Fəzail Ağamalı: “Arif Hacılı parlament sədri seçilən zaman Heydər Əliyevə səs verib”

GÜNDƏM 17 iyl 2021, 12:37
Müsavat başqanı Arif Hacılı öz Facebook profilində Türkiyədə səfərdə olan Milli Məclisin nümayəndə heyətinin mərhum prezident Heydər Əliyevi abidəsini ziyarət etdikləri fotonu paylaşıb. O, REAL Partiyasının deputatı Erkin Qədirlini Heydər Əliyevin heykəli önündə foto çəkdirməsinə görə qınayıb. Müsavat başqanı ziyarətdə iştirak edən Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadəyə də sataşıb. Status belədir: “Asim Mollazadə bura qədər uzun bir yol keçmişdi, Erkin Qədirli çox tez çatdı...”

Onun bu statusuna REAL-ın icra katibi Natiq Cəfərli cavab yazıb. Bundan sonra tərəflər arasında qarşılıqlı ittihamlar olub. N.Cəfərli E.Qədirlinin bu addımını kiçik səhv adlandırıb. Eyni zamanda Heydər Əliyevi hakimiyyətə AXC iqtidarının dəvət etdiyini xatırladıb. Bundan sonra hər iki siyasətçi arasında uzun-uzadı mübahisə yaranıb və qarışıqlı ittihamlar səslənib.

A.Hacılının statusundan çıxan nəticə odur ki, bir vaxtlar Heydər Əliyevə prezident deməyən, yazmayan indiki müxalifətin ötən əsrin 90-larından çıxan nəslinin mümayəndələrindən biri indi də onun heykəllərini ziyarət edənlərlə dalaşır. Bəs dövlətə rəhbərlik etmiş bir şəxsin heykəlinin ziyarət edilməsini qınamaq doğrudurmu? Deputatların Ankarada uyuyan Cümhuriyyətimizin banisi Məhəmməd Əmin Rəsulzadənin məzarını ziyarət etməmələri necə, düzgün addımdırmı?

Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı “Yeni Müsavat”a açıqlamasında öncəliklə A.Hacılı barədə danışdı: “Arif Hacılı bu gün varlığına və fəaliyyətinə görə Heydər Əliyevə minnətdar olmalıdır. Surət Hüseynov Gəncədə qiyam qaldırıb qısa zaman kəsiyində Nəvaidə yerləşərək ciddi bəyanatlar verəndə və Prezident Aparatını gülləbaran etməklə hədələyəndə orada heç kim qalmamışdı. Arif Hacılı da harasa qaçıb gizlənmişdi. Bunu yaxşı xatırlayıram. Bu hadisələrin tamam içərisində idim və həmin hadisələr gözümün önündə baş verirdi. Həyəcandan Arif Hacılının əlləri əsirdi, barmaqlarının arasında tutduğu siqaret onun barmaqlarını yandırırdı. Bunu heç hiss etmirdi. Körpə uşaq əzazil dədəsindən qorxduğu kimi, Arif Hacılı və digərləri də gizlənməyə deşik axtarırdı. Sonra nə oldu? Heydər Əliyev xalqımızın sarsılmaz iradəsinin ifadəsi ilə hakimiyyətə gəldi.

Arif Hacılı Heydər Əliyev siyasi hakimiyyətə gələndə Milli Şuranın sədri seçilən zaman lehinə səs verdi. Cəsarəti çatırdısa, əleyhinə səs verərdi, Heydər Əliyevin əleyhinə danışardı. Onlar bilirdilər ki, Heydər Əliyev gəlib onları Surət Hüseynovun dar ağacının kəndirindən xilas edəcək. Canlarının xilası naminə Heydər Əliyev amili ilə barışdılar. Bunlar baş vermiş hadisələrin xronikasıdır. Heydər Əliyev gəlib ölkəni fəlakətlərdən qurtardı, orda-burda gizlənənlərin Surətdən qorxuları var idi, həmçinin Arif Hacılının. Heydər Əliyev onlara heç nə etmirdi. Surət Hüseynovun qorxusundan diqqəti cəlb etməyən yerdə gizləndikdən bir neçə il sonra artıq Surət yola salınan, ölkədə qayda-qanun yaradılan zaman Arif üzə çıxdı.

Xatırlayıram ki, o zaman aeroport yolunda Hacılını saxlamışdılar. İndi o istədiyini edir, yazır, fikirlərini ifadə edir. Kimə gəldi, daşını atır. O daş mütləq bir gün bumeranq kimi onun başına dəyəcək. Heç kim ona heç nə demir. Bu dövlətin banisi olan Heydər Əliyevə ən çox minnətdarlıq etmək Arif Hacılı kimilərinin vicdani və çiyni üzərindədir. Bunu dərk edib, başa düşməlidirlər. Çox vicdanlı və kişiyana hərəkət olardı ki, Arif Hacılı kimiləri vicdanını təmizləyib, içərilərindəki kin-küdurəti yanlarına qoyub etiraf etsinlər ki, biz bacarmadıq, qabiliyyətimiz çatmadı, Heydər Əliyev gəlib bu dövləti qurdu, ona minnətdarıq. Amma bunu edəcək qədər vicdanları yoxdur".

Deputat yaranan əsas iki suala belə cavab verdi: “Türkiyəyə gedən həmkarlarımın Heydər Əliyevin heykəlinin qarşına gedib, gül çələngi qoyması onların vətəndaşlıq borcudur. Eyni zamanda Arif Hacılı kimilərinin bu, vətəndaşlıq borcudur. Özünü Azərbaycan vətəndaşı hesab etmirsə, ölkə vətəndaşlığından çıxsın, getsin Fransaya, o biriləri kimi. Gedib orada vaxtilə saxta partiya biletləri verdiyi siyasi mühacirlər kimi adını rəsmləşdirsin, özü üçün yaşasın. Bu cür sərsəm fikirlər qəbuledilən və Arif Hacılı kimilərə başucalığı gətirən deyil.

Məhəmməd Əmin Rəsulzadənin məzarını ziyarət etmək məsələsinə gəlincə, o, Azərbaycan xalqının tarixi şəxsiyyətlərindən biridir. Hər birimizin ona, onunla bərabər 1918-ci ildə Demokratik Cümhuriyyətimizi qurub yaradan, ona xidmət edən hər bir tarixi şəxsiyyətimizə böyük sayğımız, hörmətimiz və rəğbətimiz var. Onların ruhu qarşısında hər zaman baş əyirik. İndi nümayəndə heyəti hansı səbəbdən, nə üçün Rəsulzadənin məzarını ziyarət etməyib, onların verə biləcəkləri cavabdır. Heydər Əliyev sual ünvanlanacaq şəxsiyyət deyil, cənab Arif Hacılı". 

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev bildirdi ki, Rəsulzadənin məzarı ziyarət edilərdisə, bu, çox yaxşı olardı: “Əvvəla, onu deyim ki, bizim nümayəndə heyətinin protokol qaydaları var idi. Əgər ziyarət zamanı kimsə o qrupdan ayrılarsa, bu, doğru sayılmaz. Bu, dövlətə, dövlət ərkanına hörmətsizlik olar. Digər tərəfdən, əlbəttə, Ankarada olduqları müddətdə Məhəmməd Əmin Rəsulzadənin də məzarının ziyarət olunması çox yaxşı olardı. Əvvəldən razılaşdırma yolu ilə bunu rəsmi protokola da salmaq mümkün idi. Qeyri-rəsmi şəkildə də bunu etmək olardı. Bu, bizə lazım idi. Amma Heydər Əliyevin heykəlinin ziyarət olunması protokola salınıbsa, orada nümayəndə heyəti iştirak edibsə, buna irad bildirmək doğru deyil.

Birincisi, dünyasını dəyişmiş insanla mübarizə aparmazlar. İkincisi, kimin kim olmasından asılı olmayaraq, biz tarix yaşamışıq. Bu tarixdə mərhum prezidentlər Əbülfəz Elçibəy və Heydər Əliyev olub. İndi də ölkəyə rəhbərliyi İlham Əliyev edir. Bundan sonra başqaları da olacaq. İnsanların şəxsindən başqa bunlar həm də məqamdır. Biz tariximizə hörmətlə yanaşmalıyıq. Tarixin bir kəsimində ziddiyyətlər, fərqli düşünmələr ola bilər. Amma bunu ziyarət edib-etməmək kimi mübarizə forması seçmək uşaq hərəkətindən başqa bir şey deyil. Hesab edirəm ki, orada elə bir yanlışlıq yoxdur. Dövlət işini, protokol qaydalarını bilən adam düzgün  davranmalıdır. Amma o qınaqla da razıyam ki, imkan var idisə, Rəsulzadənin məzarı ziyarət olunmalı idi. Bunu nümayəndə heyəti etsəydi, çox sevinərdim. Tarixdə müharibələr zamanı çox ağır döyüşlər olub. Qarşı tərəfdən ölən bir zabit olanda  düşmən tərəfin zabiti onun yanına gəlir və hərbi salam verir. Yəni onun ölüsünə belə hörmət edir. Yazılmayan qaydalar var. Siyasi rəqabətdə dünyasını dəyişən adamla mübarizə aparmazlar".

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top