Aslan İsmayılov: "Bir çox qanunlar əvvəlcədən elə yazılır ki, rüşvət almaq üçün daha çox əsas olsun"

GÜNDƏM 27 may 2021, 10:20
"Əminliklə deyirəm ki, rüşvətin alınması və verilməsi ancaq cəza tətbiq edilməklə aradan qalxmayacaq. Rüşvətə yol açan əsas məsələ qadağalar və onların qarşısını almaq üçün verilmiş qanunlardır. Rüşvətin qarşısını almaq üçün cəzalardan daha çox qanunların mükəmməl olması və qadağaların maksimum az olmasıdır. Bir çox qanunlar əvvəlcədən elə yazılır ki, rüşvət almaq üçün daha çox əsas olsun. Bunu çox sadə nümunələrlə Sizə çatdırmaq istəyirəm".

Demokrat.az xəbər verir ki, bunu tanınmış hüquqşünas Aslan İsmayılov bildirib.

Aslan İsmayılov vurğulayıb ki, bu gün rüşvət yeri kimi adı ən çox hallanan Əmək və Əhalinin  Sosial Müdafiəsi Nazirliyidir. Bu da təsadüfi deyil. Vaxtilə dəfələrlə yazmışdım ki, Azərbaycanda rüşvət mexanizminin qurulması üzrə «professor» keçmiş nazir Səlim Müslümovdur. Bu gün artıq minlərlə saxta təqaüd və müavinət alanlar aşkar olunsa da hələ şikayətlər səngimək bilmir, çünki vaxtilə S.Müslümovun qanuna saldırdığı "rüşvət rıçaqları" hələ də aradan qaldırılmayıb. Bu gün də qanuna görə əli, qolu, gözü olmayan əlillər müəyyən müddətdən sonra bir daha həkim müayinəsindən keçməlidirlər ki, əlil olmalarını yenidən sübuta yetirsinlər. Sanki bir, iki ildən sonra olmayan əl, qol yenidən bitəcək. Bunun mümkünsüz olmadığını hamı çox yaxşı bilir, ancaq yenidən müayinə adı altında rüşvət mexanizmini daim işlək vəziyyətdə saxlayırlar. Başqa bir çox oxşar hallarda hökmən xəstə şəxslərin yenidən formal olaraq xəstəxanada yatmaları tələb olunur. Bu formal xarakter daşıdığından insanlar xəstəxanalara rüşvət verib guya 10-20 gün orada yatmaları barədə saxta sənəd alırlar.

"İndi də Koronavirus pasportu icad edilib. Bəli, bir çox ölkələr bunu tələb edir. Ancaq burada da milyonlarla insan rüşvət almağa, yaxud verməyə təhrik edilir. Hamı bilir ki, koronavirusa tutulan milyonlarla insanlar həkimə müraciət etmədən, heç bir yerdə qeydə alınmadan bu xəstəliyi keçiriblər. Demək bu insanlar da pasport almaq üçün yenidən ya peyvənd olunmaları, yaxud da xəstəlik keçirmələri barədə arayışlar almalıdırlar. Bu, çox ciddi məsələdir və təcili öz həllini tapmalıdır", deyə tanınmış hüquqşünas qeyd edib.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top