Polkovnik Ramaldanov: “Mina xəritələrinin nə qədər düzgün olacağı sual altındadır”

GÜNDƏM 21 iyn 2021, 15:22
Bir müddət əvvəl Azərbaycan Ermənistandan Ağdamda 97 min minanın basdırıldığı ərazilərin xəritəsini əldə etdi. Lakin Ermənistan tərəfindən verilən minalanmış ərazilərinin xəritəsinin bir qisminin 50-60 faiz, digər qisminin isə 20-30 faiz doğru çıxması ilə bağlı sosial şəbəkələrdə məlumat yayılıb.

Müdafiə Nazirliyi tərəfindən iddia olunan rəqəmlərin dəqiq olmadığı bildirilsə də xəritələrdə yalnışların olması istisna edilmir.

Xəritələrin səhv çıxması ehtimalı ilə bağlı Demokrat.az-a danışan hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov bunun səbəblərinə toxunub:

“Mina xəritələri çox ciddi və məxfi sənəddir. Bu sənəd müvafiq ərazinin hərbi hissəsində saxlanılır. Xəritələrdə səhvlərin olması bir neçə səbəblə bağlı ola bilər. Əsas səbəb insan faktorudur. Ola bilsin ki, həmin xəritəni işləyən şəxs kifayət qədər peşəkar deyil və işləyərkən səhvlərə yol verib.

Digər tərəfdən, alınan xəritə sırf müəyyən hərbi hissənin yerləşdiyi ərazi ilə bağlı ola bilər. Mina xəritələrinin nə qədər düzgün olacağı sual altındadır. Alınan xəritələrlə bağlı ekspertlər tərəfindən qiymətləndirmə işləri aparılır. Ağdam ərazisində basdırılan minalar ermənilərin verdiyi 97 min minanın xəritəsi ilə üst-üstə düşərsə, Azərbaycan bu prosesi məhz bu şəkildə davam etdirə bilər. Əks-halda, yəni həmin xəritə bizə faydalı olmasa, bununla bağlı beynəlxalq qurumlara müraciətlər olacaq. Minalanmış ərazilərin xəritələrinin verilməsi qarşı tərəfin borcudur. Bu xəritələrin səhv təqdim olunması isə növbəti cinayət xarakterli addımdır”. 

Ağdamın bir hissəsinin minalardan təmizləndiyini xatırladan ekspert verilən xəritənin təmizlənməmiş hissələrlə bağlı olub-olmaması ilə bağlı sualara toxundu:

“Bu xüsusda bir sual da Ağdamın minalardan təmizlənmiş ərazisi ilə bağlıdır. Məlumdur ki, rayonun bir hissəsi təmizlənib və artıq orda bərpa-quruculuq işləri aparılır. Biz bilmirik ki, ermənilərin təhvil verdiyi xəritədə təmizlənmiş ərazilər də var, ya yox. Başa düşürük ki, alınan xəritələrlə bağlı cəmiyyətdə müəyyən suallar var və bu, təbiidir. Ermənilərdən alınan xəritənin düzgünlüyünə şübhə ilə yanaşılmasını anlayıram. Çünki indiyədək onlardan insana yaraşmayacaq çox hərəkət görmüşük. Ona görə də, xəritələrlə bağlı məsələyə də ehtiyatla yanaşmalıyıq. Ağdamın minalanmış əraziləri ilə bağlı alınan xəritələrlə bağlı fikir bildirməyə tələsməyək. Dövlətin bununla bağlı rəyini gözləməliyik. Minalanmış ərazilərin xəritəsi ilə bağlı şübhələrin doğruluq payı ola bilər. Lakin bununla bağlı qərar verməyə tələsməməliyik”.
 
Xəritənin səhv çıxma ehtimalı ilə bağlı danışan Şair Ramaldanov bu zaman Azərbaycanın atacağı əks addımlarla bağlı bunları bildirib:

“Xəritənin düzgünlüyü təsdiq olunsa, dövlətimiz bu xüsusda fəaliyyətini davam etdirəcək. Biz hər zaman məsələlərin danışıqlar çərçivəsində həllini istəyirik. Lakin xəritələrdə yanlışlıq aşkarlansa, bununla bağlı digər təsir mexanizmlərindən istifadə edəcəyik. Azərbaycanın o xəritələri digər yollarla almaq üçün də lazımi gücü var. Lakin məsələyə danışıqlar çərçivəsindən baxmaqda fayda var. Artıq Ermənistanda seçkilər yekunlaşdı, məncə, bundan sonra Ermənistanla aramızdakı bütün məsələlər daha sürətli və sabitlik çərçivəsində həll ediləcək”.

Eskpert həmçinin xəritənin alınmasında Azərbaycan diplomatiyasının uğurlu siyasətinin roluna da toxunub:

“Azərbaycan ələ keçirilən diversantları nəyinsə qarşılığında dəyişməz. Həmin diversantlarla bağlı məhkəmə işləri aparıldı. Azərbaycan hər zaman humanist addımlar atır. Sözügedən şəxslərin də terrorçuluq addımları təsdiqlənmədiyi üçün onların geri qaytarılması nəzərdə tutulurdu. Ermənistanın hakim dairələri xəritələrin əvəzində diversantların qaytarılması məlumatından istifadə etdiər. Seçkiqabağı belə bir məlumat onlar üçün əhəmiyyətli idi. Azərbaycan uğurlu diplomatiyası sayəsində minalanmış ərazilərin xəritələrini əldə edə bildi. Azərbaycanın öz mövqeyi var, biz terrorçularla danışıqlar aparmırıq”.

Aygül Qarayeva
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top