Qarabağ məsələsinin informativ fazasında davam edən mübarizə

GÜNDƏM 21 may 2021, 15:15
İlham Əliyev bütün formatlarda Azərbaycanın haqlı mövqeyini, qalib imicini uğurla təbliğ edir.   

Prezident İlham Əliyevin mayın 20-də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin videoformatda təşkil etdiyi “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” mövzusundakı müzakirələrdə söylədiyi nitqi, suallara verdiyi cavablar Qarabağ savaşının indiki mərhələsi ilə bağlı dünya ictimaiyyətinin məlumatlandırılması baxımından olduqca önəmli idi. 

Azərbaycan 44 günlük Vətən müharibəsində inamlı qələbə qazanaraq Qarabağ savaşını başa çatdırıb və prosesin müharibə fazası arxada qalıb. Müharibədən sonrakı və indi yaşadığımız proseslər müharibə dövründəki hadisələrdən heç də asan görünməməlidir. Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanan bəyanatın bir sıra bəndlərinin məhz sonuncu tərəfindən icra edilməməsinə yönələn pozuculuq fəaliyyəti danılmaz fakt kimi ortadadır. Ermənistan ikili standartlarla idarə olunan dünyanın dəstəyinə güvənərək bütün cəbhələrdə Azərbaycana qarşı durmaq əhval-ruhiyyəsi və mübarizə cəhdləri nümayiş etdirir. Düşmən dayanmayıb, əksinə bütün ciddi-cəhdlə Azərbaycandan hansısa torpaq sahəsini qoparmaq sevdasını gerçəyə çevirmək istəyir. 44 günlük Zəfərlə arxivə atılan Dağlıq Qarabağ münaqişəsini diriltmək üçün Ermənistan, erməni lobbisi və bu lobbi tərəfindən idarə olunan dövlətlər birgə iş aparmaqdadır. 

Fəqət düşmənin bütün mümkün cəbhələrdə başlatdığı fəaliyyət uğursuzluqla nəticələnməkdədir və Ermənistan istəməsə belə üçtərəfli bəyanatın bəndlərini icra etmək zorundadıdır. Ermənistanın istər cəbhədə, istərsə də indi daha amansız forma alan informasiya savaşında məğlubiyyətinin kökündə  Prezident Əliyevin davamlı fəaliyyəti dayanır. 44 günlük müharibədə İlham Əliyevin Ali Baş Komandan olaraq qətiyyəti, əzmi, biliyi, Vətən yanğısı, gecəli-gündüzlü prosesi şəxsən idarə etməsi, Azərbaycan əsgərinin igidliyi, qanı-canı hesabına apardığı döyüş bizə Qələbəni bəxş etdi. Yaxın tariximiz sübut edib ki, cəmiyyəti, ordunu öz ətrafında birləşdirə bilən əsl LİDER meydanda olmadıqda, müharibədə qələbə qazanmaq mümkün deyil. İlham Əliyev təkcə Ali Baş Komandan kimi meydanda olmadı, bütün dünyanı, onun bəlli dairələr tərəfindən idarə olunan bir sıra mətbuat quruluşlarını qarşısına alaraq özünün, xalqının intellektini, qabiliyyətini, qürurunu, vətənpərvərliyini dünyaya nümayiş etdirdi. Dünya Azərbaycan xalqının, əsgərinin nəyə qadir olduğunu bir daha gördü. Yeni informasiya strategiyası yürüdən İlham Əliyev Ermənistan və erməni lobbisini, onların havadarlarını Azərbaycanı istəməyən xarici qüvvələri tərksilah etdi və etməkdədir. İnsanımız Onun Vətən yanğısını gördü, Azərbaycan həqiqətlərini peşəkarlıqla, əsl siyasət ustası kimi çatdırdığını fəxrlə seyr etdi.

Müharibədən ötən 5 aydan artıq dövrdə İlham Əliyevin Azərbaycan savaşını eyni əzm və iradə ilə davam etdirdiyinin şahidiyik. Prezident postkonflikt dövrdə regionun gələcəyi ilə bağlı planlar, işğaldan azad olunmuş ərazilərdə yenidənqurma və bərpa işləri, ermənilərin vandallığı və bunun mənəvi və hüquqi nəticələri barədə dünyaya dolğun məlumat verməkdə davam edir. Hədəf Azərbaycanın dünya tərəfindən tanınmış sərhədlərinin bir qarışını belə güzəştə getmədən tam bərpa etmək, ərazi bütövlüyümüzü düşmənə də tanıtdırmaqdır. 

Prezident düşmənin əks-təbliğatının qarşısına şəxsən çıxaraq bu prosesi uğurla aparmaqdadır. Bu gün Azərbaycan Ordusu əvvəlkindən daha güclü, daha yüksək əhval-ruhiyyədədir. Azərbaycan cəmiyyəti Prezidentin ətrafında daha sıx birləşib, Vətən savaşında bir yumruq olmaq nümunəsini davam etdirilir.

Cəmiyyət yaxşı anlayır ki, Qarabağla bağlı irəlidə görülməli olan işlərin uzun bir siyahısı mövcuddur. Bölgə yenidən qurulmalı, qlobal layihələr həyata keçirilməli və s.  Ən əsası Ermənistan və Azərbaycan arasındakı konfliktin həll olunmasının bütün aspektləri beynəlxalq ictimaiyyətə və yerli auditoriyaya hərtərəfli çatdırılmalı, proses uğurla sonuclanmalıdır.

Prezidentin rəhbərliyi ilə Azərbaycanın bütün bu istiqamətlərdə fəallığı, üstünlüyü göz önündədir. Qarabağda sosial-iqtisadi layihələrə başlanılıb. Abadlıq-quruculuq bölgəsinə çevrilən Qarabağda bununla bağlı real addımlar atılıb, digər tərəfdən strateji nəqliyyat dəhlizlərinin maraqlı dövlətlərlə müzakirəsi gedir. Qeyd olunanlarla yanaşı, Prezident İlham Əliyev xüsusilə dünyaya informasiya çatdırılmasında şəxsən yüksək fəallıq nümayiş etdirir.

Prezidentin Vətən müharibəsi dövründə 30-a yaxın dünyanın aparıcı mediasına müsahibələri və çıxışları, bəyanatları, xarici jurnalistlərlə 4 saatlıq mətbuat konfransı, dünyanın aparıcı beyin mərkəzlərinin nümayəndələri ilə görüşü, habelə mühüm beynəlxalq platformalarda nitqləri, müzakirələrdə iştirakı aydın göstərir ki, İlham Əliyev təkcə dövlət idarəçiliyi, daxili və xarici siyasət məsələlərinə deyil, həm də dövlətin informasiya siyasətinə yeni strateji baxış sərgiləyir. 

Faktlara diqqət edək: Prezident İlham Əliyev Vətən müharibəsi dövründə dünyanın 26 aparıcı mediasına (18 TV, 5 agentlik və 3 qəzet) müsahibələ verib, həmçinin mütəmadi olaraq ayrı-ayrı çıxışları və  bəyanatları ilə Azərbaycan cəmiyyətini, dünyanı məlumatlandırıb; 2021-ci il fevralın 26-da yerli və xarici media nümayəndələri üçün keçirilən mətbuat konfransında 4 saat ərzində 35 media qurumunun 50-dək sualını cavablandırıb; aprelin 11-də ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə “Cənubi Qafqaz üçün yeni baxış - müharibə sonrası inkişaf və əməkdaşlıq” mövzusunda dəyirmi masada dünyanın 15 ölkəsindən aparıcı beyin mərkəzlərinin nümayəndələrinin suallarına cavablar verib. Nəhayət mayın 20-də Prezident İlham Əliyevin Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı videoformatdakı müzakirələrdə müxtəlif ölkələrin sabiq prezidentləri, baş nazirləri, yüksək vəzifəli şəxslər, tanınmış ictimai-siyasi xadimlər, diplomatlar, politoloqlarla müzakirələrdə iştirakı və çoxsaylı suallara ətraflı  cavab verməsi yeni informasiya siyasətinin ən parlaq nümunələrindən biri idi.
 
Öz ölkələrində və dünyada nüfuzlu şəxslərə Prezident bir daha münaqişə və Azərbaycanla bağlı həqiqətləri çatdırdı. Azərbaycan Prezidenti ilə sonuncu keçirilən tədbirdə ona suallar ünvanlayan iştirakçıların kimliyinə baxmaq da çox şey ifadə edir: ABŞ-ın Milli Təhlükəsizlik Şurasında Cənubi və Mərkəzi Asiya Məsələləri üzrə direktor, ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə sabiq köməkçisi və Nazarbayev Universitetinin İdarə Heyətinin üzvü cənab Deyvid Merkel, 2010-2012-ci illərdə Gürcüstanın Baş nazirinin müavini, 2008-ci ildə Gürcüstanın xarici işlər naziri olmuş xanım Eka Tkeşelaşvili, 2002-2010-cu illərdə İsrailin xarici işlər naziri olmuş xanım Tzipi Livni, 2005-2010-cu illərdə Ukraynanın Prezidenti olmuş Viktor Yuşşenko, ABŞ-ın Azərbaycan Respublikasındakı sabiq səfiri Robert Sekuta, 2002-2004-cü illərdə, həmçinin 2008-2011-ci illərdə İtaliyanın xarici işlər naziri, 2004-2008-ci illərdə Avropa İttifaqının komissarı olmuş cənab Franko Frattinini, 2012-2017-ci illərdə Bolqarıstanın Prezidenti olmuş cənab Rosen Plevneliyev, 1987-2015-ci illərdə Anti-Diffamasiya Liqasının direktoru olmuş cənab Abraham Foksman, CNN telekanalında “Farid Zakariya GPS” verilişinin aparıcısı, məşhur amerikalı jurnalist Farid Zakariya, 2013-2019-cu illərdə Çinin xarici işlər nazirinin müavini olmuş, hazırda isə Çin Xalq Xarici Əlaqələr İnstitutunun prezidenti vəzifəsini daşıyan Vanq Çao, 2015-2020-ci illərdə Xorvatiyanın Prezidenti olmuş xanım Kolinda Qrabar-Kitaroviç, 2001-2002-ci illərdə Bosniya və Herseqovinanın Baş naziri və 2012-2015-ci illərdə xarici işlər naziri Zlatko Laqumdziya, 2004-2012-ci illərdə Serbiyanın Prezidenti olmuş Boris Tadiç, 1999-2001-ci illərdə İsrailin Baş naziri olmuş Ehud Barak,  2001-2011-ci illərdə Ərəb Liqasının Baş katibi və 1991-2001-ci illərdə Misirin xarici işlər naziri olmuş Amr Musa, BMT-nin 73-cü Baş Assambleyasının prezidenti, 2017-2018-ci illərdə Ekvadorun xarici işlər naziri, 2012-2014-cü illərdə isə Ekvadorun milli müdafiə naziri olmuş xanım Mariya Fernanda Espinoza, Latviyanın sabiq Prezidenti Valdis Zatlers, 2008-2009-2011-ci illərdə Belçikanın Baş naziri olmuş İv Leterm, Rumıniyanın 2016-2019-cu illər arasında Baş naziri olmuş xanım Ana Birçal, 2015-ci ildə Moldovanın Baş naziri olmuş Çiril Qaburici, 2004-2014-cü illərdə İslam Əməkdaşlıq Təşkilatının baş katibi olmuş cənab Ekmələddin İhsanoğlu, ICESCO-nun sabiq baş direktoru Əbdüləziz əl-Tüveycri, Rumıniyanın digər sabiq baş naziri Petre Roman.

Göründüyü kimi bu, kifayət qədər sanballı, dünya siyasətində xüsusi çəkisi olan bir kontingentdir. Dünyanın tanınmış isimlərinin bu tədbirə qoşulması Azərbaycana olan maraqdan, Prezident İlham Əliyevin nüfuzuna göstərilən sayğıdan irəli gəlir. Qısa zaman fasiləsindən sonra daha bir nüfuzlu kontingent qarşısına çıxmaq, onların suallarını saatlarla cavablandırmaq Prezident İlham Əliyevin ölkəmizin dünyadakı maraqları naminə yerinə yetirdiyi müqəddəs işin davamıdır.

Məhz bu informasiya strategiyası ölkədə, regionda və dünyada baş verən mühüm proseslərə dair Azərbaycanın mövqeyini və müvafiq mesajları daha effektiv şəkildə beynəlxalq ictimaiyyətə çatdırmaq imkanı qazandırıb. Diqqət çəkən məqam odur ki, bütün dünya Prezident İlham Əliyevin heç bir sualdan yayınmadığını, bütün məsələlərə mahiyyəti üzrə aydınlıq gətirdiyinin, onlara sistemli yanaşma nümayiş etdirdiyinin, məntiqlə və əhatəli şəkildə təhlil verdiyinin şahididir. Belə canlı müzakirə və debatlarda, mətbuat konfranslarında ən mürəkkəb suallara açıq olmaq və onları peşəkar formada cavablandırmaq üçün bacarıq, yüksək məntiq, intellekt, diplomatik  məharət, dünyada, regionumuzda  və ölkəmizdə baş verən hadisələr və cərəyan edən proseslər barədə tam məlumatlılıq, elmi-politoloji biliyin yüksək olması tələb olunur. İlham Əliyev bu keyfiyyətləri özündə birləşdirən Liderdir. Bunu həmin tədbirlərdə iştirak edən nüfuzlu şəxslərin dilə gətirməsinin şahidiyik və bu, hər bir Azərbaycan vətəndaşı üçün qürurverici mənzərədir. 

Prezident İlham Əliyev təkcə müharibədən sonrakı olduqca çətin prosesi uğurla icra etmir. O, eyni zamanda Azərbaycanın daxili problemlərinin həllini, ölkəsinin davamlı inkişafını bir an olsun axsatmır. Qarabağın dirçəlişini bir nömrəli məsələyə çevirən, böyük quruculuq işlərinə başlayan Prezident paralel olaraq digər bölgələrə ənənəvi səfərlərini davam etdirməkdə, yeni-yeni obyektləri istifadəyə verməkdə, ölkəsinin uzunmüddətli inkişafı ilə bağlı layihələrə imza atmaqdadır. Müharibədən çıxmış ölkəni qısa müddətdə inkişaf relsi üzərinə qoymaq, müharibənin açılarını sarmaq, Azərbaycanı sanki müharibə görməyən ölkə kimi inkişafa qovuşdurmaq məhz İlham Əliyevin gərgin əməyinin nəticəsidir.

Elman Babayev
Əməkdar jurnalist
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top