Həbs olunan başçının marallarının aqibəti bilinmir — İcra Hakimiyyətindən AÇIQLAMA

SOSİAL 18 iyn 2021, 18:08
Bu ilin aprelində həbs edilən Şəmkir rayon İcra Hakimiyyətinin keçmiş başçısı Alimpaşa Məmmədovun maral ferması aşkarlanmışdı. İcra hakimi rayonda hektarlarla ərazini qanunsuz şəkildə zəbt edərək, orada şəxsi maral təsərrüfatı yaradıb. Rayonun Kür qəsəbəsində yerləşən fermada iki tövlə tikilib. 

Maral ferması aşkar edilərkən oradakı heyvanların sayı 30 olub. Lakin məlumata görə, əvvəllər fermada daha çox maral saxlanılırmış. 

Alimpaşa Məmmədovun həbsindən sonra həmin maral təsərrüfatının taleyi maraq doğurur. Keçmiş başçı tərəfindən yaradılan böyük ferma və maralların aqibətinin necə olduğunu öyrənmək üçün Şəmkir rayonunun icra hakimiyyəti ilə əlaqə saxladıq. İcra hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Elgün Seyidov Demokrat.az-a açıqlamasında fermanın sonrakı vəziyyəti ilə bağlı məlumatlı olmadığını bildirdi:

“Ferma ilə bağlı heç bir məlumatımız yoxdur”. 

Rayon rəsmisi keçmiş başçının həbsindən sonra məsələ ilə maraqlanmadıqlarını qeyd etdi:

“Bu məsələylə maraqlanmamışıq. Bu, icra hakimiyyətində kiməsə maraqlı da deyil. Ona görə də, bununla bağlı kimsə maraqlanmayıb. Bununla yalnız hüquq-mühafizə orqanları məşğul olurlar”.

Xatırladaq ki, Alimpaşa Məmmədovun DTX təcridxanasına salınmasından sonra onun maralları ac-susuz, quru saman ümidinə qalmışdı. Hələ ötən ay “Azadlıq” radiosu bu haqda məlumat yaymışdı.

"Kür qəsəbəsində yerləşən maral təsərrüfatının qapısı 10 günə yaxındır ki, bağlıdır. Maral fermasının yaxınlığında yaşayan Sabir Bağırov danışır ki, Alimpaşa Məmmədov İcra hakimiyyətinin başçısı olanda onun maralları naz-nemətlə bəslənirdi, hər gün heyvanlara palıd qozası, xüsusi yem verilirdi. İndi isə marallar quru samana möhtac qalıblar.  Amma indi baxan yoxdur. Daha doğrusu baxan var, amma yem gətirəni yoxdur. İcra başçısı getdi, ondan sonra göz görə-görə heyvanlar batıb gedir..”.

Aygül Qarayeva
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
01 may 2024, 21:48
Top