Sumqayıt Təmizlik Departamenti barəsində 5 akt tərtib olundu


HADİSƏ 30 iyl 2021, 21:16
““İstehsalat və məişət tullantıları haqqında” Qanuna və digər normativ-hüquqi aktlara uyğun olaraq tullantıların idarə edilməsinə, poliqonların idarəçiliyinə yerli idarəetmə orqanları, onların mənzil-kommunal idarələri cavabdeh və məsuldurlar. Ekologiya və Təbii Sərvətlər Nazirliyi yalnız nəzarət funksiyasını yerinə yetirir”. 

Demokrat.az xəbər verir ki, bunu Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə Sumqayıtda məişət tullantıları poliqonunda baş vermiş yanğınla əlaqədar danışarkən bildirib. 

O qeyd edib ki, aparılan nəzarət və inzibati tədbirlərlə yanaşı, dəfələrlə Sumqayıt Şəhər İcra Hakimiyyətinə və Mənzil-Kommunal İdarəsinə müraciətlər olunub:

“Ötən il Sumqayıt şəhər məişət tullantıları poliqonunda tullantıların düzgün idarə olunmamasına görə “Sumqayıt şəhər Təmizlik Departamenti” MMC-nin hüquqi şəxs qismində cərimə olunması üçün sənədlər Sumqayıt Şəhər Məhkəməsinə göndərilib. 2021-ci ilin 7 ayı ərzində isə “Sumqayıt şəhər Təmizlik Departamenti” MMC barəsində 5 akt, 2 inzibati protokol tərtib edilib və qərar çıxarılması üçün Sumqayıt Şəhər Məhkəməsinə müraciət olunub. Təəssüf ki, inzibati cəza tədbirləri ilə vəziyyət dəyişmir, sonsuzadək cərimə edilməsi də çarə deyil. Odur ki, yerli idarəetmə orqanları tərəfindən bu sahədə köklü dəyişikliklərin edilməsinə zərurət var”.

Xatırladaq ki, sosial şəbəkələrdə Sumqayıtda zibil poliqonunda tullantıların yandırılması və nəticədə şəhərin tüstüyə qərq olması ilə bağlı görüntülər yayılıb. Sakinlər havanın kəskin şəkildə çirkləndiyini bildirirdilər. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi ərazidə araşdırma aparıb və yanğının məişət tullantılarının düzgün idarə edilməməsi nəticəsində baş verdiyini aşkarlayıb. Faktla bağlı “Sumqayıt şəhər Təmizlik Departamenti” MMC-nin direktoru vəzifəli şəxs qismində 4800 manat məbləğində cərimə olunub. 


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top