Politoloq: "Bizim itkilərimiz olursa, ermənilərin də olmalıdır"

GÜNDƏM 08 iyn 2021, 16:20
“Ermənilər Qarabağ istiqamətində problemlər yaratmağa davam edirlər. Bu gün Laçın istiqamətindən ərazimizə diversant qrup göndərilib. Onların da əsas işi ərazini minalamaq olub. Biz həm də bu problemin həlli ilə məşğul olmalıyıq. Nəticə olaraq, müharibədə ağır məğlubiyyətlə üzləşsə də, Ermənistanın terrordan, diversiyadan əl çəkmək niyyəti yoxdur”. 

Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu ermənilərin təxribat addımları ilə bağlı danışarkən deyib.

Bu hadisələrin Ermənistanın daxili vəziyyəti ilə bağlı olduğunu bildirən politoloq, seçkilərdən sonra da ölkədəki qarışıqlığın bitməyəcəyini vurğulayıb:

“Böyük ehtimalla seçkilərdən sonra da Ermənistanda xaos davam edəcək. Paşinyan qələbəyə ümidli olsa da, seçkilərin nəticəsində çox səs qazanmaya da bilər. Onun əsas rəqibi olan Köçəryanın da reytinqi getdikcə artır. Bir sözlə, Ermənistandakı hazırkı böhran, xaos vəziyyəti uzun müddət davam edəcək. Ermənistandakı xaosun seçkilərdən sonra da davam edəcəyi üçün bu təxribatların da davamı ola bilər. Biz bütün senarilərə hazır olmalıyıq. Azərbaycan bütün variantlara uyğun öz addımlarını hazırlamalıdır. Bizim itkilərimiz olursa, onların da olmalıdır və bunun üçün addımlar atmalıyıq”.

Politoloq Ermənistan tərəfinin seçkilərdən sonra Zəngəzur dəhlizinin açılması ilə bağlı hansı addımları ata biləcəyinə də toxunub:

“Ermənilər Zəngəzur dəhlizinin açılmasını istəmirlər. Digər tərəfdən, həmin ərazidəki dəmir yolu xətti bu illərdə tamamilə sökülüb və təmirə ehtiyacı var. Bunu da böyük ehtimalla ermənilər etməyəcək. Həmin xətti biz təmir etməli olacağıq, maliyyə də bizim hesabımızdan olacaq. Bu, zaman alacaq məsələdir. Ermənistanda keçiriləcək seçkilər birbaşa nəyisə həll etməyəcək. Ölkədəki xaosun, özbaşınalığın bitməsi üçün uzun zamana ehtiyacı olacaq. Ona görə də, biz real addımlar atmalıyıq”.

Aygül Qarayeva
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top