Kürdəmirdə şəhidin xatirəsinə tikilən bulağın açılışı oldu

SOSİAL 25 apr 2021, 23:40
Kürdəmirdə şəhid baş gizir Nahid Mikayılovun xatirəsinə tikilən bulağın açılışı olub.

Demokrat.az
xəbər verir ki, bulaq şəhidin ailəsinin şəxsi vəsaiti hesabına Kürdəmir-Ucar yolunun kənarında inşa olunub. Açılış mərasimində rayon rəsmiləri, məktəblilər, şəhid anaları, şəhidin döyüş yoldaşları və ailə üzvləri iştirak ediblər.

Öncə torpaqlarımızın bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra İkinci Qarabağ müharibəsində 30 illik işğal altında olan torpaqlarımızın Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gündə azad edilməsinin tarixi əhəmiyyətindən, igid vətən oğullarımızın qəhrəmanlıqlarından danışılıb.

Şəhidin həyat yoldaşı Jalə Mikayılova onlara, ümumiyyətlə şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə başçısına öz minnətdarlığını bildirib.

Xatirə bulağının açılış mərasimində məktəblilərin ifasında şeirlər səsləndirilib, ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib. Qeyd edək ki, şəhid baş gizir Nahid Sovqat oğlu Mikayılov 1982-ci ildə Kürdəmir rayonunun Şilyan kəndində dünyaya göz açıb. Orta məktəbi doğulduğu kənddə başa vuran Nihad Mikayılov həqiqi hərbi xidmətə gedib. Xidməti müddətini bitdikdən sonra gizirlik kursunu uğurla başa vuraraq yenidən ordu sıralarına qayıdıb. Ötən il sentyabrın 27-də Vətən müharibəsi başlayanda o da ön xətdə düşmənlə üz-üzə döyüşən igidlərimizdən olub. Ağır döyüş yolu keçib. Təəssüflər olsun ki, düşmən minomyotundan açılan atəşlə ağır qəlpə yarası alan gizir şəhid olub. Nihad Mikayılovun cəsədi doğulduğu Kürdəmir rayonuna gətirilib və Şəhidlər xiyabanında dəfn edilib. Şəhidimizdən geriyə üç oğul övladı qalıb: gələcəyin üç əsgəri, qəhrəman atalarının yolunu gedəcək üç qəhrəman oğul.

Xatirə bulağının açıldığı bu gün həm də şəhidimizin doğum günüdür. Yaşasaydı 39 yaşı tamam olacaqdı.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top