Çingiz Qənizadə: "Sergey Lavrovun Bakıya səfəri də ermənilərin ümidlərini doğrultmadı"


GÜNDƏM 18 may 2021, 12:08
Rusiya Xarici İşlər naziri Sergey Lavrovun Azərbaycana səfərinin nəticələrinə böyük ümidlər bəsləyən ermənilərin bu arzusu da puç oldu. Əslində isə səfərdə əsas məqsəd Rusiya ilə Azərbaycan arasında ikitərəfli və regional əməkdaşlıq, habelə beynəlxalq aləmdə qarşılıqlı fəaliyyət məsələlərinin geniş müzakirəsi idi.

Səfərin yekunları barədə danışan Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə dedi:

– Rusiya Xarici İşlər naziri Sergey Lavrovun ölkəmizə səfəri heç də erməni siyasətçilərin uydurmaları kimi deyil, Rusi­ya, Azərbaycan və Ermənistan liderlərinin 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli Dağlıq Qarabağla bağlı bəyanatlarının həyata keçirilməsinin praktik aspektlərinə və iki ölkə arasında münasibətlərin daha da inkişafına diqqət yetirmək idi. Bunu görüşün nəticələri də təsdiqlədi. Məsələn, rusiyalı diplomatın azərbaycanlı həmkarı ilə görü­şü zamanı həm ikitərəfli, həm də çoxtərəfli çərçivələrdə əməkdaşlığın uğurla həyata ke­çirildiyi vurğulanıb. Həmçinin iki ölkə arasın­da mövcud olan strateji tərəfdaşlığın bir çox istiqamətlərdə inkişaf etdiyi bildirilib.

Sergey Lavrov Azərbaycan Respublikası Prezidenti ilə görüşündə hər iki ölkənin dövlət başçıları tərəfindən müəyyən edilən strateji fəaliyyət xəttinin aidiyyəti qurumlar tərəfindən həyata keçirildiyi qeyd olunub. Ölkələrimizin gündəliyində bir çox məsələlərin olduğu və əməkdaşlığın geniş spektr üzrə həyata keçi­rildiyi vurğulanıb.

Tərəflər, faşizm üzərində birgə qələbənin növbəti ildönümü münasibətilə təbriklərini səsləndirərək, nasizm ideologiyası ilə mübarizədə qətiyyət və həmrəyliklərini ifadə ediblər. Əslində, bu, Ermənistana ciddi bir mesaj idi. Çünki həm Rusiyaya, həm də beynəlxalq aləmə bəllidir ki, Ermənistanda nasizmə meyillik artıq dövlət səviyyəsinə yüksəlib.

İki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə, gələn il qarşılıqlı fəaliyyətin həyata keçirilməsinin razılaş­dırılması da dostluq münasibətlərinin möhkəmləndirilməsindən xəbər verir.

Səfər zamanı, həmçinin bölgədə mövcud olan cari vəziyyət, üçtərəfli bəyanatların icrası ilə bağlı məsələlər, münasibətlərin normal­laşdırılmasına və sülhün təmin olunmasına xidmət edəcək iqtisadi və nəqliyyat layihələri, habelə üçtərəfli bəyanatların həyata keçirilməsinə əngəl olan məsələlər ətrafında geniş müzakirələr aparılıb. Sergey Lavrovun “Biz bütün humanitar məsələlərin, xüsusən də minalanmış ərazilərin xəritələrinin verilməsi ilə bağlı məsələlərin mümkün qədər operativ şəkildə və ilkin şərtlər olmadan həll edilməsinin tərəfdarıyıq” mesajı ermənilərin ümidlərini puç etdi.

Səfər zamanı qeyd edildi ki, əldə olunmuş razılaşmaların tam şəkildə həyata keçirilməsi bölgədəki vəziyyətin normallaşdırılmasında açar rolunu oynayır. Bu razılaşmalar hərbi əməliyyatların bərpasının qarşısının alınma­sı, iqtisadi və kommunikasiya əlaqələrinin açılması üçün bütün mexanizmləri təmin edir. Konkret planlar hazırlayan üçtərəfli işçi qrupu əldə olunmuş razılaşmaların həyata keçirilməsinə mühüm töhfələr verir.(xalqqazeti.com)

Demokrat.az


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top