Deputat: "Qoşulmama Hərəkatının Azərbaycana qarşı mövqeyi İlham Əliyevin diplomatik uğurudur"

GÜNDƏM 14 iyl 2021, 12:32
“2016-cı ildə təşkilatın üzvlərinin yekdil səsverməsi nəticəsində Azərbaycanın hərəkata sədr olması barədə qərar qəbul edildi. Azərbaycan 2019-cu ildən Qoşulmama Hərəkatına sədrlik etməyi öz öhdəsinə götürdü. Bu, prezidentin həyata keçirdiyi siyasətin növbəti təzahürü idi”.

Bu sözləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib.

O, Qoşulmama Hərəkatına rəhbərliyi dövründə Azərbaycanın əhəmiyyətli qlobal fəaliyyət planı həyata keçirdiyini bildirib:

“Azərbaycan təşkilata sədrlik etməyə başlayarkən, prezident İlham Əliyev Zirvə Görüşündə Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatının dünyanın ən nüfuzlu beynəlxalq təşkilatına çevrilməsi üçün bütün səylərini əsirgəməyəcəyini bildirdi. Keçən dövr onu göstərdi ki, doğrudan da Qoşulmama Hərəkatı BMT-dən sonra ikinci ən böyük və ən nüfuzlu təşkilata çevrilməyi bacardı. İstər pandemiya dövründə birgə fəaliyyətin həyata keçirilməsi, istər dünyaya yeni çağırışların həyata keçirilməsi baxımından təşkilatın və ona rəhbərlik edən Azərbaycanın böyük rolu oldu. Həmçinin Vətən müharibəsi dövründə təşkilatın mövqeyi və yanaşması beynəlxalq hüququn təzahürü idi”.

Deputat Qoşulmama Hərəkatının BMT-də Azərbaycan əleyhinə qəbul edilməsi nəzərdə tutulan qərəzli qətnaməyə qarşı çıxmasının Azərbaycanın yürütdüyü düzgün xarici siyasətin bəhrəsi olduğunu bildirib:

“Biz Azərbaycan diplomatiyasının uğurlu siyasətini BMT-nin Təhlükəsizlik Şurasının bəzi üzvlərinin qərəzli qətnamə qəbul etmək cəhdlərinin qarşısının alınmasında da gördük. BMT-nin daha əvvəl qəbul etdiyi dörd qətnaməni nəzərə almayıb, yeni qərəzli qətnamə qəbul etmək cəhdinə Qoşulmama Hərəkatının 7 üzvü qarşı çıxdı. Həmin üzvlər təşkilatın prinsiplərinə uyğun olaraq, bu cəhdlərə qətiyyətlə etiraz etdilər. Həmin vaxt Təhlükəsizlik Şurasının üzvləri, güc dövlətlər sözügedən 7 üzvə böyük təzyiq göstərməyə çalışdılar. Lakin bütün bunlara baxmayaraq, həmin ölkələr prinsipiallıq nümayiş etdirərək, qətnaməninin qəbul edilməsinin qarşısını aldılar. Vətən müharibəsi dövründə belə qətnamənin qəbul edilməsi Azərbaycana qarşı böyük siyasi təzyiq demək idi. Bunun qarşısının alınması müharibə dövründə Azərbaycanın beynəlxalq mövqeyinə böyük müsbət təsir göstərdi. Qoşulmama Hərəkatının Azərbaycana qarşı mövqeyi İlham Əliyevin diplomatik uğurudur. Bu, prezidentin BMT-dən sonra ikinci ən böyük təşkilata uğurla rəhbərlik etməsinin və məqsədyönlü siyasətinin nəticəsidir. Prezidentin yürütdüyü siyasət beynəlxalq sistemdə öz nəticəsini verdi”.

Aygül Qarayeva
Demokrat.az



 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top