Dənizdə batan gənc polis həmin gün dörd nəfəri ölümdən xilas edib — TƏFƏRRÜAT


SOSİAL 04 sen 2021, 17:10
Bakıda çimərlikdə boğulmaqda olan şəxsi sudan çıxarmaq istəyərkən həyatını itirən gənc polis əməkdaşı həmin gün dörd nəfəri ölümdən xilas edib.

Hadisə Xəzər rayonundakı “Mayak” çimərliyində baş verib. Əlahiddə Çevik Polis Alayının əməkdaşı, 21 yaşlı İbrahim Əlosmanov dənizə əslində çimməyə yox, təsadüfdən gedibmiş.

Məlumata görə, polis əməkdaşı sahildə olarkən dənizdə bir ailənin beş üzvünün boğulmaq təhlükəsilə üzləşdiyini görüb. Özünü itirməyən İ.Əlosmanov dərhal dənizə girib və ilk cəhddə ailənin iki üzvünü xilas edib. Daha sonra o, daha iki nəfəri ölümdən qurtararaq sahilə çıxarıb. Həmin vaxt xilas etdiyi şəxslərdən biri qəflətən epilepsiya keçirib və həmin şəxsin dili qatlanıb. Polis əməkdaşı bu prosesdə də özünü itirməyib və həmin şəxsin həyatını ikinci dəfə xilas edib.

Məlumatda bildirilir ki, İ.Əlosmanov dörd nəfəri xilas etdikdən sonra yorulub taqətdən düşsə də, xilas edilənlər daha bir nəfərin dənizdə batmaq təhlükəsində olduğunu deyib. Yorğun olmasına baxmayaraq, polis əməkdaşı yenidən dənizə girərək həmin şəxsi də xilas etmək istəyib. Amma İ.Əlosmanov yorğun və halsız olduğundan sonuncu şəxsi xilas edə bilməyib. Dənizdə gücdən düşən polis əməkdaşı boğulan şəxsi tutsa da onu dənizdən çıxarmağa gücü çatmayıb. Küləkli hava şəraiti nəticəsində yaranan dalğa hər ikisini dənizin dərin yerinə atıb və onlar xilas ola bilməyiblər.

Qəhrəman polisin atası da ötən il vəfat edib.(trend.az)



Demokrat.az


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top