Azərbaycan vaksinlərin əldə edilməsində və istifadəsində nümunəyə çevrildi — Deputat

GÜNDƏM 01 iyn 2021, 12:46
"Azərbaycan pandemiyanın ilk günlərindən Dünya Səhiyyə Təşkilatı ilə birlikdə ciddi proqramlarda iştirak etdi. Həmçinin ilk günlərdə gigiyena vasitələrinin istehsalı ilə bağlı fabriklərin açılması, ciddi karantin rejiminin tətbiq edilməsi istiqamətində mühüm tədbirlər həyata keçirildi. Bu, Azərbaycanın pandemiya ilə mübarizədə ilk vacib addımları oldu".

Bu sözləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Arzu Nağıyev Azərbaycanın pandemiya ilə mübarizə çərçivəsində həyata keçirdiyi tədbirlər barədə danışarkən bildirib.

O, qeyd edib ki, Azərbaycan prezident İlham Əliyevin  siyasəti nəticəsində pandemiya ilə mübarizədə dünyada öncüllər sırasındadır:
"Azərbaycan pandemiyanın ilk günlərindən beynəlxalq səviyyədə bütün proqramlara qoşuldu və mübarizənin aktiv iştirakçısına çevrildi. Digər vacib addım isə vaksinasiya prosesi ilə bağlı idi. Azərbaycan vaksinlərin alınmasında və əhalinin peyvəndlənməsində ciddi addımlar atdı. Bu tədbirlərin nəticəsində hazırda yoluxma sayında ciddi azalma var, yumşaldılma yolunda addımlar atılıb. Azərbaycan beynəlxalq təşkilatlarla birlikdə öz mübarizəsini apardı və ciddi nəticələr əldə etdi. Nəzərə alaq ki, hazırda bütün ölkələrdə vaksinasiya prosesi bərabər şəkildə aparılmır. İqtisadiyyatı güclü olan və lazımi vəsaiti olan dövlətlər daha çox vaksin əldə edə biliblər. Dünya Səhiyyə Assambleyasının sessiyasında bu məsələ də geniş müzakirə olundu. Azərbaycan vaksinlərin əldə edilməsində və istifadəsində nümunəyə çevrildi".



Deputat vurğulayıb ki, Azərbaycan pandemiya dövründə iqtisadi-sosial məsələlərdə də ciddi işlər gördü:

"Pandemiya dövründə əsas istiqamətlərdən biri də daxili iqtisadiyyatla bağlı idi. Dövlət tərəfindən əhalinin sosial məsələlərinin həll edilməsi, fondların yaradılması, iş adamlarının müflis olmaması üçün yerində addımların atılması vacib tədbirlərdən idi. Azərbaycan bu tədbirlər sayəsində pandemiyanın iqtisadi təsirindən də üzüağ çıxdı. Üstəlik, nəzərə alaq ki, biz pandemiya dövründə müharibə apardıq. Eyni vaxtda iki cəbhədə mübarizə aparmaq çox ağır və məsuliyyətli idi. Hərbi hissələrdə əsgərlərimizin virusdan qorunması, ağır pandemiya şəraitində yaralıların müalicə olunması və s. çətin proses idi. Azərbaycan bu dövrü də uğurla geridə qoydu. Böyük səhiyyə obyektlərinin tikintisi və istifadəyə verilməsi, ixtisaslaşmış tibbi personalın yetişdirilməsi çox mühüm məsələlər idi. Azərbaycan beynəlxalq səviyyədə bu məsələlərin öhdəsindən gələ bildi". 

Aygül Qarayeva 
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top