"Şuşada etimadnamənin təqdimatı olsa, çətin ki, hansısa ölkənin səfiri ora getməsin" — Azər Xudiyevlə MÜSAHİBƏ

MÜSAHİBƏ 16 iyl 2021, 14:02
Ukraynanın maliyyə nazirinin müşaviri, Harvard Universiteti nəzdində fəaliyyət göstərən Qara Dəniz Təhlükəsizlik Proqramı Mərkəzinin geosiyasi risklər üzrə analitiki, Azərbaycanın Ukraynadakı keçmiş səfiri Azər Xudiyevin Demokrat.az-a müsahibəsi: 

- Son günlər erməni hərbi birləşmələri Şuşa, Naxçıvan və digər istiqamətlərdən atəşkəsi pozmağa başlayıb. Sizcə, yenidən müharibə başlaya bilərmi?

 - Böyük təəssüf hissi ilə bildirmək istərdim ki, son zamanlar bu kimi halların baş verməsi regionda sülh ve stabilliyin nə qədər kövrək olduğunun göstəricisidir. 44 günlük müharibədən sonra, bölgədə yaranmış yeni geosiyasi reallıqlar bəzi region dövlətləri tərəfindən mütləq mənada birmənalı qəbul edilmir. Bu mənada, regionda möhkəm və davamlı sülhün formalaşması böyük şübhə altındadır. Həmin reallıqları danan və ya görməməzliyə vuranlar isə dövlətinə, millətinə xidmət etməkdən uzaq insanlardır. Əlbəttə, son zamanlar Ermənistan və onun havadarları tərəfindən bölgədə yaradılan gərginliyi nəzər alsaq, gələcəkdə münaqişənin daha qaynar fazaya çıxmasının şahidi ola bilərik.  Ümumiyyətlə, Ermənistan və onun hərbi-siyasi müttəfiqi olan Rusiya öz siyasi idarəetməsində gözlənilməz qeyri-konstruktivliyi ilə fərqlənir. Bu hadisələr onu bird aha təsdiqləyir ki, Azərbaycan və onun siyasi müttəfiqi Türkiyə regionda böyük sülhə hazır olsalar da, Ermənistan və Rusiya buna hazır deyillər.  Başqa cür desək, Ermənistan və Rusiya Azərbaycan və erməni xalqları arasında gerçək etimadın yaranmasına heç cür maraqlı deyillər. 

- Bir neçə gün öncə xarici diplomatların Şuşa və digər işğaldan azad olunmuş ərazilərə səfəri təşkil olundu. Ancaq ABŞ, Rusiya və Fransanın Azərbaycandakı səfirləri həmin səfərdən imtina etdilər. Bu addımın arxasında dayanan səbəbləri siz necə görürsünüz?

- Bilirsiniz , həyatda hər bir şeyin başlanğıcı olduğu kimi sonu da var. Bu konteksdə, diplomatik turlar ve səfərlər bir şəkildə sona çatmalıydı. Prinsip etibarı ilə, belə səfərlərin region, beynəlxalq ictimaiyyət üçün böyük siyasi və diplomatik əhəmiyyət daşıdığına inanmıram. Digər tərəfdən, belə görünür ki, bu səfərlər erməniləri və rusları çox qıcıqlandırır. Amma ATƏT-in Minsk qrupuna daxil olan üç ölkə səfirinin bu addımını hökümətimiz, ələlxüsus da, Xarici İşlər Nazirliyi üçün bir şillə kimi qiymətləndirmək olar. Diplomatik təcrübədə hazırlanan hər bir tədbir mütləq mənada nəyəsə hesablanır və onun nəticələri barəsində dərin təhlil aparılır. Bu mənada, indi Azərbaycana düşmən və qeyri-dost olan dairələr informasiya müharibəsində sözügedən məsələdən bizə qarşı məharətlə istifadə edəcək. Ona görə də, qıcıq yaratmamaq üçün gələcəkdə belə səfərləri təşkil edən mütəxəssislər məsələnin nəticəsini nəzərə alaraq, daha dərindən və ətraflı düşünməlidirlər. Unutmayaq ki, Azərbaycan savaşı qazanıb, lakin hibrid müharibə hələ də davam etməkdədir və informasiya müharibəsində ehtiyatı əldən verməmliyik. O ki qaldı bəzi səfirlərin həmin tədbirə qatılmamasına… Əminliklə deyə bilərəm ki, səfirlər bu kimi aksiya ve tədbirləri mütləq şəkildə öz mərkəzləri ilə razılaşdırır və ona müvafiq təlimat alınır. Zənnimcə, gələcəkdə Şuşada səfirlər üçün etimadnamənin təqdimatı olsa, çətin ki, hansısa ölkənin səfiri ora getməsin. Çünki etimadnamələrin verilməsi hər bir səfir üçün önəmlidir, önəmli dövlət tədbiridir. Ona görə də, onlar getməyə məcbur qalacaqlar və imtina edə bilməyəcəklər. Yaxşı diplomatik praktika olardı ki, gələcəkdə dövlət başçısı Şuşada səfiirlərin etimadnaməsini qəbul etsin. Məhz bu səfirləri də sıraya salmaq lazımdır ki, orada ABŞ-ın, Fransanın, Rusiyanın da səfirlərinə etimadnamə təqdim olunsun. Belə olan təqdirdə, səfirlərin getmək barədə fikirlərindən daşınacağına inanmıram. Ümumiyyətlə, hazırda Azərbaycan diplomatiyası qarşısında çox böyük və olduqca mürəkkəb vəzifələr durub. Bu münasibətlərdən çıxış edərək, regionda mövcud reallıqları nəzərə alaraq, diplomatiyamız tərəfindən ciddi yanaşmalar tələb olunur. Eyni zamanda, bu istiqamətdə substantiv ve təxirəsalınmaz işlər görülməlidir. Məsələn, Ermənistanın ve Rusiya sülhməramlılarının əməllərini nəzərə alaraq, müvafiq məsələni sentyabrda BMT- nin Baş Assambleyasının illik plenar iclasında beynəlxalq gündəmə çıxarmaq gərəkdir. Ölkəmiz müraciət ünvanlayaraq, ABŞ və Qərbin də bu məsələlərdə aktiv iştirakına ve diplomatik fəaliyyətin gücləndirilməsinə nail olmalıdır. 

- Azərbaycanda belə çağırışlar var ki, işğaldan azad olunan ərazilərimizdə, xüsusilə, Laçın dəhlizində mütləq Türkiyə və Pakistan sülhməramlıları da dayanmalıdır və sairə. Bu məsələnin reallıq dərəcəsi nə qədərdir?

- Birincisi, bu qəbildən  olan məsələlər beynəlxalq təhlükəsizlik kontekstində mürəkkəb bir prosesdir ve onu həyata keçirilməsi üçün geniş ve çox gərgin diplomatik iş aparılmalıdır. Yəni, konkret, aydın və beynəlxalq hüquqa və təcrübəyə əsaslanan konseptual təklif ve strateji plan işlənib hazırlanmalıdır. Demək istədiyim odur ki, hər şey mümkündür. Bu gün Qarabağda Ermənistanın hərbi-siyasi müttəfiqi və eləcə də, strateji tərəfdaşı Rusiya sülhməramlıları özlərini əraziyə dürtərək yerləşdiribsə, o zaman düzgün balansın təmin edilməsi məqsədilə, nədən Azərbaycanın müttəfiqləri orada yerləşdirilməsin? İkinci məsələ ondan ibarətdir ki, 44 günlük savaşdan sonra artıq eyforiya durumu geridə qalmaqdadır və Azərbaycan cəmiyyəti artıq aydın başa düşür ki, ermənilər və onların havadarları süni şəkildə təxribatlar törədərək, məsələni sülhə yox, məhz yeni münaqişəyə  doğru sürükləyirlər. Bu, indiki halda, milli idrak və təfəkkürün oyanışı baxımından olduqca vacib amildir”.

Zaur Hacılı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top