Deputat: "İlk dəfədir ki, Silahlı Qüvvələr Gününü fərəh və sevinc hissi ilə, qələbə ruhunda qeyd edirik"

GÜNDƏM 26 iyn 2021, 16:50
"İlk dəfədir ki, 26 iyun - Silahlı Qüvvələr Gününü fərəh və sevinc hissi ilə, qələbə ruhunda qeyd edirik. Rəşadətli Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi altında 44 günlük Vətən müharibəsində qələbə qazanaraq adını Azərbaycan hərb tarixinə qızıl hərflərlə yazdırdı". 

Bunu sözləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.

O, dövlətin hərbi qulluqçulara dəstək və diqqətinin hər zaman prioritet məsələ olduğunu vurğulayıb:

"Bu gün Ali Baş Komandan, Prezident İlham Əliyev orduya, əsgər və zabitlərimizə diqqət və qayğını günü-gündən artırır. 24 iyun tarixində cənab Prezident İlham Əliyevin sərəncamı ilə Vətən müharibəsində iştirak edən qəhrəman zabit və əsgərlərimizə verilən orden və medallar bunun bariz nümunəsidir. 25 iyun tarixində isə işğaldan azad olunmuş ərazilərdə həqiqi hərbi xidmət edən hərbi qulluqçularının aylıq vəzifə maaşlarına Prezidentin əlavəsinin müəyyən edilməsi ilə bağlı ölkə başçısının sərəncamı hər kəsi sevindirdi. Hərbi qulluqçuların maaşlarına əlavələrin edilməsi ən çox da hərbçiləri və onların ailəsini fərəhləndirib. Bu günə qədər dövlət hərbçilərə qayğısını əsirgəməyib, onların sosial müdafiəsinin gücləndirilməsi üçün mütəmadi olaraq vacib addımlar atıb, müsbət qərarlar verib. Hərbi qulluqçuların maaşlarının artırılması ilə bağlı sərəncamın imzalanması da hərbçilərimizin əhval-ruhiyyəsini daha da artırdı. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə şəfa versin”. 



N.Həmzəyev bildirib ki, Vətən müharibəsində möhtəşəm qələbəyə imza atan ordunun inkişafı dövlət siyasətinin əsas istiqamətlərindən biridir:

"Azərbaycan Ordusunun günü-gündən daha da güclənməsi bizim üçün əsas məqsədlərdən biridir: Biz işğal altında olan torpaqlarımızı azad etməklə ərazi bütövlüyümüzü bərpa etdik. Lakin unutmamalıyıq ki, Azərbaycan Ordusu bugünkündən on qat daha güclü olmalıdır. Buna görə də, dövlət büdcəsində ordu ilə bağlı xərclər azaldılmadı, əksinə artırıldı. Çünki biz müasir dövrün tələblərinə cavab verən ordunu qurmuşuq, bu ordunu daha da inkişaf etdirməli və çalışmalıyıq ki, Türkiyə ordusu modelində öz ordumuzu formalaşdıra bilək. Ordu daxilində bir sıra islahatlar həyata keçirək, müasir dövrün, elmi texniki tərəqqinin nailiyyətlərini Azərbaycan Ordusunda tətbiq edək və müasir texnika və avadanlıqları ordumuzun inventarında artıraq. Gücümüzü artırmalı və artan gücümüzə güc qatmalıyıq. 26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə başda Müzəffər Ali Baş Komandanımız olmaqla bütün hərbçilərimiz, qəhrəman zabit və əsgərlərimizi təbrik edirik. Ordumuz, əsgər və zabitlərimiz hər zaman var olsunlar. Qalib ordumuz sülh və əmin-amanlıq içərisində Azərbaycanın ərazi bütövlüyünü qorusun”.

Aygül Qarayeva
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top