Bütün cəmiyyət mətbuat dələduzları ilə mübarizədə aktiv olmalıdır

GÜNDƏM 13 iyl 2021, 15:52
Media sahəsində islahatar milli mətbuatın müasir standartlara uyğunlaşmasına şərait yaratmalı, “reket jurnalistikanı” tam sıxışdırmalıdır.

Son bir həftədə jurnalistika adına ləkə gətirən, heç bir çərçivəyə sığmayan xəbərlərin şahidiyik. Birinci halda şəhid ailələrindən pul alaraq çəkiliş edən jurnalistlər, ikinci halda isə baş həkimdən pul alan “reket jurnalistlər” həbs edilib. 

Hər iki hadisə ilə bağlı müvafiq hüquqi prosedurların icrası həyata keçirilməkdədir və bununla bağlı hüquq-mühafizə orqanlarının rəsmi məlumatları yayımlanıb. 

Yaşananlar illərdir “reket jurnalistika” ilə mübarizə istiqamətində atılan müxtəlif addımlara ümumi qiymət vermək imkanı yaradıb. Ötən dövrdə mətbuatın bu ləkədən xilas olması üçün müxtəlif yollara baş vurulub. Və yaşananlar prosesin nəticəsizliyinin əyani göstəricisidir. Bu, o deməkdir ki, bütövlükdə cəmiyyətin bu mübarizədə aktiv olması olduqca önəmlidir. 

Ən əsası isə qanunvericiliyin üzərinə düşən işdir - təsadüfi adamların sayt açmasını, hansısa media subyekti yaratmasını mütləq və mütləq əngəlləməlidir. Hazırda bu sahədə ciddi boşluq var. Ölkədə fəaliyyət göstərən mətbu qurumların sayı ifrat həddə çatıb. Buna sevinmək olardı. O halda ki, onlar həqiqətən əsl mətbuat subyekti kimi fəaliyyət göstərsinlər. Əslində isə onların bir qisminin adını ancaq “reket jurnalistika” ilə bağlı hansısa xəbərlər olduqda eşidirik. Bir qismi mətbuata xas hər hansı fəaliyyətlə məşğul deyil. Yalnız adı olan həmin saytlar başqa-başqa əməllərə qurşanıb. Hətta ali təhsili belə olmayan baş redaktorların olması ilə bağlı xəbərlərə rast gəlməkdəyik. Sayı, hardasa 5 mini ötən KİV-lərin bəlkə də cəmi 100-ü fəaliyyətdədir. Hamının gündə izlədiyi saytların sayı 20-ni ötmür. Bəs bu minlərlə KİV harada fəaliyyət göstərir və ya göstərirmi?

Bu gün mətbuat sahəsində aparılan islahatların əsas hədəflərindən biri də mütləq bu olmalıdır! Media sahəsində islahatar Azərbaycan mətbuatında yeni səhifə açmağa hədəflənməli, proses  pozitiv keyfiyyət və kəmiyyət dəyişikliyi ilə yanaşı, milli mətbuatın müasir dünya standartlarına uyğunlaşmasına şərait yaratmalı, “reket jurnalistikanı” tam sıxışdırmalıdır. Belə mətbuatla mübarizə tələbi hər gün baş verən  çirkin bir olayla daha da artır.   

İlkin siqnallar onu deməyə əsas verir ki, bir sıra yeni mexanizmlər mətbuat sahəsində məhz peşəkarların, öz peşəsinə vicdanla yanaşanların daha önə çıxmasına, təsadüfi adamların bu sahədən kənarlaşmasına hesablanıb. Bütün hallarda qanunvercilikdə müəyyən tələblər olmalı və bu sahəyə yad adamların ayaq açmasını dayandırmalıdır. 

Zaman-zaman “reket jurnalistika” ilə bağlı ictimai qınaq pik həddə çatsa da, ciddi nəticə qazanılmayıb. Nəhayət zamanı çatıb ki, bütövlükdə cəmiyyət bu hallarla mübarizədə səfərbər olsun və konkret addımlar atılsın. 

Hakimiyyət açıq formada bəyan edib ki, Azərbaycanda müasir tərtibata malik, geniş texniki imkanları olan, jurnalistə yaxşı əməkhaqqı ödəyən və ən mühümü ictimaiyyətin maraqlarına cavab verən mətbuat orqanları yaranmalıdır. Cəmiyyətin gözləntisi budur!

Elman Babayev
Əməkdar jurnalist
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top