Mediada səliqə-səhman yaratmağa qanunun gücü ilə başlamaq lazımdır

MEDİA 09 iyl 2021, 14:34
Azərbaycanın media məkanı “reket” jurnalistlərdən təmizlənməlidir. Bu şüara dönmüş cümlə illərdir gündəmi zəbt edib. Elə həftə, ay, il olmaz ki, bu məsələ gündəmə gəlməsin. Nəticə varmı? Xeyr! Əksinə daha da pis vəziyyətlə qarşı-qarşıyayıq. Hətta bu günlərdə şəhid ailələrindən pul alan jurnalistlərin belə olduğunu eşitdik...

Deməli illərdir, gedən müzakirələrin, ictimai qınağın heç bir effekti yoxdur və olmayacaq da. 

Yeganə çıxış yolu qanunvericiliklə müəyyən tənzimlənmələrin həyata keçirilməsidir. Bu tənzimləmə sosial medianı da əhatə etməlidir. Yeni “Media haqqında” qanun mütləq və mütləq mətbuat sahəsində yaranan bataqlığa son vermək üçün konkret mexanizmləri özündə ehtiva etməlidir.  Digər qanunvericilik aktlarında da müəyyən dəyişikliklər edilməsi mümkündür. Qanunvericilklə tənzimləmə olmasa, digər addımlar heç bir təsirə malik olmayacaq və görülən iş “Həsən keçəl Keçəl Həsən” məsəli ilə tamamlanacaq...

Mətbuat bu duruma necə düşdü?

Birincisi, bunun səbəbini Azərbaycanda internet azadlığının yaratdığı hüdudsuz sərbəstlikdə axtarmaq lazımdır. 

İkincisi, media qurumu, hansısa sosial media subyekti yaratmaq olduqca sadədir, hər hansı nəinki ciddi, elementar mane də yoxdur. 

Əsasən bu iki səbəb mətbuata kriminal ünsürlərin belə ayaq açmasına imkan yaradıb. Ən pisi odur ki, yaranmış mühit dövlətçiliyə belə zərbə vurmaq həddinə çatıb. Müəyyən spektr bundan bəhrələnərək cəmiyyətdə gərginlik ab-havasını daha da artırmaq üçün etdiyi cəhdləri bir az da intensivləşdirib. Hakimiyyətin atdığı addımlara, həyata keçirdiyi islahatlara kəskin münasibət göstərilərək cəmiyyətdə radikallıq niyyətlərinə xidmət edən acıq fəaliyyət ortaya qoyulur.  

Elə başa düşülməsin ki, atılacaq addımlar azad  mətbuatın, peşəkar, illərini bu sahəyə vermiş jurnalistlərin fəaliyyətini əngəlləməlidir. Tam əksinə. Mətbuat sahəsində tənzimləmə peşəkarların daha üzdə olmasına təkan verməlidir. Fəaliyyət azadlığından sui-istifadə edərək, informasiya şantajlarına əl atan, reketçiliklə məşğul olanların isə çevrəsini daraldıb, yox etməlidir. Bu gün “reket jurnalistika”ya bulaşan şəxslər peşəkarlıq, məsuliyyət, habelə, jurnalistikanın digər keyfiyyət göstəricilərindən uzaq olduqlarını nümayiş etdirirsə, iyrənc üsullara əl atırlarsa, buna seyrçi qalmaq olmaz. 

Bu günlərdə Mətbuatın İnkişafı Agentliyinin (MEDİA) açıqladığı məlumatlar da vəziyyətin nə dərəcədə açınacaqlı olduğunu göstərir. Müsabiqədə qalib olmaq üçün işçiləri ilə əmək müqaviləsi bağlayıb müsabiqəyə sənədlərini təqdim etdikdən sonra əməkdaşlarını dərhal işdən çıxaran baş redaktorlar, ailə üzvləri ilə birlikdə 1 otaqlı mənzildə guya 3 işçisi ilə hər gün gecə-gündüz xəbər istehsal edən, sahibkarlıq subyekti olaraq fəaliyyət kodu əczaçılıq olsa da, VÖİN-ini media subyekti kimi qəbul etdirməyə çalışan və bu baş verməsə MEDİA-nı biabır edəcəyi ilə təhdid edən şantajçılar olub (MEDİA-nın rəsmisi Rüstəm Əbülfətoğlunun AFN.az saytına müsahibəsindən). 

Vəziyyət aşağı-yuxarı belədir. Mətbuat sahəsi təhqir, böhtan, kimlərinsə qaranlıq məqsədlərinə xidmət edən çirkin kampaniyaların geniş  vüsət aldığı sahə olmamalıdır. Bunun qarşısı mütləq alınmalıdır. Sosial şəbəkələrin, medianın “virtual terror” platformasına çevrilməsi daha ağır nəticələr doğuracaq. Necə ki doğurmaqdadır...

Peşəkarların gözü və ümidi yeni media qanununadır. Qanun mediada səliqə-səhman yaratmağa bundan artıq gecikməməlidir...

Elman Babayev
Əməkdar jurnalist
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top