“Arvadımdan telefonda kiminlə danışdığını soruşdum” — Ərlə arvad arasında dava

HADİSƏ 03 iyn 2021, 10:40
Abşeron rayonunda 1991-ci il təvəllüdlü Cavid qısqanclıq zəminində həyat yoldaşına xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi xəbərə görə, Cavid arvadı Səbinə (ad şərti verilib – red.) ilə arasında şəxsi münasibətlər və qısqanclıq zəmnində mübahisə yaranıb.

Baş vermiş mübahisə zamanı Cavid yumruq zərbələri ilə Səbinənin baş və sifət nahiyələrinə bir neçə dəfə zərbələr vurub.

İstintaq orqanı tərəfindən Cavidin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Cavid ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, bildirib ki, Səbinə ilə yeddi il əvvəl rəsmi nikaha daxil olaraq ailə həyatı qurub və birgə nikahdan onların iki övladı olub: “Əvvəllər münasibətlərimiz normal olsa da, son zamanlar bu münasibətlər pisləşdi. Biz eyni həyətdə yerləşən ayrı-ayrı evlərdə yaşamağa başladıq”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, 28 fevral 2021-ci ildə, saat 22 radələrində Səbinənin zəng edən zaman telefonun məşğul olduğunu görüb: “Bir qədər sonra təkrar zəng edərək arvadımdan bir az əvvəl kiminlə danışdığını soruşdum. Səbinə isə öz növbəsində mənə kobud cavab qaytardı, bunun mənə dəxli olmadığını bildirdi. Bu səbəbdən əsəbləşdim. Səbinənin yaşadığı evə getdim. Orada olan zaman aramızda qısqanclıq zəminində mübahisə yarandı. Baş vermiş mübahisə zamanı Səbinənin sifət nahiyəsinə iki dəfə şillə zərbəsi vurdu. Həmin vaxt atam araya girərək məni Səbinədən uzaqlaşdırdı. Sonradan Səbinə barəmdə Qobu polis bölməsinə şikayət etdiyini bildim”.

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Səbinə bildirib ki, əri ilə şəxsi münasibətləri zəminində mübahisələri yaranıb, bu səbəbdən eyni həyətdə ayrı-ayrı evlərdə yaşayıblar: “Fevralın 28-də, saat 21 radələrində Cavid yaşadığım evə gələrək heç bir əsaslı səbəb göstərmədən üzərimə hücum çəkdi, yumruqla sifət və baş nahiyələrimə bir neçə dəfə zərbələr endirdi. Zərbələrin təsirindən burun nahiyəmdən xəsarət aldım. Caviddən məni döyməsinin səbəbinin soruşdum. Cavid isə cavabında atası Azərdən pul istədiyini, lakin sonuncunun ona pul vermədiyini bildirdi. Atası Azərin pul verməməsi üçün ona qarşı öyrətməkdə məni günahlandırdı”.

Bu cinayət işinə Abşeron rayon Məhkəməsində hakim Şövkət Nəcəfovanın sədrliyi ilə baxılıb.

Cavid 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunub.  Cavidin Abşeron rayonu, Bakı şəhəri hüdudlarını və saat 23.00-dan saat 06.00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulub.

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top