Politoloq: "Azərbaycan terrorçu dövlətlə müharibə aparıb və öz torpaqlarını azad edib"

GÜNDƏM 10 iyn 2021, 12:06
"Qərbdə Qarabağ məsələsi, 44 günlük müharibə, Azərbaycanın öz torpaqlarını azad etməsi ilə bağlı xeyli neqativ rəylər formalaşıb. Belə bir dövlətin əlində böyük kəşfiyyat idarəsi olduğu halda, erməni diasporunun iddia etdiklərinə inanır. Azərbaycan terrorçu dövlətlə müharibə aparıb və öz torpaqlarını azad edib. Təəssüf ki, Qərb dövlətləri məsələyə bu cür yanaşmırlar". 

Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Qabil Hüseynli Türkiyənin dövlət başçısı Rəcəb Tayyip Ərdoğanla ABŞ prezidenti Co Baydenin arasında keçiriləcək görüş barədə danışarkən bildirib. 

Görüşdə Qarabağ məsələsinin müzakirə olacağına toxunan politoloq, Türkiyənin regionla bağlı mövqeyini bir daha ortaya qoyacağını bildirib:

"Görüşdə Türkiyə prezidenti Azərbaycanın ərazi bütövlüyünü təmin etmək məsələsini qaldıracaq. Baydendə formalaşmış xristian təəssübkeşliyindən doğan yanlış təsəvvürləri dəyişdirməyə çalışacaq. Ərdoğan Baydenə açıq şəkildə Türkiyənin Azərbaycanın ərazi bütövlüyünün təminatçısı olduğunu deyəcək. Türkiyə prezidenti bildirəcək ki, bölgədə heç kim Azərbaycana zərər vurmağa çalışa bilməz. Digər tərəfdən, unutmayaq ki, Vaşinqton regionda öz təsir gücünü itirmək istəmir". 

Politoloq Baydenin Rusiya prezidenti Vladimir Putinlə görüşündə də Qarabağ məsələsinin müzakirə ediləcəyinə şübhə etmədiyini deyib:

"Putin görüşdə məsələləri öz dövlət maraqlarına uyğun təqdim edəcək. Şübhə etmirəm ki, o, Ermənistanla Azərbaycan arasındakı müharibənin dərinləşməsinə imkan vermədiyini, sülhdə iştirak etdiyini bildirəcək. Putin bunun sübutu kimi sülhməramlıların bölgədə yerləşdirməsini də göstərəcək. Putin rus təfəkkürünə məxsus bu cür müxtəlif uydurmalar söyləyəcək. O, iki dövlətlə yaxınlığını itirmək istəmir, ona görə də, buna uyğun açıqlamalar verəcək. Baydenə gəlincə, onun Putinin sözlərinə inanacağını gözləmirəm".

Aygül Qarayeva
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top