Baba Vəziroğlu: “Şuşada olanda demək olar ki, yatmırdıq”

ƏDƏBİYYAT 03 sen 2021, 10:40
Şair, əməkdar incəsənət xadimi Baba Vəziroğlu Şuşa səfəri ilə bağlı AzNews.az analitik-informasiya portalına müsahibə verib.

Müsahibəni təqdim edirik:

- Baba bəy, ölkə başçısının iştirakı ilə Şuşaya baş tutan səfərdə mədəniyyət xadimləri arasında siz də var idiniz. İstəyərdik ki, Şuşa səfəri ilə bağlı təəssüratlarınızı bizimlə bölüşəsiniz.

- Çox səmimi deyirəm ki, Şuşa səfəri ilə bağlı təəssüratlarımı sözlə ifadə etməkdə çətinlik çəkirəm. Düşünürəm ki, sizdə mənim yerimdə olsanız bu çətinliyi yaşayarsınız. 39 il öncə , 1982-ci ilin qarlı yanvar günündə Şuşada Vaqif Məqbərəsinin açılışı olmuşdu. Gənc yeniyetmə yazıçı Baba Vəziroğlu da orada iştirak edirdi. Mən o vaxt Yazıçılar Birliyində çalışırdım. Bizim nümayəndə heyətinə dövrümüzün ən görkəmli siyasətçisi Heydər Əliyev başçılıq edirdi. Azərbaycan mədəniyyətinin, ədəbiyyatının bütün qaymaqları bu mərasimdə idi. Tale elə gətirmişdi ki, mən də orada iştirak edirdim. İndi isə 39 il sonra yenidən ədəbiyyatda mövqeyi olan yazıçı kimi mən o məqbərənin yeni açılışında, Vaqif Poeziya günündə iştirak edirəm. Bu təəssüratı demək mümkündürmü? Əlbəttə ki yox. Ulu öndərimizin siyasi, ideoloji kursunun davamçısı olan qalib Ali Baş Komandanın rəhbərliyi ilə təşkil olunan nümayəndə heyətində mən də varam. Bu səbəbdən doğurdan da çox qəribə hisslər, ikili duyğular keçirdim. 39 il öncəki günləri xatırlayaraq bu günün fərəhini yaşadım. Həm kədərləndim, həm qürurlandım. Əsl xoşbəxtliyin nə olduğunu anladım.



- Qeyd etdiyiniz kimi, həm 1982-ci ildə, həm də indi Şuşada Vaqif məqbərəsinin açılışında iştirak etmisiniz. O zamankı Şuşa ilə bugünkü Şuşa arasında hansı fərqləri gördünüz?

- O zaman biz Dağlıq Qarabağ Muxtar Vilayətinin bir parçası olan sovet Şuşasına getmişdik. Biz qonaq idik orada. O zaman Dağlıq Qarabağ rəhbərlərinin böyük bir əksəriyyəti, demək olar ki, hamısı erməni idi. Buna görə də biz orada özümüzü qonaq kimi hiss edirdik. Ancaq bu səfərimizdə biz ev yiyəsi idik. Özümüz qonaq qarşılayırdıq. Bu dəfə biz sözün bütün mənalarında azad Şuşaya səfər etmişdik. Qalib ölkənin yazarı, azad ölkənin ziyalısı kimi Şuşada olmaqdan ancaq qürur duymaq olar. Mən orada da qeyd etdim ki, möcüzələr ancaq nağıllarda olur. Real həyatda isə möcüzələri insanlar yaradır. Mən ona görə fərəhli idim ki, bu real möcüzəni bizə bəxş edən insanla yanaşı əyləşmişdim. Dəyərli Prezidentimizlə yanaşı oturmuşdum. Söhbət edirdik, fikirləşimizi bölüşürdük. Azərbaycan ədəbiyyatının ən nəhəng simalarında olan Vaqifin ruhunu yad etməyə gəlmişdik. Artıq 30 ildən sonra yenidən Şuşaya qədəm qoyurduq.