Ekspert: "Təbii qazın qiymətinin dəyişməsi məhsulların qiymətinə təsir göstərməyəcək"

GÜNDƏM 01 iyl 2021, 11:00
“Dünən Tarif Şurası təbii qazın limit, qiymət dəyişikliyi ilə bağlı verdiyi qərarda sənaye və kənd təsərrüfatı sahələrinə verilən qazın tarifində dəyişiklik etmədi. Birmənalı şəkildə deyə bilərik ki, bu qərara əsasən, məhsullarda qiymət dəyişikliyi olmayacaq”. 

Bu sözləri Demokrat.az-a açıqlamasında iqtisadçı ekspert Fuad İbrahimov deyib.

O, Tarif Şurasının təbii qazın qiyməti ilə bağlı verdiyi qərarın məhsulların və xidmət sahələrinin qiymətinə təsir göstərməyəcəyini bildirib:

“İstehlak etdiyimiz məhsullarda, yaxud xidmət sahələrində bahalaşma olarsa, bunun səbəbləri fərqli olacaq. Bunun üçün dövlət nəzarət orqanları lazımi addımlar atmalıdırlar. Qiymət dəyişikliyini təhlil edə, araşdıraraq, bu cür halların qarşısı alına bilər. Təbii qazın qiymətinin dəyişməsi məhsulların qiymətinə təsir göstərməyəcək. Qərar kənd təsərrüfatı, sənaye məhsullarının qiymətinin artmasına əsas deyil”.

Tək şəxsiyyət vəsiqəsi ilə...

Ekspert qərarın müəyyən limit çərçivəsində qazdan istifadə edən əhaliyə daha çox təsir göstərəcəyini vurğulayıb:

“İclasda kub metr üzrə qiymət dəyişikliyi barədə qərar verilib. Bu tarif dəyişikliyi əhaliyə təsir göstərəcək. Söhbət limiti 2500 m3-dən 1200 m3-ə azaldılmış qazın qiymətinin 10 qəpik olmasından gedir. Yəni artıq 1200 m3-dək qazın qiyməti hər kub metr üçün 10 qəpik olacaq. Bu limitdən yuxarı qaz istehlak edənlərdə isə qiymət dəyişikliyi özünü göstərəcək. Bu, təbii ki, əhalinin xərclərinə, büdcəsinə də təsir göstərəcək”.

Aygül Qarayeva
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top