Xankəndi ilə bağlı mesaj bütün dünyaya verildi

GÜNDƏM 06 iyl 2021, 14:40
Tarixi bir hadisə baş verdi – Şuşa şəhərində 15 iyun 2021-ci il tarixdə Türkiyə və Azərbaycan prezidentləri Bəyannamə imzaladılar. Ölkələr arasında münasibətlərin gələcəyini müəyyən edən Bəyannamə iki ölkə arasındakı əlaqələri ən yüksək səviyyəyə qaldırdı. Bəyannamədə göstərilən bütün müddəalar keyfiyyətcə daha yüksək iş birliyinin təminatıdır. İmzalanmış Bəyannamə Azərbaycan və Türkiyə arasında münasibətlərin unikal müttəfiqlik nümunəsidir. Müttəfiqlik Bəyannaməsində xalqlarımızın böyük şəxsiyyətləri Mustafa Kamal Atatürkün və Ümumilli Liderimiz Heydər Əliyevin müdrik kəlamları öz əksini tapır. 20-ci əsrin əvvəllərində Mustafa Kamal Atatürk demişdir: “Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimizdir”. 20-ci əsrin sonlarında isə Heydər Əliyev demişdir: “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir”.

21-ci əsrdə düşmən tapdağından azad olunmuş Şuşada Müttəfiqlik Bəyannaməsinin imzalanması bu cür yanaşmanın əbədiləşməsinin təcəssümüdür. 15 iyun 2021-ci il tarixdə Şuşada imzalanan “Müttəfiqlik Bəyannaməsi” həmçinin  13 oktyabr 1921-ci il tarixində Azərbaycan və Türkiyə arasında “Qars müqaviləsi”, 9 fevral 1994-cü il tarixdə  “Azərbaycan və Türkiyə arasında dostluq və hərtərəfli əməkdaşlığın inkişafı” barədə müqavilənin, Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında əməkdaşlıq və qarşılıqlı yardım haqqında Protokolu, eləcə də 16 avqust 2010-cu il tarixdə imzalanmış “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım” haqqında müqavilənin davamıdır.

Strateji əhəmiyyət kəsb edən bütün əməkdaşlıq istiqamətlərini əhatə edən Şuşa  Bəyannaməsində bir çox önəmli məsələlər öz əksini tapıb. Beynəlxalq müstəvidə birgə əməkdaşlıq, siyasi münasibətlər, iqtisadi ticarət əlaqələri, mədəniyyət, təhsil, idman, gənclər siyasəti həmçinin Bəyannamədə enerji təhlükəsizliyi, Cənub Qaz dəhlizinin Türkiyə-Azərbaycan və Avropa üçün olan önəmi göstərilir. 

Bəyannamədə müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələləri də qeyd olunur. Bu tarixi bir nailiyyətdir. Və bu bir daha göstərir ki, biz bundan sonra da bir yerdə olacayıq, bundan sonra da bir birimizin təhlükəsizliyini qoruyacaq, təmin edəcəyik.

Ən qısa vaxtda Şuşada qardaş Türkiyə Respublikasının baş Konsulluğunun açılması qərarlaşdırılıb. Konsulluğun açılmasına dair qəbul olunmuş bu qərar iki ölkə arasında münasibətləri dərinləşdirməklə Türkiyənin işğaldan azad olunmuş ərazilərdə aparılacaq bərpa-quruculuq işlərində yaxından iştirak edəcəyindən xəbər verir. İşğaldan azad olunmuş ərazilərin bərpası prosesi sürətlə həyata keçirilir.  Vətən müharibəsi dövründə olduğu kimi yenidənqurma işlərində də Türkiyə Azərbaycanla birgə fəaliyyət göstərəcəkdir.

2-ci Qarabağ müharibəsi başlanan gündən Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan Azərbaycana dəstək verib. Vətən müharibəsinin ilk saatlarından Türkiyə Prezidenti bildirib ki, Azərbaycan tək deyil. Bu bəyanatı ilə o, həmin vaxt həm də Azərbaycan xalqına böyük ruh, mənəvi dəstək verdi. Eyni zamanda Türkiyə Prezidentinin bu hərəkəti bütün müdaxilə etmək istəyən və Ermənistanın tərəfini saxlayan bütün ölkələri dayandırdı.

2021-ci il İyun ayının 14-də Amerika Birləşmiş Ştatlarının Prezidenti Bayden Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdü. Görüşdən sonra isə Bayden qeyd etdi ki, əminəm ki, Türkiyə və Amerika Birləşmiş Ştatları münasibətlərdə əsil tərəqqiyə nail olacaqdır.
Ərdoğan isə bu görüşün “məhsuldar və səmimi” olduğunu söylədi. Türkiyə Prezidenti eyni zamanda qeyd etdi ki, “münasibətlərdə həll oluna bilməyəcək mövzular yoxdur və əməkdaşlıq sahəsi problemlərdən daha böyük, daha zəngindir”.

Amerika Birləşmiş Ştatları ilə Türkiyə Pespublikasının Prezidentlərinin görüşünü Ermənistan rəhbərliyi və erməni xalqı fərqli təsəvvür edirdi. Onlar düşünürdülər ki, Bayden ermənilərin tərəfini saxlayacaq, lakin bu görüşdən sonra  Türkiyə Prezidentinin Şuşaya gəlməsi onların ümidlərini puç etdi.

R.T.Ərdoğanın NATO sammitindən birbaşa Azərbaycana – erməni işğalından azad olunmuş Şuşaya gəlməsi isə  təsadüfi deyildi. Həmin tədbirdə ayaqüstü Xankəndi ilə bağlı bütün dünyaya bir mesaj da verildi. 

Azərbaycan Prezidenti Cənab İlham Əliyev orada deyir ki, o iki dağın arasındakı Xankəndidir. Türkiyə Prezidenti isə soruşur ki, otel oradamı? İlham Əliyev cavabında: “Xeyir, orda da olacaq”.

 Bu Xankəndi ilə bağlı bütün dünyaya verilən ən önəmli bir mesaj idi. Yəni nə Xankəndi, nə də Azərbaycana aid bir ərazi düşmən əsarətində qalmayacaq. Tədricən hər bir istəyimizə nail olacayıq. Haqq-ədalət bərqərar olacaq.

Artıq NATO Türkiyənin timsalında Qarabağa daxil olur. Yəni Rusiyanın Cənubi Qafqazdakı təsir imkanları Qərb dövlətləri tərəfindən azalır.
Rus hərbçilərinin Azərbaycan ərazisində saxlanılması da zəifləmiş Rusiya üçün əlavə xərcdir. Rus sülhməramlılarının isə buradan getməsi erməniləri birbaşa Azərbaycanla baş başa qoyur. Bu isə o deməkdir ki, onlar ya təkbətək Azərbaycanla vuruşmalı, yaxud da ki, dostluq etməyi, əlaqələr yaratmağı üstün tutmalıdırlar.

Ermənistan isə ciddi miqrasiya probleminin yaşadığı, böhran içində, eyni zamanda müdafiə qüvvələrinin az olduğu bir halda, şübhəsiz ki, sülh yolunu tutmağa üstünlük verəcəkdir.

Ermənistanda hal-hazırda vəziyyət sabit deyil. Respublika böhran içərisindədir. Hərc-mərclik baş alıb gedir. Ölkə əhalisi ölkənin bu vəziyyətə düşməsini Qarabağdan gələn ermənilərlə əlaqələndirir.

Ermənistanda yaşayan və erməni diasporunda təmsil olunan bəzi nüfuzlu şəxslər (sabiq Prezident Levon Ter Petrosyan, onun sabiq Xarici İşlər siyasət müşaviri Jirayr Liparidyan) Dağlıq Qarabağın Beynəlxalq hüquq baxımından Azərbaycana məxsus olduğunu bildirirlər. Bloqqer İsxan Verdyan, hüquq mühafizəçiləri Vartan Arutunyan, Georgi Vanyan, Eldar Xaçaturyan müharibə ritorikasının perspektivliyini  və qonşularla dinc, yanaşı yaşamağın əhəmiyyətli olduğunu erməni xalqına izah etməyə çalışırlar. Baş nazir vəzifəsini icra edən Nikol Paşinyan da Azərbaycanla sülh müqaviləsinin imzalanmasının tərəfdarıdır.   Müharibədə yaxınlarını, doğmalarını itirən, böhran içində yaşayan sadə erməni xalqı da sülhün bərqərar olmasını istəyir.

Türkiyə Prezidenti Ermənistana tövsiyyə edib ki, Azərbaycan və Türkiyənin ona uzanan əlini tutsun. Bu onlar üçün daha əlverişli olar.

Azad olunmuş ərazilərimizə isə sərmayələr qoyulur. Ermənilər tərəfindən dağıdılmış şəhərlər, kəndlər bərpa edilir. Minalardan təmizlənir. Müəssisələr tikilir, yeni iş yerləri açılır. Şuşa ətrafında turizm imkanları yaratmaq nəzərdə tutulur. Qaçqın və köçkünlərimizin yaxın zamanlarda öz doğma yurd yuvalarına qayıtmaları gözlənilir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qeyd edib ki, Şuşa görüşü bütün dünyaya səs salacaq. Bunun böyük əks-sədası olacaq. Şuşada dalğalanan Azərbaycan və Türkiyə bayraqları ölkələrimizin birliyini nümayiş etdirir.

Şəhla Ağbulud
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top