Deputat: “Ali Baş Komandan Ağdamda ermənilərə növbəti dəfə mesaj göndərdi”

GÜNDƏM 29 may 2021, 14:21
“Prezident İlham Əliyev Ağdama səfəri çərçivəsində çox ciddi açılışlar edib. Azad olunmuş ərazilərin bərpa-quruculuq işləri izlənilib, bir sıra obyektlərin açılışı həyata keçirilib. Cənab İlham Əliyev hər dəfə olduğu kimi bu səfər zamanı da ciddi əhəmiyyət kəsb edən nitq söyləyib və bildirib ki, işğaldan azad olunmuş bütün ərazilərimiz tezliklə bərpa olunacaq, Ağdam şəhərinin Baş Planı təsdiq ediləcək və yaxın zamanlarda Plana uyğun olaraq quruculuq işlərinə başlanılacaq».

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Kərimli deyib.

Deputat bildirib ki, dövlət başçısı ermənilərə növbəti dəfə mesaj verib: “Prezident İlham Əliyev çıxışında bir daha dünya ictimaiyyətinə bildirib ki, doğma şəhərlərdən vəhşi erməni qəbilələri keçib, onlar hər yeri darmadağın ediblər, Xocalı soyqırımını törədiblər. Bildirib ki, artıq hər kəs bizim suyumuzdan, çörəyimizdən yeyən bir xalqın bizə belə nifrət hissi ilə yanaşmasının şahidi olub. Lakin Azərbaycan tərəfi heç zaman soyqırım törətməyib. Elə bu səbəbdən də, Ermənistanın mülki əhalisi arasında ölüm sayı çox az olub. Ali Baş Komandan bildirib ki, ikili standartlar 30 illik işğal nəticəsində ermənilərin doğru addım atmasına imkan vermədi, müvafiq beynəlxalq qurumlar tərəfindən aqressora qarşı heç bir sanksiya tətbiq edilmədi. Azərbaycan xalqı, doğrudan da, bütün bu məsələlərin şahidi olub. Yəni vasitəçilərin Azərbaycan tərəfinə birmənalı yanaşmamalarından ermənilər sui-istifadə ediblər. Azərbaycan tarixi missiyasını şərəflə yerinə yetirib, 44 günlük müharibədə öz gücünü göstərib, bütün millət bir yumruq kimi birləşərək geri yox, yalnız irəliyə addım atıb. Nəticədə isə düşmək ciddi məğlubiyyətə məruz qalıb. Prezidentin sözləri ilə desək, II Qarabağ müharibəsi Azərbaycan xalqının iradəsini göstərib, tarixdə müzəffər xalq kimi qalmasını təmin edib. İndi Azərbaycan Ermənistana nə qədər əl uzatsa da, nifrət hissi onlara doğru qərar qəbul etmək üçün imkan vermir. İlham Əliyev bir daha vurğulayıb ki, ordumuz qalib xalqın müzəffər ordusudur. Əlavə edib ki, biz müharibəyə başlananda düşmənin çoxlu qüvvə cəmləşdirdiyi Ağdam istiqamətindən hücum etmədik, düzgün taktika və strategiya qurduq. Beləliklə, ordumuz Cəbrayıl, Füzuli, Hadrut, Murovdağ, Suqovuşan, Zəngilan, Qubadlı şəhərlərini geri qaytarandan sonra Ermənistan 10 noyabr tarixli kapitulyasiya aktına qol çəkməyə məcbur oldu. 44 günlük Vətən müharibəsi bizim şanlı tariximizdir. Şükürlər olsun ki, Azərbaycanın əsgər və zabitlərinin şərəfli mübarizəsi yerdə qalmadı. Bütün bunlara baxmayaraq, təəssüf ki, Ermənistan yenə də təxribatçı əməllərindən əl çəkmir və bu barədə də Prezident bir daha bildirib ki, ermənilər bizim gücümüzü görüblər və yenə də təxribat törətmək istəsələr, onların əməlləri cavabsız qalmayacaq", deyə T.Kərimli əlavə edib.

Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top