Deputat: "İnanıram ki, media haqqında yeni qanun daha mütərəqqi layihə olacaq”

GÜNDƏM 08 iyl 2021, 11:22
“Açığı, hələ qanun layihəsi ilə tanış deyiləm. Ona görə də, geniş fikirlərə, təhlillərə sahib deyiləm. Amma inanıram ki, media haqqında yeni qanun daha mütərəqqi layihə olacaq”.

Bu sözləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Aqil Abbas deyib.

O, media haqqında yeni qanunun qəbulunu zərurət edən amillərə toxunub:

“Zaman dəyişdikcə qanunların da dəyişməsinə ehtiyac yaranır. Son illərdə media da çox dəyişib, yeniliklərə ehtiyac yaranıb. Zaman-zaman yeni qanunlar qəbul edilir və ya mövcud qanunlar təkmilləşdirilir. Zamana, dövlətin inkişafına, xalqın tələblərinə uyğun qanunlarda dəyişikliklər edilir, yeni qanunların qəbulu gündəmə gəlir. Media haqqında əvvəlki qanun qəbul olunanda vəziyyət daha fərqli idi. Saytlar indik vəziyyətdə deyildi, internet kanalları demək olar ki, yox idi, xəbər agentlikləri bu qədər genişlənməmişdi. Görünür, yeni qanunda bu dəyişikliklərin hamısı nəzərə alınacaq və əksini tapacaq. Hazırda qanun layihəsinin üzərində mütəxəssislər işləyir, ehtiyac yaranarsa, mən də öz fikrimi, təklifimi irəli sürəcəm”.

Deputat yeni qanunla bağlı gözləntilərini də bölüşüb:

“Yəqin ki, qanun beynəlxalq qanunlara, doktrinalara da söykənəcək. Təbii ki, Azərbaycanın qanunları da qorunacaq. Hər şeyi xaricdə olduğu kimi tətbiq etmək də doğru deyil. Azərbaycan müstəqil dövlətdir, xalqımızın öz mentaliteti var. Yeni qanun yerli prinsiplərə əsaslanacaq. İstənilən halda, mütərəqqi olacağına inanıram. Əks halda, yeni qanun layihəsinə səs vermərəm”.

Aygül Qarayeva
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top