Deputat: "Fransa Azərbaycana münasibətdə yol verdiyi yanlışlıqları düzəltməyə çalışır"

GÜNDƏM 10 sen 2021, 14:21
“Azərbaycanın yaratdığı yeni reallıqları qəbul edən qlobal aktorlarının, Avropa ölkələrinin sayı artır. Bu reallıqlar həm beynəlxalq hüquq baxımından, həm də gerçəkliyin bərpası baxımından olduqca tarixidir. Ona görə də, vaxtilə Azərbaycana münasibətdə fərqli mövqe nümayiş etdirən bəzi ölkələrin, o cümlədən 44 günlük müharibədə ədalətsiz davranışlar sərgiləyən Fransanın mövqeyi dəyişməkdədir və dəyişəcək”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib. 

Fransanın ərazilərin minalardan təmizlənməsi üçün Azərbaycana 400 min avro bağışlamaq istəyi ilə bağlı danışan deputatın fikrincə, Fransan bununla Azərbaycanın yaratdığı reallığı qəbul etdiyini ifadə edib:

“Azərbaycanın yaratdığı reallıqlarla hər kəs hesablaşmalıdır, bu, əslində beynəlxalq hüququn təntənəsidir. Beynəlxalq hüquqa hörmət edən, onun norma və prinsiplərinə sadiqlik göstərən hər bir aktor bu mövqeyi qəbul etməlidir. Bu baxımdan düşünürəm ki, Fransa vaxtilə Azərbaycana münasibətdə yol verdiyi yanlışlıqları düzəltməyə cəhd göstərir. Fransa ermənilər tərəfindən minalanmış ərazilərimizin təmizlənməsi prosesində iştirak etmək niyyətini ifadə etdi. Bu, Fransanın əvvəlki möqeyi ilə daban-daban zidd olmaqla yanaşı, həm də Qarabağın Azərbaycan ərazisi olduğunu etiraf etməsidir. Məlumdur ki, 44 günlük müharibə dövründə Fransa tərəfindən olduqca sərt və radikal fikirlər səsləndirilirdi. İndi isə gücün yaratdığı reallıq beynəlxalq hüquqla dəstəkləndiyi üçün Fransa bu addımı ilə yol verdiyi səhvləri düzəltməyə cəhd göstərir”. 

Deputat qeyd edir ki, Fransanın bu addımını həmçinin yeni proseslərdəki siyasi iştirakı kimi də qiymətləndirmək olar:

“Bütün hallarda beynəlxalq münasibətlər qarşılıqlı dialoq, tərəfdaşlıq və əməkdaşlıq mühitindən ibarətdir. Bu baxımdan, Fransanın addımını yeni dünya nizamında baş tutan diplomatik siyasi addım kimi qiymətləndirmək olar”.

Aygül Qarayeva
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top