Deputat: "Minalanmış ərazilərin xəritəsinin əldə edilməsi Prezidentin uğurlu siyasətinin nəticəsidir"

DÜNYA 14 iyn 2021, 11:58
"Qarabağdakı minalanmış ərazilərin xəritəsinin bir qisminin əldə edilməsi birbaşa Prezident İlham Əliyevin gərgin, uzaqgörən və uğurlu siyasətinin nəticəsidir".

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov deyib.

Deputat bildirib ki, istənilən halda bu sahənin mütəxəssisləri xəritələri araşdırıb real olub-olmadığını öyrənəcəklər: "Yalnız bundan sonra, ərazilərin xəritə üzrə təmizlənməsinə başlanılacaq. Digər minalanmış ərazilərin xəritələrinə gəlincə isə, biz, əlbəttə ki, onları tələb edirik və müharibədə məğlub olmuş dövlət kimi həmin xəritələri vermək Ermənistanın borcudur. Sadəcə, burada vasitəçilər də Ermənistana təzyiq göstərməlidirlər. Bu cinayətkar toplumun nazı ilə Rusiya kimi oynamaq olmaz. Rusiya deyir ki, guya Ermənistandan minalanmış ərazilərin xəritəsini ala bilmir. Lakin bu gün həm Azərbaycan, həm də Ermənistan ərazisində ermənilərin təhlükəsizliyini ruslar qoruyur. Necə olur ki, Ermənistan Rusiyanın sözünə baxmır?! Bu, sadəcə, riyakarlıq və səmimiyyətsizlikdir. Görürsünüz, ABŞ və müəyyən mənada Gürcüstanın vasitəçiliyi ilə müəyyən şərtlər daxilində Ağdamda 97 min tank və piyada əleyhinə minalanmış ərazilərin xəritələri alındı. Beləliklə, ABŞ, Rusiya, ümumiyyətlə, ATƏT-in Minsk Qrupu onlara təzyiq göstərib başa salmalıdırlar ki, xəritələri verməməklə növbəti müharibə cinayəti törədirsiz. Dinc insanların həlak olması nəticəsində cinayətlərinin üstünə cinayət əlavə edirlər".

E.Məmmədov hesab edir ki, Azərbaycan istənilən halda mina xəritələrini əldə etməyə müvəffəq olacaq: "Ən son variantda, Azərbaycan Laçın dəhlizinə nəzarəti rus sülhməramlılarından alıb tamamilə öz üzərinə götürə bilər. Ermənistanla Qarabağdakı ermənilərin əlaqəsini tamamilə kəsir, Laçın dəhlizi bağlanır. Onda Ermənistan xəritələri quzu kimi gətirib təhvil verəcək. Başqa çıxış yolu isə odur ki, bizdə olan 60-70 nəfər ermənini bir-birinə qoşub həmin minalanmış ərazilərə buraxa bilər ki, gedib minaları təmizləyin. Amma Azərbaycan humanist mövqedən çıxış edir. Əgər bizim dinc insanlarımız yenə də minalara düşərək həlak olsalar, bunu da etmək olar. Ermənistan bunu gözünün qabağına gətirməlidir".

Qeyd: 2021-ci il iyunun 12-də Ermənistanın Ağdam rayonu üzrə 97 min tank və piyada əleyhinə minanı özündə əks etdirən xəritələri Azərbaycan tərəfinə təqdim etməsi müqabilində, saxlanılan 15 nəfər erməni Azərbaycan-Gürcüstan sərhədində Gürcüstan nümayəndələrinin iştirakı ilə Ermənistana təhvil verilib.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top