"Postlar qurulmadığı müddətdə bəzi şəxslər qanunsuz Qarabağa daxil olurdu" — Deputat

GÜNDƏM 14 sen 2021, 11:59
“Azərbaycanın Gorus-Qafan yolunda polis postu qurması ilə 21 km-lik ərazidə nəzarət tam bərpa olundu. Qanunsuz şəkildə Azərbaycan ərazisinə daxil olmağa çalışan, yaxud üçüncü ölkənin vətəndaşları bizim postlarımızda yoxlanılacaq”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Arzu Nağıyev bildirib.

Deputat Azərbaycanın Gorus-Qafan yolunda postlar qurmasını vacib addım kimi dəyərləndirib:

“Postların qurulmadığı müddətdə sülhməramlı qüvvələrin bəzi funksiyalarını yerinə yetirməməsindən istifadə edən şəxslər və ya digər ölkə vətəndaşları qanunsuz şəkildə Qarabağa daxil olurdular. Bununla da, qanunsuz və təyinatı məlum olmayan yüklərin daşınması həyata keçirilirdi. Bu baxımdan, düşünürəm ki, Gorus-Qafan yolunda postların qurulması vacib və təqdirəlayiq haldır. Həmçinin, bu addımın iqtisadi üstünlükləri də var. Bu, gələcəkdə Azərbaycan ərazisinə daxil olan yüklərdən rüsum almaq istiqamətində atılan addımdır. Həm təhlükəsizlik, həm iqtisadi və siyasi, həmçinin mənəvi baxımdan Azərbaycan postlarının qurulması olduqca müsbət haldır”. 

Millət vəkili qeyd edib ki, hazırkı məsələlər Azərbaycan və İran dövlətləri səviyyəsində həllini tapacaq:

“Düşünmürəm ki, bu hallardan başqa bizim İranla hər hansısa problemimiz olsun. Yəqin ki, bu məsələlər də dövlətlər səviyyəsində tənzimlənəcək. Artıq Prezidentin köməkçisi Hikmət Hacıyevlə İranın Azərbaycandakı səfirinin görüşü də baş tutdu və müzakirələr aparıldı. Bu, iki dövlət arasında tənzimlənə biləcək məsələdir. Sülhməramlılara gəlincə, artıq sülhməramlı qüvvələrin komandiri də dəyişdi. Sülhməramlılar Azərbaycanın ərazisində olduqlarını unutmamalıdırlar”.

Aygül Qarayeva
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top