Əli Nağıyev: “Kibercinayətkarlıq ölkələr üçün təhdidlərdən biridir”

GÜNDƏM 14 iyl 2021, 10:01
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) “Bilgəh” İstirahət mərkəzində “Kiber düşərgə - 2021” adlı yay məktəbinin açılışı keçirilib.

Demokrat.az xəbər verir ki, iyulun 17-dək davam edəcək və tanınmış təlimçilərin də cəlb olunduğu tədbirin keçirilməsində əsas məqsəd proqramlaşdırma, əməliyyat sistemləri, sosial media platformaları, robot texnologiyası sahələrində fundamental bilik və praktiki bacarıqlara malik məktəblilərin seçilməsi və onlara erkən yaşlarından kibertəhlükəsizlik sahəsi üzrə vərdişlərin aşılanmasıdır.

Əvvəlcə kiber düşərgə iştirakçıları Fəxri xiyabana gələrək müasir Azərbaycanın qurucusu və banisi Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini dərin ehtiramla yad etmiş, məzarı önünə gül dəstələri düzüblər,

“Kiber düşərgə - 2021” adlı yay məktəbinin İstirahət mərkəzinin akt zalında keçirilmiş açılışında DTX-nin rəisi general-polkovnik Əli Nağıyev, Prezidentin köməkçisi, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev, təhsil naziri Emin Əmrullayev, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (VXSİDA) sədri Ülvi Mehdiyev, Elektron Hökumətin İnkişafı Mərkəzinin (EHİM) direktoru Fariz Cəfərov, DTX-nin kollegiya üzvləri və struktur bölmələrinin rəhbər şəxsləri, 12-15 yaş arası yeniyetmələrdən ibarət düşərgə iştirakçıları və onların valideynləri iştirak ediblər. 

DTX-nin aidiyyəti sahə üzrə məsul əməkdaşı kiber düşərgə barədə ətraflı məlumat verdikdən sonra iştirakçıları salamlayan DTX-nin rəisi general-polkovnik Əli Nağıyev tədbirin əhəmiyyətini vurğulayaraq bildirib ki, hazırda kibercinayətkarlıq ölkələrin milli təhlükəsizliyinə yönələn əsas təhdidlərdən biridir və bu da öz növbəsində kibertəhlükəsizlik sahəsində yüksək ixtisaslı kadrlara olan tələbatı daha da artırır. 

Daha sonra DTX-nin aidiyyəti sahə üzrə məsul əməkdaşının təqdimatında kibertəhlükəsizliklə bağlı slayd-şou nümayiş olunub. 

Tədbir yeniyetmə iştirakçıları maraqlandıran suallar ətrafında panel müzakirələrlə davam edib, xaricdə yaşayan, informasiya texnologiyaları sahəsində qabaqcıl şirkətlərlə çalışan mütəxəssislərin onlayn çıxışları dinlənilib.

Tədbir iştirakçıları istirahət mərkəzinin ərazisində təşkil edilmiş innovativ texnologiyaların sərgisi ilə tanış olduqdan sonra DTX-nin Mədəniyyət Mərkəzi tərəfindən hazırlanan konsert proqramına tamaşa ediblər.







Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 apr 2024, 13:03
Top