Böyük tarixi hadisələrin təməli

GÜNDƏM 14 iyl 2021, 11:14
Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Birinci katibi seçilərək (14 iyul 1969-cu il) respublikanın rəhbəri olmasından 52 il ötür.

Heydər Əliyev birinci dəfə hakimiyyətə gələndə, yəni 1960-cı illərin axırlarında da Azərbaycan iqtisadi və mədəni tənəzzül dövrünü yaşayırdı. O, qısa müddətdə cəmiyyət həyatının bütün sahələrində sürətli yüksəlişə, milli ruhun inkişafına və mənəviyyatın tərəqqisinə nail ola bildi.

Onun 1969-1982-ci illərdə Azərbaycana rəhbərlik etdiyi dövrdə görülən işlərə diqqət etdikdə açıq-aşkar görünən bir xətt var:

▪️milli özünüdərk duyğularını ideoloji sistemin keçmiş buxovlarından xilas etdi;  

▪️xalqın tarixi yaddaşını özünə qaytardı;

▪️ milli ruhu hədsiz yüksəliş mərhələsinə çatdırdı; 

▪️milli dövlətçilik ideyasının gələcəkdə böyük hərəkətverici qüvvəyə çevrilməsi üçün münbit şərait yaratdı;

▪️dövlət idarəetmə strukturlarında çalışan məmurların azərbaycanlı olmasına xüsusi diqqət yetirdi.

Bir 8 nəfər və ayaqüstə duran insanlar şəkili ola bilər

Heydər Əliyev təkcə iqtisadiyyatda, mənəvi, siyasi sahələrdə deyil, mədəniyyət sahəsində də ciddi addımlar atırdı. Totalitar sistemin elm və mədəniyyət xadimlərinə, ziyalılara qarşı ağır təzyiqləri, təqib və təhdidlərinə rəğmən, məhz O,  Azərbaycanda yaradıcı insanlar üçün əlverişli, rahat mənəvi-psixoloji şərait yaratdı. Bu şərait sərbəst düşünmək və düşündüyünü tam ifadə edə bilmək, alt qatda isə milli-mənəvi ideyalar, Azərbaycanın dövlətçilik tarixində suverenliyi, müstəqilliyi təmin edən dəyərlərə aparan yolları tapmaq imkanı verirdi.

Paralel olaraq çox sayda memarlıq abidəsinin bərpası həyata keçirilirdi və Bakı yenidən qurulurdu. Ən görkəmli yerlərdə xalqımızın milli varlığının daşıyıcısı olan böyük insanların əzəmətli heykəlləri ucaldıldı və böyük tarixi şəxsiyyətlərin ev muzeyləri yaradıldı.

Eyni zamanda, kənd təsərrüfatı dirçəldildi, pambıq, üzüm, tərəvəz istehsalı dəfələrlə artdı və kənd əhalisinin güzəranı yaxşılaşdı.

Milli hərbçi kadrların hazırlanması Heydər Əliyevin öz ölkəsi üçün etdiyi xidmətin bəlkə də ən başında gəlir. Hər zaman sağdan-soldan təhlükə, təhdid yaşayan Azərbaycan üçün  milli hərbçilərin yetişməsi mütləq məsələ idi, bu, olmadan ölkənin mühafizəsindən danışmaq çətindir.

Bir 9 nəfər, ayaqüstə duran insanlar, abidə və açıq hava şəkili ola bilər

Heydər Əliyev Azərbaycanı nə qədər sevirdisə, onun dilinə də o şəkildə vurğun və incəliklərinə bələd bir şəxsiyyət idi. Hakimiyyətə gəldiyi ilk günlərdən Azərbaycan dilinə xüsusi yanaşma sərgiləyirdi, bu dili mükəmməl bilən gənclik yetişdirirdi. 1978-ci il Konstitusiyasında Azərbaycan dilinin dövlət dili status kimi təsbit olunması heç də təsadüfi addım deyildi. Bu, elə bir dövrdə edilmişdi ki, onu hər siyasətçi bacara bilməzdi...

Heydər Əliyevin 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkədə müstəqil dövlət təsisatlarının yaranması və dövlət quruculuğu prosesi böyük vüsət aldı. Hakimiyyətdə olduğu illərdə Heydər Əliyev Azərbaycanı iqtisadi inkişaf, siyasi, demokratik təkamül relsi üzərinə əbədilik qoya bildi. Başqa sözlə, öz vətənində əsl dövlət idarəçiliyi məktəbi yaratdı.

Müstəqil Azərbaycan xalqının bundan sonrakı dönəmində bu böyük məktəb daim baza rolunu oynayacaq və yalnız Heydər Əliyevin qoyub getdiyi yol ölkəmizin inkişafına, xalqımızın rifahı naminə faydalanmağa, müstəqilliyi əbədi yaşatmağa imkan verəcək. Bu gün doğma Qarabağımıza qovuşmağımızın əsasında da məhz Heydər Əliyev yoluna sadiqlik dayanır...

Elman Babayev
Əməkdar jurnalist
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top