar, mühazirə salonunda təcrübələrini və ən gözəçarpan layihələrini bölüşüblər.

Evlərin və ya mənzillərin interyerlərinə deyil, eyni zamanda restoranların, klubların, barların və digər iaşə obyektlərinin, həmçinin ofislər və sənaye binalarının təchiz olunmasına xüsusi diqqət yetirilib. 

Ölkəmizi və milli irsimiz hesab olunan xalçaları ölkə hüdudlarından kənarda təmsil edən komandamıza uğurlar arzulayırıq! 



Demokrat.az


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top