Minaya düşən şəxs: bir param kabinədə, ayaqlarım isə...— VİDEO


QARABAĞ 11 iyn 2021, 23:17
Məqsədimiz çəkiliş qrupu ilə Qamışlı kəndində görüşmək, plan üzrə Susuzluq kəndi ərazisinə daxil olmaq idi. Bu ərazilərdə çəkilişlər aparacaqdıq. Üç nəfər “KamAZ”ın kabinəsində oturdu, mən, Arif, Məhərrəm və Sirac isə hərbi avtomobilin arxa oturacağında əyləşdik və yola düşdük.

Demokrat.az 
xəbər verir ki, bu fikirləri Report-a Kəlbəcər rayonunda xidməti vəzifələrini yerinə yetirərkən media nümayəndələri ilə birgə minaya düşərək xəsarət alan Kəlbəcər Rayon İcra hakimiyyətinin Yanşaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin əməkdaşı Şöhrət Cəfərov deyib.

On üç yaşından Kəlbəcərdən didərgin düşən Ş.Cəfərov bildirib ki, yola düşəndən təxminən 10-12 dəqiqə sonra mina partlayışı baş verib.

“Yol dar olsa da, hamımız arxayın idik. Çünki həmin yolda gediş-gəliş var idi. Yolsuzluq şəraitinə görə maşın çətinliklə hərəkət edirdi. Maşında sağ tərəfdə, qapının qabağında Arif ayaq üstə dayanmışdı. Birinci oturacaqda Məhərrəm, ikinci oturacaqda isə Sirac əyləşmişdi. Mən isə sol tərəfdə ayaq üstə idim. Həmin an bir alov hiss elədim. Heç partlayışı xatırlamıram. Gözümün qabağında bir qara alov vardı. Sonra gözümü açdım ki, maşının içərisindəyəm, daha doğrusu, yerdə dəmirlərin üstündəyəm. Bir param kabinə tərəfdə, ayaqlarım isə yoxdur. Maşının heç yeri qalmamışdı, mən dəmirlərin üstündəydim. Maşının sağ tərəfi yanırdı. Bir neçə saniyə keçəndən sonra maşın alovlandı və mənə tərəf gəldi. Qolum alışdı. Sol qolumla güc verib maşının açıq hissəsindən özümü güclə yerə atdım. Sonradan bildim ki, mənim yarı hissəm çöl tərəfdə qalıb. Ayaqlarımı hiss etmirdim. Həmin ana qədər elə bilirdim ki, ayaqlarım yoxdur. Bu zaman kabinədəkilər çölə çıxdılar və qaçdılar. Onları çağırdım. Şok vəziyyətində idim. Bir neçə dəfə iş yoldaşım Kamili çağırdım ki, sağam. Emin və Kamil qaçıb məni oradan çıxardılar. Onlar məni sürüyən zaman ayaqlarımı gördüm ki, mənimlə birgə gəlir. Bir az təskinlik tapdım. Əslində peşman olmuşdum ki, mənim bədənimin yarısı yoxdur, niyə yaşayıram?! Dedilər ki, Arif, Məhərrəm və Sirac maşında yoxdur, axtarırlar…”

Qeyd edək ki, 4 iyun 2021-ci il tarixində saat 11 radələrində xidməti vəzifələrini yerinə yetirmək üçün işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunmuş telekanal və informasiya agentlikləri əməkdaşlarını aparan “KamAZ” markalı sərnişin avtomobilinin Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində tank əleyhinə minaya düşməsi nəticəsində üç nəfər – AzTV telekanalının operatoru Sirac Abışov, Azərtac İnformasiya Agentliyinin müxbiri Məhərrəm İbrahimov, Kəlbəcər Rayon İcra Hakimiyyətinin Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev şəhid olub, daha 4 nəfər isə müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib.


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top