Koronavirusa qarşı immunitet illərlə qala bilər? — ARAŞDIRMA

DÜNYA 28 may 2021, 11:27
Vacib immunitet hüceyrələri virusa yoluxanların, yaxud ona qarşı peyvənd olunanların sümük iliyində yaşayır. Bunu iki yeni araşdırma üzə çıxarıb.

“The New York Times” qəzeti araşdırmaya istinadla yazır ki, bu immunitet azı bir il, hətta ömür boyu qala, vaksinasiyadan sonra daha da möhkəmlənə bilər. Araşdırmalar virusa qarşı qorumanın qısamüddətli olması sarıdan qorxuları azalda bilər, məqalədə deyilir.

Covid-19-dan sağalanların, sonradan peyvənd olunanların heç əlavə gücləndirici dozalara ehtiyacı olmadığı bildirilir. Heç vaxt yoluxmamış, peyvənd olunmuş şəxslərə isə sonradan gücləndirici dozalar vurula bilər. Bu, yoluxanlara, ancaq bədənində güclü immun reaksiyası yaranmamış şəxslərə də aiddir.

Bu həftə “Nature” jurnalında dərc olunmuş bir araşdırmaya görə, yaddaş hüceyrələri ilik sümüyündə qalır. Bioloji tədqiqat saytı olan “BioRxiv”də dərc olunmuş digər araşdırmaya görə, həmin B hüceyrələri ilkin yoluxmadan azı 12 ay sonra belə yetişir və möhkəmlənirlər. Hər iki tədqiqat bir il öncə koronavirus keçirmiş şəxslər üzərində aparılıb.

Pensilvaniya Universitetinin immunoloqu Skot Hensli deyib ki, bu tədqiqatlar virusa qarşı immunitetin, adi soyuqdəymə viruslarında olduğu kimi, keçici olması sarıdan qorxuları azalda bilər. Amma bir məsələ də var ki, viruslar hər neçə ildən bir dəyişir.

“Həyatımız boyunca adi koronavirua təkrar-təkrar yoluxma səbəbimiz immunitetdən çox, bu virusların mutasiyaları ilə bağlı ola bilər”, – Hensli vurğulayıb.

Nyu Yorkdakı Rokfeller Universitetindən Mişel Nussenzveqin sözlərinə görə, SARS-CoV-2-yə qarşı yaranan B yaddaş hüceyrələri o qədər güclüdürlər ki, virusun mutasiyalarının qarşısını belə ala bilirlər.

“Yoluxanlar və vaksinasiya olunanlarda həqiqətən qeyri-adi reaksiya yaranır, dəhşətli anticisim seriyası formalaşır və onlarda anticisim formalaşmaqda davam edir. Bu anticismlərin uzun müddət qalacağını gözləyirəm”, – o vurğulayıb.(azpost.info)

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top