Politoloq: “Ermənistanda hakimiyyətə kimin gəlməsindən asılı olmayaraq bəyanat icra ediləcək”

GÜNDƏM 14 iyn 2021, 12:37
“Türkiyə prezidentinin Azərbaycana səfəri səbrsizliklə gözlənilir və bununla bağlı müxtəlif mülahizələr də irəli sürülür. Xüsusilə də Ərdoğanın ABŞ prezidenti Cozef Baydenlə görüşdən sonra Azərbaycana səfər etməsi ilə bağlı müxtəlif fikirlər ortaya çıxıb. ABŞ prezidenti ilə Türkiyə dövlət başçısının görüşü zamanı Qarabağla bağlı məsələlər və baş verən son proseslər də müzakirə predmeti olacaq”. 
 
Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq, beynəlxalq məsələlər üzrə ekspert İlyas Hüseynov Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın Azərbaycana səfəri barədə danışarkən deyib.

Ərdoğanın ABŞ prezidenti ilə görüşünə toxunan politoloq, görüşlə bağlı gözləntiləri vurğulayıb:

“Uzun müddətdir ki, ABŞ-laTürkiyə arasında ikitərəfli təmaslarda müəyyən problemlər vardı. Buna həm Türkiyənin S-400 raket komplekslərini əldə etməsi, ABŞ-ın Suriyadakı terror təşkilatlarına verdiyi dəstək və digər məsələlər Türkiyə-ABŞ məsələlərinə kölgə salırdı. Türkiyə NATO-nun etibarlı üzvü olması və regionda sülhün və təhlükəsizliyin qorunması istiqamətində çox önəmli geosiyasi aktırdır. Bunu nəzərə alan ABŞ və Türkiyə arasında siyasi dialoqun formalaşması istiqamətində addımlar atılır. İkitərəfli münasibətlərin strateji mahiyyətini davam etdirmək üçün qarşılıqlı maraqlara əsaslanan ortaq təmaslar qurulur”.

Onun sözlərinə görə, Türkiyə dövlət başçısının Azərbaycana səfəri yaranan yeni reallıqlar və mövcud problemlərin müzakirəsi baxımından mühüm rol oynayacaq:

“44 günlük müharibədən sonra yeni geosiyasi reallıqlar formalaşıb, Türkiyə də bu müharibə dövründə Azərbaycana verdiyi siyasi və mənəvi dəstək sayəsində Azərbaycan öz beynəlxalq mövqelərini gücləndirməklə yanaşı, torpaqlarını işğaldan azad etdi. 
 
Ərdoğanın səfəri regionda yaranmış problemlərin həlli baxımından da əhəmiyyət kəsb edir. Üçtərəfli bəyanatın müddəalarının implementasiyası məcbburi xarakter daşıyır, həmçinin nəqliyyat və rabitə xəttlərinin açılması da mühüm prioritet təşkil edir. Bunun üçün də İşçi Qrupu yaradılıb, görüşlər keçirilib. Lakin Ermənistanda iyunun 20-də keçiriləcək seçkilərə görə bu sahədə fəaliyyətin yubadılması müşahidə edilir. Bu, Türkiyə tərəfindən qəbuledilməzdir. Türkiyə bu sahədə fəaliyyətin artırılmasında maraqlıdır. Ermənistanda hakimiyyətə kimin gəlməsindən asılı olmayaraq bəyanat icra ediləcək.

Türkiyə prezidentinin Bakıya səfəri zamanı cari məsələlər – ticarət-iqtisadi məsələlər də müzakirə ediləcək. Cənub Qaz Dəhlizi istifadəyə verilib, Azərbaycan qazının tədarükçüləri arasında ilk yerdədir. Bu sahədə də fəaliyyət müzakirə ediləcək. Bölgədə təhlükəsizliyə maneə törədən ünsürlərin aradan qaldırılması istiqamətində hərbi təlimlərin keçirilməsi, ordu quruculuğununun təkmilləşdirilməsi və sənaye komplekslərinin birgə istifadəsi də siyasi gündəlikdir”.
  
Aygül Qarayeva
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top