15 iyunda Şuşada daha bir tarix yazıldı

GÜNDƏM 17 iyn 2021, 11:52
1993-cü ilin iyun ayının 15-də Ulu Öndərimiz Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Həmin gündən Ümummilli Liderimiz xalqın xilaskarı kimi öz missiyasını yerinə yetirməyə başladı.

Həmin gün Azərbaycanın tarixinə Milli Qurtuluş günü kimi daxil oldu. 28 il sonra həmin gün Azərbaycan Respublika Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən işğaldan azad olunmuş Qarabağın ürəyi, Qafqazın Mədəniyyət Mərkəzi olan qədim Şuşa şəhərində bir daha tarix yazıldı.

15 iyun artıq həm də bütün türk dünyasının yeni tarixi başlanğıc  nöqtəsi kimi də əlamətdar bir günə çevrildi.

Azərbaycan üçün tarixi bir gündə Qars müqaviləsindən 100 il sonra iki qardaş ölkə arasında imzalanan müttəfiqlik münasibətlərinə dair Şuşa Bəyannaməsi imzalanıb.

Azərbaycan Türkiyə münasibətləri öz zirvəsinə yüksəlib. Xalqımızın eyni soy kökə, dilə, dinə, mədəniyyətə və bir çox digər qarşılıqlı bağlara malik olması ölkəmizi həmişə bir-birinə yaxın edib, xalqlarımız sevincli, kədərli günlərdə də bir-birinin yanında olub. Azərbaycanın qələbəsi ilə başa çatan 44 günlük Vətən müharibəsi zamanı da bütün dünya buna şahid oldu. Qardaş Türkiyə müharibənin ilk günlərindən Azərbaycanın yanında oldu. Siyasi və mənəvi dəstək verdi. Türkiyə prezidenti dəfələrlə çıxış edərək açıq şəkildə bildirdi ki, Azərbaycan bu müharibədə tək deyil. Türkiyə hər zaman Azərbaycanın yanındadır. Bu Azərbaycan xalqını ruhlandırdı  və gücünə güc verdi.

İmzalanan bu tarixi sənəddə vurğulanır ki, Ermənistanın Türkiyəyə qarşı əsassız  iddialarını, tarixi faktların təhrif olunmaqla siyasiləşdirilməsi cəhdlərinin regionda sülhü və sabitliyi təhdid etməsi nəzərə alınmaqla, 1915-ci il hadisələri ilə bağlı arxivlərin açılması və bu mövzuda tarixçilər tərəfindən araşdırmaların aparılmasına yönəlmiş səylərin qətiyyətlə dəstəklənməsi vacibdir.
Respublika Prezidenti İlham Əliyev işğaldan azad olunmuş Qarabağ torpağında qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanı  salamlayaraq demişdi: “Bu gün tarixi bir gündür. Biz əziz qardaşım R.T.Ərdoğanı Qarabağ torpağında salamlayırıq.

Bu gün imzalanmış Bəyannamə əlaqələrimizi ən yüksək zirvələrə qaldırdı. Bəyannamənin adı Müttəfiqlik Haqqında Bəyannamədir. Və bu ad özlüyündə hər şeyi deyir. Keyfiyyətcə yeni əlaqələr qurmuşuq. Bu Bəyannamədə bütün müddəalar bizim gələcək iş birliyimizin təminatçısıdır. Bizi birləşdirən bir çox amillər var ki, birliyi təmin edir. İlk növbədə tarix, mədəniyyət, ortaq etnik köklər, dilimiz, dinimiz, milli dəyərlərimiz, milli maraqlarımız və xalqlarımızın qardaşlığı. Bu gün dünya miqyasında biz əməkdaşlıq,  müttəfiqlik iş birliyi nümayiş etdiririk. 

İmzalanmış Bəyannamə tarixə əsaslanır. Bəyannamədə xalqlarımızın böyük liderləri, Öndərləri Mustafa Kamal Atatürkün və Heydər Əliyevin  kəlamları öz əksini tapıb. 20-ci əsrin əvvəllərində Mustafa Kamal Atatürk demişdi ki,  Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir. 20-ci əsrin sonlarında isə Heydər Əliyev demişdir ki, Türkiyə və Azərbaycan bir millət iki dövlətdir. Bu tarixi kəlamlar bizim fəaliyyətimiz üçün əsas faktordur. Biz bu vəsiyyətə sadiqik və 21-ci əsrdə azad edilmiş Şuşada Müttəfiqlik Bəyannaməsi imzalayarkən bizim əcdadlarımıza sadiqliyimizi nümayiş etdiririk və gələcək nəsillərə yol göstəririk”.

Birgə bəyannamədə tarixi qaz müqaviləsi də imzalanıb. Türkiyədə qaz müqaviləsi 100 il əvvəl imzalanmışdı. Bu da rəmzi məna daşıyır. 100 ildən sonra azad edilmiş Şuşada müttəfiqlik haqqında imzalanmış Bəyannamə iki qardaş ölkənin gələcək iş birliyimizin istiqamətini göstərir. Bəyannamədə bir çox önəmli məsələlər öz əksini tapır. Beynəlxalq müstəvidə əməkdaşlıq siyasi əlaqələr, iqtisadi ticarət əlaqələri və sairə.

Sənəddə eyni zamanda birgə milli mənafelər baxımından siyasi, hərbi və təhlükəsizlik sahələrində əlaqələndirilmiş və birgə fəaliyyətlərin təşfiq edilməsi də xüsusi yer tutur. Şuşa  Bəyannaməsində Silahlı Qüvvələrimizin müasir tələblərə uyğun olaraq yenidən formalaşdırılması və modernləşdirilməsi istiqamətində birgə səylərin göstərilməsi, müdafiə qabiliyyətinin və hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə yönələn tədbirlərin həyata keçirilməsi, iki ölkənin silahlı qüvvələrinin birlikdə artırılması vurğulanır.

Şəhla Ağbulud
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top