Politoloq: "Ermənilər bizimlə birgə yaşamağa hazır deyil"

GÜNDƏM 21 may 2021, 18:06
"Ermənistanla Azərbaycan arasında sülh sazişi imzalanarsa, sərhədlərin demarkasiyası tam başa çatarsa, geriyə sadəcə dinc birgəyaşayışı təmin etmək qalır. Bundan sonra vacib kommunikasiya xətlərinin bərpası, bəlkə, gediş-gəliş məsələri ortaya çıxa bilər".

Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Qabil Hüseynli Azərbaycan Prezidenti İlham Əliyevnin Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” mövzusunda təşkil etdiyi videokonfransda Ermənistanla münasibətlərin normallaşması və birgəyaşayışla bağlı səsləndirdiyi fikirlərlə bağlı danışarkən deyib:

"Birgəyaşayış dünyanın qanunauyğunluğudur və bu proses təkcə bizim üçün səciyyəvi deyil. Bütün müharibə aparan ölkələr belə hərəkət ediblər. Lakin bir məslə var ki, ermənilərin arasında millətçilik ideyaları ilə yaşayanlar çoxdur. Onlar bizim əzəli, tarixi torpaqlarımız üzərində dövlət qurublar, üstəlik qisas hissi ilə yaşayırlar. Qisası o insan istəyər ki, ona məxsus nəyisə əlindən alasan. Amma son hadisələrə qədər onlar bizim əlimizdən nələrisə alırdılar. İndi ermənilər onları qovub çıxardığımız torpaqlarla bağlı absurd fikirlərə düşürlər, hətta bu əraziləri geri alacaqlarını deyirlər. Hansı torpaqları? Bu torpaqlar onlara kimdən qalıb? Ya ata vəsiyyətini yerinə yetirirlər?".

Qabil Hüseynli bildirib ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Forumu Azərbaycan Prezidentinin multikultural çıxışı ilə yadda qalıb:

"Prezident həmçinin Ermənistanla münasibətlərin yaxşılaşdırılması, birgə yaşamaq, yaxın qonşuluq münasibətlərini həyata keçirmək və tədricən müharibədən əvvəlki vəziyyətə qayıtmaqla bağlı mesajlar verdi, lakin "ermənilər buna hazırdırmı?" sualına birmənalı cavab vermək çətindir. Hətta çox asanlıqla deyə bilərik ki, ermənilər bizimlə birgə yaşamağa hazır deyil. Prezident çıxışında məhz bu amillərə toxunurdu. Azərbaycan xalqının böyük bir hissəsi buna hazırdır. Biz sadəcə başımızı aşağı salıb içimizi görmək, dinc şəkildə yaşamaq, torpağımızı əkib-becərmək istəyirik. Əsas məqsədlərimizdən biri də o torpaqlara qayıdaraq həm də rifah səviyyəsini yüksəltməkdir. Ermənilər də belə düşünsələr, müasir sivilizasiyanın tələblərinə riayət etsələr, onda ortada problem qalmayacaq. Cənubi Qafqazda problemlərin həllinin 99 faizi ermənilərdən asılıdır".


Aygül Qarayeva
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top