"İftar süfrələrini və digər tədbirləri məhdudlaşdırmaq lazımdır" — Komitə sədrindən AÇIQLAMA

SOSİAL 04 may 2021, 20:12
Artıq Ramazan ayının sonuna yaxınlaşırıq. Cəmiyyəti narahat edən məsələlərdən biri də budur, kütləvi iftar süfrələrinin təşkili və bayram ərəfəsində də mümkün qapanmalar. Pandemiya ilə bağlı kütləvi tədbirlər qadağan edilsə də, iaşə obyektlərində iftar süfrələri təşkil edilir, kafe və restoranlarda sıxlıq müşahidə olunur.

Bəs bu kimi hallar yoluxma sayını artıra bilərmi? Belə kütləvi tədbirlərin keçirilməsindən necə qaçmaq olar?

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev Demokrat.az-a açıqlamasında insanları kütləvi iftar süfrələri keçirməkdən imtina etməyə çağırdı:

“Pandemiya şəraiti ilə bağlı müəyyən karantin qaydaları tətbiq edilir və bu qaydalara hər kəs əməl etməlidir. İnsanların kütləvi şəkildə bir yer toplaşması, iftar süfrələri açması, həmçinin yas mərasimlərini keçirməsi yoluxma halını artıran faktorlardandır. Bu səbəblə, Ramazan ayı başlamamışdan əvvəl həm Qafqaz Müsəlmanları İdarəsi, həm də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən vətəndaşlara müraciət edildi ki, iftar süfrələri təşkil edilməsin. Hər kəs fərdi qaydada öz evində, ailə üzvləri ilə iftarını etməsi daha məqsədəuyğundur. Hazırkı vəziyyət elədir ki, hər kəs öz məsuliyyətini hiss edib, karantin qaydalarına əməl etməlidir. Biz bu şərtlərə nə qədər tez və yaxşı əməl etsək, pandemiya şəraitindən çıxmağımız da o qədər tez olacaq. 

Digər tərəfdən nəzərə almaq lazımdır ki, hazırda koronavirusun yeni növü – Hindistan ştammı ortaya çıxıb. Bu isə olduqca təhlükəlidir. Bu mutasiyada insan daha tez yoluxur, ağırlaşmalar olur və standart müalicəyə cavab vermir. Yeni növdə ölüm halları da daha çoxdur. Bütün bunları nəzərə alaraq, iftar süfrələrini və digər tədbirləri məhdudlaşdırmaq lazımdır. Pandemiya bitdikdən sonra bütün tədbirlərimizi rahatlıqla keçirə bilərik”.

Deputatın sözlərinə görə, bayramda da əhali müəyyən məhdudiyyətlərə əməl etməlidir:

“Artıq Ramazan ayı da bitir. Bayramlaşmalar, gediş-gəlişlər də qadağan edilməlidir. Hər kəs bu məsələlərə ehtiyat və həssaslıqla yanaşmalıdır. İftar süfrələrinin, iaşə obyektlərində toplaşmalar da yoluxma sayını artırır. Fürsətdən istifadə edib əhaliyə müraciət edirəm ki, hər kəs vaksinasiya prosesinə qoşulsun. Azərbaycan vətəndaşlarının hələ ki, 17-18 faizi vaksinasiya olunub. Ən azı əhalinin 45-50 faizi vaksinasiya olunsun ki, karantin tədbirləri aradan götürülsün və biz bu virusu sonlandıra bilək”.

Qafqaz Müsəlmanlar İdarəsinin nümayəndəsi Bəxtiyar Nəcəfov da kütləvi iftar süfrələrinin digər faydalı əməllərlə əvəz edilməsini məsləhət görür:

“Ramazan ayının ilk günlərindən Qafqaz Müsəlmanları İdarəsi fətva verib ki, pandemiya şəraiti olduğu üçün kütləvi toplaşmalardan qaçmalıyıq. Bizim əhalimiz bu cür adət-ənənələri sevən xalqdır, tez-tez belə süfrələr təşkil etmişik, lakin bu il də pandemiya şəraiti ilə əlaqədar olaraq məsləhət görülür ki, bu kimi tədbirlər təxirə salınsın. İftar süfrələri sadəcə ailə daxilində olsa, daha yaxşı olar. Bu baxımdan, qurumun verdiyi bu fətva çox yerində olub. Bu bəla üzərimizdən çəkildikdən sonra yenə əvvəlki kimi süfrələrdə toplaşa biləcəyik. 

İftar süfrələri təşkil etmək istəyənlər bu dəfə xəstə olanlara ehsan göndərə, yaxud ehtiyacı olan xəstələrin dərman ehtiyaclarını ödəyə bilərlər. Həmçinin, insanlar sədəqə verə, ehtiyacı olan insanlara ərzaq göndərə bilərlər. Bu ay həm də belə savab işlərin ayıdır. Öz evimizdən nələrisə ehtiyacı olanlarla paylaşa bilmək vacibdir”.

Onun sözlərinə görə, müsəlman ölkələri arasında karantin şərtləri ən yaxşı olan da məhz bizim ölkədir:

“Digər müsəlman ölkələrində də bu kimi tövsiyələr edilir, hətta Ramazan ayı ərzində və bayram ərəfəsində daha sərt qaydalar tətbiq edilir. Bizdə bu kimi qadağalar yoxdur, Ramazan bayramında qapanmalar da nəzərdə tutulmayıb. Qonşu ölkələrdə isə yoluxmaların qarşısı çox sərt qaydalarla alınır və Ramazan bayramı dövründə də sərt qapanmalar nəzərdə tutulub”.

Aygül Qarayeva
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top