Çingiz Əsgərov: “Vəkil işini vicdanla görürsə, məhkəmə cəriməsindən qorxmamalıdır”

MÜSAHİBƏ 30 iyn 2021, 15:52
Ali Məhkəmə Sədrinin müavini Çingiz Əsgərov müsahibə verib.

Müsahibəniz təqdim edirik:

- Məhkəmədə vəkil tərəfindən əsassız vəsatət verilməsi, məhkəmə prosesinin süni surətdə uzadılmasının qarşısını almaq üçün dünyada, o cümlədən Avropa ölkələrində məhkəmə (hakim) tərəfindən vəkilin cərimələnməsi təcrübəsi varmı?

- “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında” Qanun layihəsi Azərbaycan Respublikasının Prezidentinin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli Fərmanında verilmiş tapşırıq və tövsiyələrə müvafiq olaraq müasir dövrün tələblərinə cavab verən ədalət mühakiməsinin formalaşdırılması prosesini sürətləndirmək, məhkəmə icraatında qabaqcıl informasiya texnologiyalarının tətbiqinin üstünlüklərindən istifadə etmək, ədalət mühakiməsi mexanizmlərinin daha effektiv fəaliyyətini təmin etmək məqsədilə hazırlanıb.

Qanun layihəsinin hazırlanması çərçivəsində Azərbaycan Respublikasının Ali Məhkəməsinin, apellyasiya və birinci instansiya məhkəmələrinin, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının, Ədliyyə və İqtisadiyyat nazirliklərinin, Vəkillər Kollegiyasının, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının, Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham) qeyd və təklifləri toplanaraq müvafiq işçi qrupunda təhlil edilib, xarici dövlətlərin və beynəlxalq məhkəmələrin təcrübəsi, habelə Dünya Bankının “Doing Bussiness” layihəsi üzrə tövsiyələri nəzərə alınıb.

Qeyd edilməlidir ki, layihənin hazırlanması zamanı nəzərdən keçirilmiş tövsiyələrdə digər mühüm məsələlərlə yanaşı, məhkəmə prosesinin yubadılması hallarının aradan qaldırılması məsələsinə də diqqət yetirilib.

Məhkəmə təcrübəsi göstərir ki, mülki işlər üzrə icraatın qanunvericiliklə müəyyən edilmiş müddətlərdə aparılmamasının əsas səbəblərindən biri də tərəflərin məhkəmə prosesini süni şəkildə yubatmaq üçün verdikləri açıq-aşkar əsassız olan vəsatətlər, etirazlar, şikayətlər təşkil edir.

Həmçinin nəzərə alınmalıdır ki, mövcud Mülki Prosessual Məcəllənin bir sıra maddələrində məhkəmə prosesini süni olaraq yubatmaq məqsədilə verilmiş iddialara və digər hərəkətlərə görə cərimələr nəzərdə tutulur.

Belə ki, Mülki Prosessual Məcəllənin 21.5-ci maddəsinə müvafiq olaraq hakimə, ekspertə, mütəxəssisə, tərcüməçiyə, məhkəmə iclasının katibinə etiraz məhkəmə prosesini ləngitmək məqsədi ilə edilmişsə və ya etirazın dəlilləri uydurma olaraq həqiqətə uyğun deyilsə, bu halda, etirazı vermiş tərəf yüz on manatadək cərimə edilə bilər.

Məcəllənin 120-ci maddəsində isə bildirilir ki, məhkəmə vicdansızcasına əsassız iddia vermiş və ya iddiaya qarşı mübahisə etmiş, yaxud işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə ardıcıl surətdə maneçilik törətmiş tərəfdən iş vaxtının itirilməsi üçün digər tərəfin və ya dövlətin xeyrinə məbləğ tuta bilər. Həmin məbləğ məhkəmə tərəfindən konkret hallar nəzərə alınmaqla ağlabatan miqdarda müəyyən edilir.

Beynəlxalq təcrübəyə gəldikdə, bir sıra ölkədə prosessual hüquqlardan sui-istifadəyə görə tərəflərin cərimələnməsi həm qanunvericilikdə, həm da presedent hüququnda öz əksini tapıb. Rusiya Federasiyasının Mülki Prosessual Məcəlləsinin 244.22-ci maddəsinə müvafiq olaraq, tərəfin nümayəndəsi prosessual hüquqlardan sui-istifadəyə görə 5000 rubl (təxminən 115 manat) məbləğində cərimə edilə bilər.

Ukraynanın Mülki Prosessual Məcəlləsinin 148-ci maddəsində prosessual hüquqlardan sui-istifadəyə, ədalət mühakiməsinin həyata keçirilməsinə maneçilik törətməyə görə şəxsdən, onun nümayəndəsindən və ya vəkilindən 718-7180 qrivna (45-450 manat) məbləğində cərimənin tutulması nəzərdə tutulur.

Ukraynanın iqtisadi prosessual qanunvericiliyinə əsasən (135-ci maddə), prosessual hüquqlardan su-istifadə, ədalət mühakiməsinin həyata keçirilməsinə maneçilik törətmə 2393-23930 qrivna (150-1500 manat), bu cür hərəkətlər sistematik və ya ardıcıl surətdə törədilirsə 11965-119650 qrivna (750-7500 manat) məbləğində cəriməyə səbəb ola bilər. Cərimə həm tərəfdən, həm də onun nümayəndəsindən və ya vəkilindən tutula bilər.

ABŞ-ın Mülki Prosesə dair Federal Qaydalarının 11-ci maddəsinə əsasən, məhkəməyə iddia, vəsatət və ya digər sənədi təqdim edən tərəf və ya onun vəkili dəlillərin mövcud qanunvericiliyə və ya presedent hüququna əsaslandırıldığını göstərməlidir. Bu qaydaya əməl etməmə tərəfin və ya vəkilinin həmin maddəyə əsasən cərimələnməsinə gətirib çıxara bilər.

Misal üçün, bir mülki işdə Yeddinci Dairə Məhkəməsi vəkilə irəli sürdüyü əsassız dəlillərə görə 10.000 ABŞ dolları məbləğində cərimə edilməmək üçün səbəbləri göstərməyə 14 gün müddət verilib.

Belçikanın Məhkəmə Məcəlləsinin 780bis maddəsində və Fransanın Mülki Prosessual Məcəlləsinin 32-1-ci maddəsində müəyyən edilib ki, məhkəmə icraatından açıq-aşkar məhkəmə prosesini ləngitmək və ya qanunsuz məqsədlər üçün istifadə edən tərəf cərimə edilir.

Bu cür cərimələrə, həmçinin, beynəlxalq məhkəmələrin fəaliyyətində rast gəlinir. Misal üçün, Avropa İttifaqının Dövlət Qulluğu Tribunalının Reqlamentinin 94-cü maddəsində proses iştirakçısının açıq-aşkar surətdə prosessual hüquqlardan sui-istifadəsinə görə 2000 avroyadək məbləğinin tutulması nəzərdə tutulur.

Məhkəmə cəriməsi ədalət mühakiməsinin səmərəli qaydada həyata keçirilməsinə maneə törədən hərəkətlərin qarşısının alınması üçün nəzərdə tutulur.

- Dünya təcrübəsində vəkil tərəfindən əsassız vəsatət verilməsi, məhkəmə prosesinin süni surətdə uzadılmasının qarşısının alınması üçün başqa hansı vasitələrdən istifadə olunur və Mülki Prosessual Məcəlləyə dəyişikliklər hazırlanarkən digər vasitələrlə bağlı dünya təcrübəsi də öyrənilibmi? Əgər belə vasitələr varsa, niyə bu vasitələrin Azərbaycanda tətbiqi mümkün sayılmayıb?

- Mülki Prosessual Məcəllənin hazırlanması zamanı xarici dövlətlərin qanunvericiliyi və məhkəmə təcrübəsi, həmçinin İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququ ətraflı şəkildə təhlil edilib.

Dünya təcrübəsində məhkəmə prosesinin iştirakçısının, o cümlədən vəkilin cərimələnməsindən başqa digər tədbirlərə də rast gəlmək olar.

Məsələn, Böyük Britaniya məhkəmələrində açıq-aşkar iddia və ya vəsatət verən şəxslərin hərəkətləri məhkəməbazlıq hesab edilir və bu şəxslərin məhkəməyə müraciət etmək hüququ müəyyən müddətə məhdudlaşdırıla bilər.

İnsan hüquqları üzrə Avropa Məhkəməsinin Böyük Britaniya ilə bağlı qərarlarında bu hüququn 1 ilədək məhdudlaşdırılması hallarına rast gəlmək olar. Yeri gəlmişkən, bu hallarda Avropa Məhkəməsi məhkəmə müdafiəsi hüququnun pozulmadığını müəyyən edib.

Zənnimcə, layihədə seçilmiş variant digər dövlətlərdəki təcrübədən daha az sərt xarakterlidir və ədalət mühakiməsinin maraqlarına daha dolğun şəkildə xidmət edir.

- 500 manata qədər cərimə həddi müəyyənləşdirilərkən hansı prinsipə əsaslanıb? Məsələn, vəkillərin müdafiə prosesində aldıqları haqq, yaxud ölkədə orta aylıq əməkhaqqı əsas götürülüb?

- Mülki Prosessual Məcəlləyə təklif edilən yeni 174.5-ci maddədə bildirilir ki, məhkəmə, açıq-aşkar əsassız vəsatət və şikayətlər verən, yaxud işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə aşkar surətdə maneçilik törədən tərəfi, onun nümayəndəsini və ya vəkilini 500 manatadək cərimə edə bilər. Cərimənin məbləği məhkəmə tərəfindən konkret hallar nəzərə alınmaqla ağlabatan miqdarda müəyyən edilir.

Göründüyü kimi, təklif edilən bu dəyişiklik dəqiqləşdirici xarakter daşıyır, vəsatət vermək hüququndan sui-istifadə edən subyektdən tutula biləcək məbləğin yuxarı həddi müəyyən edilir. Bu o, deməkdir ki, tərəfi cərimələmək zərurəti ortaya çıxdığı təqdirdə, hər bir konkret işdə cərimənin məbləği fərqli ola bilər və məhkəmənin hər bir qərarı olduğu kimi, məhkəmə cəriməsi haqqında qərar əsaslandırılmış olmalıdır.

Həmçinin qeyd edilməlidir ki, qanunvericilikdə cərimənin nəzərdə tutulmasına baxmayaraq, məhkəmələrin təcrübəsində nəinki vəkillər barəsində, məhkəmə prosesinin digər iştirakçılarına münasibətdə cərimələr, demək olar ki, tətbiq olunmur. Buna görə vəkil öz işini vicdanla görürsə, məhkəmə cəriməsindən qorxmamalıdır. Həmçinin, nəzərə alınmalıdır ki, cərimələnmə barədə məhkəmə qərarlarından yuxarı instansiya məhkəməsinə şikayət verilə bilər.

Bununla da, təklif edilən dəyişikliyin məqsədi məhz məhkəmə prosesinin süni surətdə yubadılması hallarını aradan qaldırmaq, bununla da ədalət mühakiməsinin səmərəliliyini artırmaq və vətəndaşların məhkəmə müdafiəsi hüququnu daha dolğun şəkildə təmin etməkdir.

- İkinci oxunuşdan əvvəl müzakirələr nəticəsində 500 manat həddinin azaldılacağını nə dərəcədə real sayırsınız?

- Qanun layihəsi hazırda Milli Məclisin müzakirəsindədir və layihənin müddəaları ilə bağlı hər hansı qərar verilməsi Milli Məclisinin deputatlarının səlahiyyətlərinə aiddir.

- "Dövlət rüsumu haqqında" qanuna dəyişikliklərlə məhkəmə ilə bağlı rüsumlar artırılır. Parlamentdəki deputatların bir qismi həm tərəflərin və vəkillərin 500 manata qədər cərimələnməsi, həm də bu rüsum artımlarının insanları məhkəməyə müraciətdən uzaqlaşdıracağı, başqa vasitələrlə problemlərini həll etməyə yönəldəcəyi ilə bağlı fikirlərini nə dərəcədə əsaslı sayırsınız? Həm də bu artımlar aztəminatlı insanların bu rüsumları ödəyə bilməyəcəyi və faktiki müdafiə hüququndan məhrum olmasına səbəb olmayacaq ki?

- “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişikliklər “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 3 aprel tarixli Fərmanının 3.5 və 3.6-cı bəndlərinin icrası qaydasında hazırlanıb. Belə ki, Fərmanın qeyd edilən bəndlərində məhkəmələrdə baxılan işlər üzrə ödənilən dövlət rüsumunun dərəcələrinin verilən iddiaların qiymətinə müvafiq olaraq diferensiasiya edilməsi məqsədi ilə müvafiq normativ hüquq aktların layihələrinin hazırlanması, habelə məhkəmələrdə baxılan işlər üzrə ödənilən dövlət rüsumunun müəyyən hissəsinin məhkəmə aparatları işçilərinin sosial müdafiəsinin gücləndirilməsi və məhkəmələrin maddi-texniki bazasının möhkəmləndirilməsinə yönəldilməsi mexanizminin hazırlanması tapşırılıb.

Qeyd edilməlidir ki, qanuna edilən dəyişikliklər dövlət rüsumlarının məbləğlərinin artırılmasını deyil, onun iddianın qiymətinə mütənasib olaraq diferensiasiyasını ehtiva edir. Yəni, bu dəyişikliklər iddianın qiyməti az olan, baxılması məhkəmələrdə daha az vaxt tələb edən sadə işlərə nisbətən, iddianın qiyməti daha böyük olan və baxılması daha çox vaxt tələb edən işlərə daha çox dövlət rüsumunun ödənilməsini müəyyən edir.

Təklif olunan dəyişikliklər layihəsi hazırlanarkən işçi qrupun əsas məqsədlərindən biri bu dəyişikliklərin əhalinin aztəminatlı təbəqəsinin məhkəməyə müraciət etmək və məhkəmə aktlarından şikayət etmə hüquqlarına mənfi təsirinin qarşısının alınması olub. Bu baxımdan layihədə iddianın qiyməti 1000 manatadək olan iddialara görə nəzərdə tutulan dövlət rüsumunun həddi hazırda qüvvədə olan redaksiyada olduğu kimi 30 manat məbləğində saxlanılıb, 1000 manatdan 10 000 manatadək olan iddialar üzrə isə tətbiq edilən artım yalnız 1 000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi həddində müəyyən edilib. Apelyasiya və kassasiya şikayətlərinin verilməsi üçün nəzərdə tutulmuş dövlət rüsumunun həddində də dəyişiklik edilməyərək, iddia ərizəsinin verilməsi üçün müəyyən edilmiş məbləğin müvafiq olaraq 50% məbləğində saxlanılıb.

Bundan əlavə nəzərə alınmalıdır ki, “Dövlət rüsumu haqqıda” qanunun 9-cu maddəsinə əsasən, bir sıra mübahisələr, o cümlədən əmək haqqının və alimentin ödənilməsinə dair mübahisələr üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunur. Qanunun 9.1.20-ci maddəsində, həmçinin, göstərilir ki, məhkəmədə verilən iddialar üzrə şəhid ailələri, müharibə veteranları, qaçqınlar və məcburi köçkünlər, habelə Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

Layihənin hazırlanması zamanı aparılmış təhlil onu göstərib ki, mülki və kommersiya işləri üzrə dövlət rüsumlarının hesablanmasına dair yeni qaydalar aztəminatlı insanlara, demək olar ki, təsir göstərməyəcək.

- Dünya təcrübəsində məhkəmə aparatı işçilərinin saxlanılmasının rüsumlar hesabına qismən, yaxud tam təmin olunması təcrübəsi varmı? Əgər dövlət orqanlarının fəaliyyəti rüsumlar hesabına təmin olunacaqsa, vətəndaşın ödədiyi müxtəlif vergilər hansı məqsədlə toplanır?

- Layihədə nəzərdə tutulmuş dövlət rüsumlarının məbləğlərinin diferensiasiyasının tətbiqi, habelə 50 faizinin müvafiq məhkəmə aparatı işçilərinin sosial müdafiəsinin gücləndirilməsi və maddi təminatlarının yaxşılaşdırılmasına yönəldilməsi, bir tərəfdən ədalət mühakiməsinin keyfiyyətinə öz müsbət təsirini vermiş, digər tərəfdən məhkəmələrin saxlanılması üçün tələb olunan büdcə vəsaitlərinə qənaətin edilməsinə səbəb olmuş olacaq.

Avropa Şurasının Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ) 2018-ci il üzrə Avropa məhkəmə sistemləri üzrə qiymətləndirmə hesabatına əsasən Avropa dövlətlərinin məhkəmə sistemlərinin saxlanması xərclərinin orta hesabla 20%-ni dövlət rüsumları üzrə daxilolmalar təşkil edir.

Məsələn, Avstriyada məhkəmə sistemi artıqlaması ilə tam şəkildə dövlət rüsumlarından daxilolmalar hesabına saxlanılır (108%), Türkiyədə bu rəqəm 53%, Qazaxıstanda 45%, Almaniyada 40%, Estoniyada 29%, Ukraynada 18%, Bolqarıstanda 16%, Latviyada 14 %, Danimarkada 12%, Finlandiyada 11%, Ermənistanda 11%, İsrailda 11%, İtaliyada 9%, Litvada 8%-dir. Halbuki, Azərbaycan üçün bu rəqəm cəmi 2% təşkil edir, yəni məhkəmə sistemi xərclərinin yalnız 2 faizi dövlət rüsumundan daxilolmalar hesabına formalaşır.

Tətbiq edilən dövlət rüsumlarının hədləri üzrə beynəlxalq təhlil (Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ) 2018-ci il üzrə Avropa məhkəmə sistemləri üzrə qiymətləndirmə hesabatı) həmçinin onu göstərir ki, Avropa məkanına daxil olan dövlətlərdə orta hesabla 3000 avroyadək iddianın qaldırılması üçün ödənilməsi tələb olunan dövlət rüsumunun orta məbləği 154 avro təşkil etdiyi halda, Azərbaycan üzrə bu rəqəm ən minimal olmaqla cəmi 16 Avro təşkil edir. Ümumdaxili məhsul göstəriciləri Azərbaycandan aşağı və bir qədər yuxarı olan ölkələrlə (Türkiyə, Qazaxıstan, Bolqarıstan, Serbiya, Gürcüstan, Ukrayna, Albaniya, Bosniya və Herseqovina Ermənistan və s.) müqayisədə də Azərbaycanda müəyyən edilmiş dövlət rüsumunun həddi ən aşağıdır.

Nəzərə alınmalıdır ki, dövlət rüsumlarının yığımı bu və ya digər dövlət xidmətinin yerinə yetirilməsi üçün sərf edilən iş vaxtı, kağız, elektrik enerjisi, avadanlığın işlənməsi və s. xərclərin ödənilməsi üçün nəzərdə tutulur. Verdiyiniz sualın məntiqi ilə getsək, onda dövlət rüsumları ümumiyyətlə lazım deyil, çünki fiziki və hüquqi şəxslər vergilər ödəyir. Lakin, bu məntiq yanlışdır.

Hüquqda vergilərlə dövlət rüsumları dəqiq fərqləndirilir. Vergilər müntəzəm ödənişlər olmaqla dövlətin fəaliyyətinin təmin olunması üçün yığılır, dövlət rüsumu isə konkret halda, konkret xidmətin göstərilməsinə görə müəyyən sahənin və ya dövlət orqanının fəaliyyətinin təmin edilməsi üçün ödənilir.

Göründüyü kimi, təklif edilən dəyişikliyin də məqsədi odur ki, məhkəmələrin göstərdiyi fəaliyyətə görə yığılan dövlət rüsumları onların fəaliyyətinin təmin olunmasına sərf edilən xərclərin qismən ödənilməsinə yönəlsin.

- Məhkəmə islahatlarının əsas məqsədlərindən biri də insanların məhkəmələrə əlçatanlığının, müdafiə hüququnun təmin edilməsinin genişləndirilməsi və məhkəmələrə inamın artırılmasıdır. 500 manat cərimə məsələsi həm vəkil xidmətlərinin dəyərinin artmasına, həm vəkillərin vəsatət verərək müdafiə etdiyi şəxsi daha keyfiyyətli müdafiə etməkdən yayınmasına səbəb olmayacaq ki?

- Bu suala cavab verərkən bir daha vurğulamaq istərdim ki, təklif edilən dəyişikliklər məhkəmə nüfuzunun artırılmasına, ədalət mühakiməsinin və vətəndaşlara göstərilən hüquqi yardımın keyfiyyətinin yüksəldilməsinə xidmət edir.

Əgər şəxs prosessual hüquqlardan sui-istifadəyə görə cərimə edilirsə, belə şəxsin göstərdiyi xidmətlərin keyfiyyəti yüksək sayıla bilməz. Ümumiyyətlə, bir çox xarici dövlətlərdə belə bir təcrübə mövcuddur ki, ölkədə fəaliyyət göstərən vəkillərin reytinqi dərc edilir və vətəndaşların məhkəməyə müraciət etməkdən qabaq bu reytinqlə tanış olmaq və münasib vəkil seçmək imkanı yaradılır. Bu cür reytinq hazırlanarkən bir çox meyarlar, o cümlədən vəkillərin əsaslandırılmış iddialar, vəsatətlər, dəlillər irəli sürməsi kimi meyarlar nəzərə alınır. Hesab edirəm ki, belə təcrübə Azərbaycanda da tətbiq edilə bilər.

- Cərimələnmə praktikası vəkillərin sayının azlığı problemi olan Azərbaycanda bu peşəyə maraq və həvəsi azaltmayacaq ki?

- Bu sual korrekt şəkildə qoyulmayıb. Cərimələnmə praktikası mövcud deyil. Hazırda qanunvericilikdə tərəflərin cərimələnməsinə dair müddəalar nəzərdə tutulur. Lakin məhkəmələr təcrübədə bu müddəaların tətbiqinə çox düşünülmüş surətdə yanaşır. Təklif edilən dəyişikliklər də dəqiqləşdirmə xarakteri daşıyır. Qanunvericilikdə belə cərimələr “ağlabatan məbləğdə” müəyyən edilib ki, təklif edilən layihədə isə bu ağlabatan məbləğin yuxarı həddi təsbit edilir. Əminəm ki, gələcəkdə də həmin müddəa vəkil peşəsi üçün hər hansı problem yaratmayacaq.(apa.az)

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top