“Rəisə “yoldaş rəis, cinayətkar evdədir” dediyini eşitdim” — Qobustandakı dəhşətli cinayətin təfərrüatı

KRİMİNAL 26 apr 2021, 10:32
Qobustan rayonunda qətl hadisəsi törətməkdə təqsirli bilinən 1988-ci il təvəllüdlü Rövşən Məhərrəmovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, 2020-ci il iyunun 22-də, gecə saat 02 radələrində Rövşən Məhərrəmov yaşadığı evində tanışı, 1974-cü il təvəllüdlü Elman Cabbarov ilə birlikdə spirtli içki qəbul edib.

Rövşən Məhərrəmov orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində Elman Cabbarovun onun ünvanına şəxsiyyətini alçaldan xoşagəlməz ifadələr işlətməsi səbəbindən aralarında başlanmış mübahisə və daha sonra baş vermiş dalaşma zamanı bir-birinə qarşılıqlı olaraq əl-ayaq zərbələri vurduqdan sonra mübahisəni davam etdirməklə, Elmanı öz evinə aparmaq məqsədilə evin həyətinə giriş darvazasının qarşısında saxladığı özünə məxsus “ZAZ VİDA SF6950” markalı avtomobilə birlikdə oturduqdan sonra avtomobilin salonunda yenidən başlayan mübahisə və dalaşma zamanı qisas almaq məqsədilə onu öldürmək qərarına gəlib.

Bu məqsədlə Rövşən Məhərrəmov əvvəlcədən həmin avtomobilin sol ön qapısının cibliyində saxladığı mətbəx bıçağı ilə Elman Cabbarovun boyun nahiyəsinə arteriyanın və venanın kəsilməsi ilə nəticələnən xəsarətlər yetirib. Elman Cabbarov aldığı xəsarətlərdən ölüb.

İstintaq orqanı tərəfindən Rövşən Məhərrəmovun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Rövşən Məhərrəmovun cinayət işi araşdırılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Eldar İsmayılovun icraatına verilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Rövşən Məhərrəmov elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, iyunun 21də, saat 23 radələrində Elman ona məxsus minik avtomobilini və 20 manat pulu gətirdikdən sonra ona bir yerdə spirtli içki içməyi təklif edib: “Buna görə Elmanla birlikdə avtomobillə Qobustan şəhərində Nərimankənd deyilən yerə mağazaya gedərək araq, pivə, kolbasa və alça aldıqdan sonra saat 24 radələrində evə qayıtdıq. Evdə yeyib-içərkən Elmanın yadına keçmiş hadisələr düşdü. Təxminən 5-6 il əvvəl Elmanın qohumum Qabillə dalaşdığı zaman sonuncuya bıçaqla xəsarət yetirdiyimdən, Elman mənə özümü yuxarıdan aparmağıma görə irad bildirdi. Buna görə Elmanla aramızda mübahisə başladı”.

Təqsirləndirilən şəxsin ifadəsinə görə, bu zaman Elman onun ağzına bir yumruq vurub: “Stolun üstünə yıxıldım. Sonra Elman təpiklə 2-3 dəfə bədənimə zərbələr vurdu. Yerdən qalxaraq Elmana davaya son qoymasını dedim. Həmçinin qohumum Qabilə xəsarət yetirməyinin səbəbini Elmana izah etsəm də, sonuncu dayanmadı. Hər ikimiz evdən həyətə çıxdıq. Həyətdə də Elman məni döydü və maşına otuzdurdu. Maşında mən sürücü tərəfdə, Elman isə qabaq sərnişin tərəfdə oturdu. Maşında da Elman məni döyməyə davam etdi. Sağ göz nahiyəmdən bir yumruq vurdu. Maşından düşərək qaçmaq istədim. Amma Elman imkan vermədi.  Hər iki əli ilə boynumdan tutaraq boğmağa başladı. Elmandan canımı qurtarmaq üçün əlimi sürücü tərəfdəki qapının cibinə atdım. Əlimə nəsə bir əşya keçdi. Həmin əşya ilə Elmanı vurdum. Həmin əşyanın nə olduğunu, Elmanın harasından və ümumilikdə neçə dəfə vurduğumu xatırlamıram. Həmin əşya ilə Elmanı vurduqdan sonra sonuncunun əlləri boşaldı”.

Rövşən Məhərrəmov qeyd edib ki, bundan sonra Elman maşından düşərək evinə tərəf getməyə başlayıb: “Mən isə, Elmanın məni yenidən döyəcəyindən qorxaraq maşından düşdüm, tez evimə girdim. Əlimdəki əşyanı isə həyətə atdım. Evə girəndən sonra pəncərədən baxaraq Elmanın qayıdıb-qayıtmadığını yoxladım. Elmanın qayıtmadığını gördükdən sonra yatdım. Səhər saat 8 radələrində küçədəki səs-küyə oyanaraq pəncərədən küçəyə baxdım. Çoxlu sayda insanların və polis əməkdaşlarının orada olduğunu gördüm. Həmçinin polisdə işləyən Sahibin rəisə müraciət edərək “yoldaş rəis, cinayətkar evdədir” dediyini eşitdim. Sahibin hansı cinayətdən danışdığını başa düşmədim.

Daha sonra evdən həyətə çıxarkən iki nəfər polis serjantı məni yaxınlaşaraq polis şöbəsinə apardılar. Həmin vaxt bildim ki, gecə Elmana yetirdiyim xəsarət nəticəsində ölüb”.

Məhkəmənin hökmü ilə Rövşən Məhərrəmov 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
25 apr 2024, 13:44
Top