Rasim Balayev: "Bu günü biz artıq sevinc, qürur hissi ilə keçiririk"

İNCƏSƏNƏT 08 may 2021, 15:07
Bu gün Azərbaycanda Şuşa sevinci yaşanır. Azərbaycanın ən gözəl guşələrindən biri olan, lakin illərdir həsrət qaldığımız bu şəhərimizin azadlığını növbəti dəfə qeyd edirik. İllərdir 8 may tarixinin yaşatdığı acını, kədəri bu dəfə zəfər və azadlıq hisləri ilə əvəz etmişik. 

Ölkənin ictimai-siyasi xadimləri, məşhurları da Şuşanın azadlığı ilə bağlı fikirlərini bölüşürlər. 

Demokrat.az-a danışan xalq artisti, tanınmış aktyor Rasim Balayev bunları deyib:

"Hər gün şükür edirəm ki, bu günü gördüm, ədalət qələbə çaldı. Ali Baş Komandanımızın rəhbərliyi ilə qüdrətli Azərbaycan Ordusu Şuşanı işğaldan azad etdi və prezidentin də dediyi kimi, bu, əbədidir, düşmənlər yanlış fikrə düşməsinlər. Bu, hər bir azərbaycanlı üçün böyük xoşbəxtlikdir. İnanın ki, mən hər il mayın 9-u qələbə günü yaxınlaşanda fikirləşirdim ki, ermənilər mayın 8-də - Şuşanın işğal günündə orda kef edirlər. Çox sevinirəm ki, bu il o hissləri yaşamıram. İndi sevinən tərəf bizik, o kefi biz çəkirik. Bu günlər artıq bizim üçün başqa əhəmiyyətdədir, bu günü biz artıq sevinc, qürur hissi ilə keçiririk. Çox sevinirəm ki, mən də bu günləri görə bildim".

Xalq artisti bildirir ki, noyabrın 8-də Şuşanın işğaldan azad olunması xəbərini eşidərkən, göz yaşlarını saxlaya bilməyib:

"İnanın ki, Şuşanın azad olunduğunu eşidəndə özümü saxlaya bilmədim, xəbəri sevinc göz yaşları ilə qarşıladım. Mən də xəbəri televiziya vasitəsilə eşitdim, prezidentin Şəhidlər Xiyabanındakı çıxışını izləyirdim. Xəbəri eşidəndə reaksiya verə bilmədim. Eşitdiyim də sadəcə ölkə başçısının dediyi "Şuşa, sən azadsan, biz qayıtdıq" cümləsi oldu. Nə reaksiya verə bildim, nə başqa cümlə eşitdim, sadəcə sevinc göz yaşları içərisində təkrar-təkrar o cümləni eşidirdim".

Rasim Balayev ölkə başçısının Şuşaya səfərlərində də böyük qürur hissi keçirdiyini bildirir:

"Prezidentin Şuşaya səfəri, xüsusilə Novruz bayramında Cıdır düzündə olması böyük addım idi. Onun Cıdır düzündə çay içib, paxlava yediyi anlar ermənilərin gözünə ox kimi batırdı. Mən o görüntüləri izləyib qürur hissi duyurdum. Bu, hamımızın görmək istədiyimiz, arzuladığımız  mənzərə idi. 

Həqiqətən də Şuşa Azərbaycanın musiqi beşiyidir. Təsadüfi deyil ki, prezident də oranı Azərbaycanın mədəniyyət paytaxtı elan etdi. Bundan sonra hər il orda beynəlxalq tədbirlər, musiqi festivalları keçiriləcək. Bunları düşünmək belə qürurvericidir. Çox gözəl hadisələrin şahid oluruq". 

Şuşaya getmək arzusunu dilə gətirən məşhur aktyor vurğulayıb ki, sağlamlıq problemləri səbəbilə bu səfəri reallaşdıra bilmir:

"Dünən axşam zəng etdilər ki, Şuşaya gedirik, imkan varsa, siz də gəlin. Çox təəssüf ki, sağlamlığımla, gəzməyimlə bağlı problemlərim var. Uzun yoldur, sağlamlığım belə səfərə çıxmağa icazə vermir. Ona görə də, bu dəfə gedə bilmədim, amma fikrim var ki, havalar bir az da düzəlsin, yayın əvvəli gedib Şuşanı görüm. Bir neçə gün orda qalıb, gəzmək istəyirəm. Mən gəncliyimdə bir neçə dəfə Şuşaya səfər etmişəm. Ən böyük arzum odur ki, heç olmasa bir dəfə Şuşaya gedib, Cıdır düzündə torpağı öpüm. Tezliklə Şuşada "Xarıbülbül" musiqi festivalı keçiriləcək. Mən də həmin tədbirə dəvətliyəm, amma təəssüf ki, orda da iştirak edə bilməyəcəm. Özümü yaxşı hiss edəndə Şuşaya səfər edəcəm, belə arzum var.

Şuşanın o qədər gəzməli görməli yerləri var ki. Elə təkcə küçəsində gəzməyi belə arzu edirəm. Cıdır düzünə, İsa bulağına, tarixi yerlərin hər birinə getmək, oraları gəzmək lazımdır. Bunun üçün də ilk növbədə ayaqlarım sağlam olmalıdır. Müalicə olunum, gedim oraları gəzim görüm". 

Gənc nəslə mesaj göndərən Balayev Vətən sevgisinin digər bütün hisslərdən üstün olduğunu da bildirib:

"Gənclər bilməlidirlər ki, şəxsi işlərindən, həyatlarından başqa Vətən, torpaq deyilən hisslər var. Biz bilməliyik ki, bizim heç kimə qismət olmayan riyakar düşmənlərimiz var və yanımızdadırlar. Biz hər zaman ayıq-sayıq olmalı, Vətəni, torpağı qorumalı, bu yolda lazım olan hər addımı atmağa hazır olmalıyıq. Bəzən bizi qınayanlara deyirəm ki, sizi görüm ermənilər kimi qonşunuz olsun. Bunu qarğış kimi səsləndirirəm. Mənim ermənilərə millət deməyə də dilim gəlmir. Qarabağda olan sülhməramlılar bildirib ki, orda Njdeyə ucaldılan abidə sökülsün. Görün necə insanlardırlar ki, buna icazə verməyiblər. Qarabağ uğrunda döyüşdə məğlub olublar, darmadağın ediliblər, amma yenə də o faşistin heykəlini orda saxlamaq istəyirlər. Görün bunlar necə heysiyyətsiz insanlardır. Faşistin heykəlini ucaldıb, sonra da bu vəziyyətdə belə onu qorumağa çalışan insanlardan nə gözləmək olar ki?! Ona görə də, gələcək nəsillərimiz öz təhsillərini, şəxsi səadətlərini düşünməklə bərabər həm də Vətən, torpaq anlayışlarının dəyərini hər zaman xatırlasınlar. Gənclərimiz qulaqlarına sırğa etsinlər ki, bizim yaxınımızda çox məkrli, kinli düşmən var. Bu düşmənə Azərbaycanda yer, vəzifə olmamalıdır. Gənc və gələcək nəsil bunu bilməli və unutmamalıdır".

Aygül Qarayeva
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top