Deputatlar polisin peşə bayramını bu cür təbrik etdi — SORĞU

SOSİAL 02 iyl 2021, 22:33
2 iyul Azərbaycan polisinin peşə bayramıdır. Bu gün münasibətilə Milli Məclisin bir neçə deputatı ilə sorğu keçirdik. Deputatlarımız Azərbaycan polisinin ölkəmizdə ictimai asayişin qorunmasından, "Covid-19" adlı qlobal pandemiya zamanı gecə və gündüz demədən xidmət etməsindən, 44 günlük Vətən müharibəsi zamanı göstərdiyi şücaətindən danışdılar. SİA həmin soğrunu təqdim edir.

Milli Məclisin deputatı Arzu Nağıyev: “Azərbaycan polisi öz üzərinə düşən missiyanı yerinə yetirməkdədir. Polislərimiz "Covid-19" kimi qlobal pandemiya zamanı karantin rejiminin qaydalarına əməl olunması məsələsinin təminatında çox böyük işlər gördülər. 44 günlük Vətən müharibəsində Daxili Qoşunlarla yanaşı polis əməkdaşları da bu proseslərdə ciddi iştirak etdi. Azərbaycan polisi Birinci Qarabağ müharibəsindən bu günə qədər bütün hərbi əməliyyatlarda, ictimai asayişin tənzimlənməsi və bir sıra məsələlərdə ön cəbhədə olub”.

A.Nağıyev Şəhid polislərimizin ailələrinə başsağlığı verib, qazilərimizə isə Allahdan tezliklə öz sağlamlıqlarına qovuşmalarını diləyib: “Vilayət Eyvazov nazir vəzifəsinə gəldikdən sonra başlamış islahatları davam etdirdi, cənab Prezidentin başlatmış olduğu hüquqi islahatlarının davamçısı kimi yadda qaldı və bu istiqamətlərdə bir çox addımlar atdı. 2 iyul polislərimizin peşə bayramıdır. Bununla əlaqədar cənab nazirimiz başda olmaqla bütün şəxsi heyəti təbrik edirəm. Bu gün Azərbaycan polisi Azərbaycanda qanunvericiliyin qarantı kimi çıxış edən qurumlardan biridir. Bu bayram ərəfəsində ali rütbələr verilən və cənab Prezident tərəfindən mükafatlandırılan polis əməkdaşlarını da bir daha təbrik edirəm”.

Milli Məclisin deputatı Cavid Osmanov: “Bu gün Azərbaycan polisinin 103 yaşı tamam olur. Azərbaycan polisi bu illər ərzində, xüsusən ikinci dəfə müstəqillik əldə etdikdən sonra çox çətin yollardan keçib. 1991-1993-cü illərdə ölkədəki çətinliklər hər birimizin yaddaşındadır. Ulu Öndər Heydər Əliyev prezident seçildikdən sonra Azərbaycan polisi artıq yeni mərhələyə qədəm qoydu və ölkədə baş verən bütün hadisələrdə, ictimai-siyasi sabitliyin qorunmasında çox mühüm rol oynadı”.

C.Osmanov qeyd edib ki, cənab Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı nəticəsində Azərbaycan polisi bu gün dünyanın ən hazırlıqlı polislərindəndir: “Xüsusən də 44 günlük Vətən müharibəsində polis əməkdaşlarımızın torpaqlarımızın azad olunması istiqamətində göstərdiyi şücaət ayrılıqda böyük bir mövzudur. Koronavirus pandemiyasına qarşı mübarizə tədbirlərində də Azərbaycan polisi həkimlərmizlə bərabər gecə-gündüz demədən böyük xidmət göstərdilər. Biz bir daha Azərbaycan polisini peşə günü münasibətilə təbrik edir, gələcək işlərində uğurlar arzulayırıq”.

Milli Məclisin deputatı İlham Məmmədov: “Polis əməkdaşlarımızı peşə bayramı münasibətilə təbrik edirəm. Ölkəmizin ictimai asayişinin qoruması kimi bir məsuliyyətli yük polisimizin boynundadır. Biz çətin vəziyyətə düşdüyümüz an ilk növbədə təhlükəsizliyimizin təmin olunması üçün polisi köməyə çağırırıq. Bu şərəfli peşəyə yiyələnmiş bütün polis işçilərimiz hörmətə layiqdir. Birinici Qarabağ müharibəsi zamanı Azərbaycanın döyüş bölgələrində polislərimiz bütün ağırlığı öz çiyinləri üzərinə götürmüşdü və bu zaman ən çox şəhid verən məhz Azərbaycan polisi olub. Azərbaycan polisinin keçdiyi yola nəzər salsaq məhz ən çətin məqamlarda Azərbaycan polisinin müstəsna xidmətlərinin şahidi olacağıq”.

İ.Məmmədov vurğulayıb ki, 44 günlük Vətən müharibəsi və bəşəriyyəti bürümüş qlobal pandemiyaya qarşı mübarizə zamanı həyata keçirilən bütün tədbirlərin önündə gecə və gündüz Azərbaycan polisi oldu: “Qanunvericilik orqanlarında təmsil olunan millət vəkilləri həm qanun yaradıcılığı prosesi ilə, həm də seçicilərimizin müəyyən problemlərinin həlli ilə məşğul olur. Bunun üçün də bizə bir çox müraciətlər daxil olur. Çox səmimi şəkildə deyirəm ki, daxili işlər naziri, çox hörmətli Vilayət Eyvazov o məmurlardandır ki, elə bir məktub, elə bir telefon zəngi olmaz ki, şəxsən özü onu cavablandırmasın. Bu özü elə dövlətə və dövlətçiliyə sadiqlikdir. Bu gün münasibətilə başda hörmətli Vilayət Eyvazov olmaqla, Azərbaycan polisinin bütün əməkdaşlarını təbrik edir, onlara bu şərəfli işdə möhkəm can sağlığı və iradə arzu edirəm”.
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top