Deputatın qardaşı oğlu hansı cinayətlərdə ittiham olunub və işdə hansı məşhurların adı keçir? — Özəl dosye


HADİSƏ 20 apr 2021, 12:04
Deputat Əhliman Əmiraslanovun dələduzluqda ittiham olunan qardaşı oğlu, 1983-cü il təvəllüdlü Emil Əmiraslanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Emil Əmiraslanov aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə işə qəbul edilməsində köməklik göstərilməsi barədə tanışı olmaqla cinayətdən xəbərsiz tanışı Xəqani vasitəsilə 2019-cu ilin oktyabr ayının əvvəllərində özünə müraciət edən Samir Şahverdiyevin cinayətdən xəbərsiz olan atası Vaqif Əmiraslanovun Bakı Humanitar Kollecində rektor olmaqla Azərbaycan Respublikasının Təhsil Nazirliyində geniş əlaqələrə malik olduğunu, əlaqələrindən istifadə edərək onu həmin kollecə prorektor vəzifəsinə təyin etmək imkanına malik olmasını yalandan bildirib.

Təhsil Nazirliyində hansı vəzifəli şəxsə rüşvət istənilib?

Emil Əmiraslanov həmin məsələnin müsbət həlli üçün atasının Təhsil Nazirliyində işləyən vəzifəli şəxs olan tanışına xidməti vəzifəsinin icrası ilə əlaqədar prorektor olmaq istəyən Samir Şahverdiyevin xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə 20.000 manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını bildirib. O, 2019-cu ilin oktyabrın ortalarında Abşeron rayonu, Fatmayi kəndi ərazisində yerləşən “Töhfə” adlı restoranda 4500 ABŞ dolları və 350 manat alıb.

Emil Əmiraslanov bir həftə sonra Nəsimi rayonu, 6-cı mikrorayon, Cavadxan küçəsi 32/15-də yerləşən  Milli Oftalmologiya Mərkəzinin yaxınlığında 12.000 manat məbləğində pul vəsaitini alaraq öz şəxsi ehtiyaclarına sərf edib.

Daha sonra Emil Əmiraslanov Xəqaninin vasitəsi ilə, sonuncunun tanışı Rövşən Abdullayevin oğlu Vüqar Abdullayevi Fövqəladə Hallar Nazirliyinin İsmayıllı rayon Yanğından Mühafizə İdarəsinə işə düzəldəcəyinə dair yalandan vəd verib, onun atasından 12 min manat alıb.

Baş Prokurorluqda kimin adından istifadə olunub?

Daha sonra o, Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsində istintaqı aparılan Cinayət Məcəlləsinin 178.3.2, 308.2 və 313-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və barəsində Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş şəxsi həbsdən azad edilməsində köməklik göstərilməsi barədə 2020-ci ilin fevralında Xəqaninin vasitəsi ilə onun özünə müraciət edən Əli Məhərrəmovun atasına əvvəllər prokurorluq orqanlarında işləməsi ilə əlaqədar guya prokurorluqda səlahiyyətli vəzifəli şəxslərlə yaxın əlaqələrinin olmasını, həmin münasibətindən istifadə edərək Əli Məhərrəmova qeyd edilən köməkliyi göstərmək, yəni əməlində cinayət tərkibinin əlamətlərinin olmasına baxmayaraq, onun barəsindəki cinayət işi üzrə icraata qanunsuz olaraq bəraətverici əsaslarla xitam verməklə həbsdən azad etdirmək imkanına malik olmasını yalandan vəd edib.

O, həmin məsələnin müsbət həlli üçün prokurorluq orqanlarında tanışı olan vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Əli Məhərrəmovun xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə 20.000 manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını bildirib.

Emil Əmiraslanov həmin adla 2020-ci ilin fevral ayının sonlarında 18.000 manat, iki gün sonra isə 2.000 manat alıb.

İstintaq orqanı tərəfindən Emil Əmiraslanovun barəsində Cinayət Məcəlləsinin 178.2.2-ci (təkrar dələduzluq), 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) və 32.4,312.2-ci (iştirakçılıq; vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə) maddələri ilə ittiham elan edilib.

“Sələmə girovsuz pul istəyən olsa xəbər elə”

Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Fikrət Qəribovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

Məhkəmədə ifadə verən Emil Əmiraslanov elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, Xəqanini təxminən 1998-ci ildən qonşu kimi tanıyıb və münasibətləri həmişə yaxşı olub: “Xəqanini təsadüfən 2019-cu ilin yay aylarında Bakı şəhərində gördüm və bir-birimiz ilə əlaqə saxlamaq üçün mobil nömrələrimizi verdik. Bundan təxminən bir ay sonra Xəqani zəng edərək bildirdi ki, sələmə girovsuz pul istəyən olsa xəbər elə, ancaq inandığın insanlar olsun ki, səhər arada qalmayaq, bu işdə yaxşı xeyrimiz də olacaq, çünki girovsuz pul olduğundan sələm (faiz) yüksəkdi, ordan bizim də xeyrimiz var. Belə bir adam olsa xəbər edəcəyimi dedim”.

“Əmimin, atamın adlarını da bu məsələyə qataraq saytlara verəcəyini bildirdi”

Təqsirləndirilən şəxsin ifadəsinə görə, təxminən 2019-cu ilin oktyabr ayının 3-5 aralığında idman layihələrinin təşkili ilə bağlı zərərə düşdüyündən Xəqaninin mobil nömrəsinə zəng edib və 4000 dolların 3-4 günlük lazım olduğunu bildirib: “Təxminən bir neçə saat sonra Xəqani zəng edərək 4000 dollar hazırdır deyərək, məni Mehdiabad qəsəbəsinə adını xatırlamadığım bir kafeyə çağırdı. Samirin əmisioğlu olduğunu bildirdi və 4000 dollar Samirdən aldı, sayaraq mənə verdi. Daha sonra Xəqani bildirdi ki, özün bilirsən ki, bu günkü gün heç kim heç kimə girovsuz pul vermir, bu məbləği də sənə girovsuz verdiyimizdən 3 gündən sonra tam olaraq 4000 dolları və əlavə 1500 dollar faizlə birlikdə qaytarmalı olacaqsan. Arada olan razılaşmaya əsasən 3 gün tamam olduqda Xəqani zəng etdi, pulu istəyəndə bir az möhlət verilməsini istədim. Xəqani 3 gün yenidən tamam olan kimi ardıcıl olaraq zəng edərək pulu tələb etməyə başladı. Oktyabr ayının təxminən 20-də Xəqani zəng edərək dedi ki, gözün aydın, bunu istəyirdin?, dörd fara “Mercedes”imi sataraq sənin şişib 20000 manat olmuş borcunu bağldım. Bununla da, anladım ki, Xəqani məni yükləyir. Oktyabr ayının sonları Xəqaniyə 5.000 dollar

təklif etsəm də, razı olmadı. Əvəzində məni biabır edəcəyini bildirdi, əmimin, atamın adlarını da bu məsələyə qataraq saytlara verəcəyini bildirdi. Məni təhdid edərək özündən asılı vəziyyətə gətirməyə çalışdı. Noyabr ayının sonlarından artıq Samir də məni yığaraq pulu tələb etməyə başladı. Mən isə onlara həmin 20000 manatı verməyəcəyimi, yalnız götürmüş olduğum məbləği qaytaracağımı bildirdim”.

“Dedi ki, mən o, adamın yanında hörmət sahibiyəm”

Emil Əmiraslanovun ifadəsinə görə, təxminən 2020-ci ilin fevralın ortaları Xəqani zəng edərək qohumu Əli adlı şəxsin Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində seçilmiş olmuş həbs qətimkan tədbirinin məhkəmədə ev dustaqlığı ilə əvəz edilməsində köməklik etməyini bildirib: “Xəqani bu işi həll edəcəyi təqdirdə aramızda olan dırnaq arası şişirdilmiş 20000 manatın faizlərini sildirəcəyini dedi. Bir neçə vəkil tanışlarım ilə məsləhət etdikdən sonra Əlinin işinə məhkəmədə baxıldığı təqdirdə onun həbsinin ev dustaqlığı ilə əvəz edilməsi ehtimalının böyük olduğunu və bu məsələ üçün 12.000 manatın lazım olacağını bildirdim. Bir neçə gün sonra Xəqani zəng edərək məni Bakı şəhəri Məmməd Araz küçəsində yerləşən “Avesta” Holdinqin qarşısına çağırdı. Orada mənə 10000 manat pul verdi, qalan 2000 manatı isə 2 gün sonra verəcəyini dedi. Təxminən 3-4 gün sonra Xəqani zəng edərək 2000 manatı da çatdırmaq istədiyini bildirdi. İşim olduğu üçün taksi sürücüsü Zəfəri göndərdim ki, Xəqanidən 2000 manatı götürərək mənə çatdırsın. Zəfər də pulu Xəqanidən götürərək mənə çatdırdı. Aradan təxminən bir neçə həftə keçdikdən sonra Xəqaniyə zəng edərək bildirdim ki, Əlinin ev dustaqlığı məsələsi əmələ gəlmir, görüşək pulu sənə qaytarım. Xəqani bu sözlərdən əsəbiləşərək telefonu bağladı. Təxminən 1 saat sonra Xəqani zəng edərək dedi ki, işi nəyin bahasına olursa olsun həll etməlisən, mən o, adamın yanında hörmət sahibiyəm, ev dustaqlığı alınmasa da məhkəmənin sonunda hansısa qaydada buraxılmalıdır. Bu işin mümkün olmadığını israrla bildirdim. Xəqani dedi ki, özün bil işi həll etməsən, Əlinin çatası 12000 manat puldan əlavə 8000 manat da tələb edir, ümumilikdə 20000 manat verəcəksən.  Sonradan izahat vermək üçün prokurorluğa gedəndə orada məlum oldu ki, Xəqani Əlinin işinə görə 20000 manat pul alıb, xərclədiyi 8000 manatı mənim boynuma atır”.

İşdə vəfat edən məhkəmə hakiminin adı niyə hallanır?

Emil Əmiraslanov daha sonra ifadəsində sonuncu epizodla bağlı belə danışıb: “Xəqani Fövqəladə Hallar Nazirliyinin rayon üzrə yanğın söndürmə xidmətinə qohumunu düzəltmə təklifini dekabr ayında etdi. Xəqani bildirdi ki, onun qohumunun 6-7 min manat pulu var, onun həmin vəzifəyə düzəltməyə kömək etsə, o pulu borcdan çıxacaq, lakin öncədən pul verməyəcək. Şişirdilmiş 20.000 manat pulun qaytarılmasına vaxt udmaq üçün yalandan guya bir nəfər hörmətli şəxsə bu işin həll edilməsində yardımçı olmasını dedim. Lakin həmin şəxsin Respublikadan kənarda olmasını, gələndə bu işi həll edə biləcəyini Xəqaniyə bildirdim. Xəqani mütəmadi vaxtlarda həmin adamın gəlməsi barədə zəng edərək soruşduqca, mən də müxtəlif bəhanələrlə vaxtı uzadırdım. Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə təhqiqatçının çağırışı ilə idarəyə gedərək izahatını verdikdən sonra Xəqani mənimlə əlaqə saxlayaraq telefonda bildirdi ki, Əli Məhərrəmovun yanında hörmətdən düşməmək üçün onu zərərçəkmiş kimi tanıyacaqlar və onun qarşısında etibardan tam düşməməsi üçün ifadəsində guya işim ilə bağlı pulu Bakı Apelyasiya Məhkəməsində rəhmətə getmiş hakim Əflatuna verməsini deyim. Mən də Xəqaniyə inanaraq ifadəmdə Əli ilə bağlı epizodda onun dediyi kimi ifadə verdim”.

“Pulu Təhsil Nazirliyində adını demədiyi vəzifəli şəxsə veriləcəyini bildirdi”

Cinayət işində adı hallanan Xəqani ifadəsində bildirib ki, təqsirləndirilən Emil Əmiraslanov və onun atası Vaqifi təxminən 20 il olar ki, tanıyıb: “Onlarla qərəzli, ədavətli olmamışam, həmçinin qohumluğum olmayıb. Emillə 2019-cu ilin oktyabr ayında görüşən zaman qohumum Samir Şahverdiyevin onun atasının rektor olduğu Bakı Humanitar Kollecində işə düzəltməyin mümkün olub-olmadığını soruşdum. Emil isə kollecdə bir prorektor yerinin vakant olduğunu dediyindən, Samiri ora işə düzəltməsini xahiş etdim. Emil də bu barədə maraqlanıb xəbər edəcəyini dedi. Təxminən 3-4 gün sonra Emil mənimlə əlaqə saxlayaraq atası Vaqif Əmiraslanovun Təhsil Nazirliyi ilə əlaqə saxlayıb, Samirin işi ilə bağlı “hə” cavabı aldığını dedi. Görüş təklif etdi, görüşən zamanı Emil Samirin prorektor təyin edilməsi üçün ümumlikdə 22.000 manat pul lazım olduğunu, həmin pulun da 20.000 manatının Təhsil Nazirliyində adını demədiyi vəzifəli şəxsə veriləcəyini, qalan 2.000 manatının isə atası Vaqifə çatacağını bildirdi. Mən də bu barədə Samirə telefonla məlumat verdim. Samirə birlikdə söhbət etməyi təklif etdim”.

Xəqaninin ifadəsinə görə, 2019-cu ilin oktyabrın təxminən ortalarında Emillə görüşmək üçün Mehdiabad qəsəbəsində “Töhfə” restoranına Samirlə birlikdə gedib: “Həmin vaxt Emil də ora sürücüsü kimi təqdim etdiyi Zəfərlə birlikdə gəlmişdi. Sonra Emil, Samir və özüm restoranın yemək otağına keçdik. Zəfər isə çöldə gözlədi. Həmin vaxt Samir Emilə həmin pulun bir hissəsini verəcəyini, qalan hissəsini isə bir neçə günə verəcəyini bildirdi. Emil də bununla razılaşdı. Az sonra yanımıza Zəfər də gəldi. Samir orada mənim və Emilin sürücüsü Zəfərin iştirakı ilə ilkin olaraq ona 4.500 ABŞ dollarını, eləcə də əlavə 350 manatı hesabladıqda cəm halda 8.000 manatı verdi. Bundan sonra Emil həmin yerdən getdi. Bundan bir həftə sonra isə Zərifə Əliyevə adına Göz Xəstəxanasının yaxınlığında Samir qalan 12.000 manat pulu da məmim iştirakım ilə Emilə verdi, qalan 2.000 manat pulun isə işə təyinlə bağlı əmrin çıxmasından sonra verilməsi barədə razılığa gəldilər”.

“Əmisi Əhlimanın oğlunun nazirlikdə general rütbəsində xidmət etdiyini bildirdi”

Xəqaninin ifadəsinə görə, Emil Əmiraslanov ümumilikdə 20.000 manat pulu 2019-cu ilin oktyabrında iki dəfəyə Samirdən aldıqdan sonra məsələnin təxminən iki həftə ərzində həll ediləcəyini bildirib: “Lakin iş düzəlmədiyindən 2020-ci ilin martında bir neçə dəfə Emilin atası Vaqif Əmiraslanovun qəbuluna düşmək üçün onun müavini Namiq adlı şəxsin qəbulunda olsaq da, Namiq adlı şəxs hər dəfəsində bizi yeni bir tarix deyərək məsələnin həmin vaxtadək həll ediləcəyini bildirdi. Emil Əmiraslanovla Samirin prorektor təyin edilməsi söhbətlərinin aparıldığı ərəfədə 2019-cu ilin noyabrında İsmayıllı şəhərindən olan tanışım Rövşən Abdullayev mənimlə söhbət edərkən, özünün doğma oğlu Vüqar Abdullayevin işsiz olduğunu bildirdi, ona işə düzəlmək üçün dost-tanışları vasitəsi ilə köməklik etməyimi istədi. Buna görə də ondan Vüqarın harada işləmək arzusunda olduğunu soruşdum. Rövşən də oğlu Vüqarın orta təhsilli olmasını, fiziki baxımdan sağlam olduğunu bildirdi, Vüqarın İsmayıllı Rayon Yanğından Mühafizə İdarəsində işləmək istədiyini söylədi. Mən də tanışlarım ilə əlaqə saxladıqdan sonra bu barədə Rövşənə xəbər verəcəyimi bildirdim. Bu söhbətdən bir neçə gün sonra tanışım Emil Əmiraslanovla Nərimanov rayonunun Təbriz küçəsindəki “Nar çiçəyim” restoranında görüşdük. Söhbət edərkən, ondan Fövqəladə Hallar Nazirliyində tanışının olub-olmadığını soruşdum. Emil isə əmisi Əhliman Əmiraslanovun oğlunun həmin Fövqəladə Hallar Nazirliyində general rütbəsində xidmət etdiyini bildirdi. Bu söhbəti biləndən sonra Emildən öz tanışımın həmin qurumda işə düzəlməsinə köməklik etməsini istəsdim. Emil isə cavabında həmin general qohumu ilə əlaqə saxladıqdan sonra bu barədə xəbər verəcəyini bildirdim. Bundan təxminən 4-5 gün sonra Emil mənə zəng edərək, Vüqarın həmin quruma işə düzəltməyin qiymətini bildirməklə, kənar adamlar üçün qiymətin 15.000 manat olduğunu, Vüqarın işə düzəlməsini isə mənə görə 12.000 min manata həll edə biləcəyini bildirdi. Mən də bu söhbəti tanışım Rövşənə bildirdim. Rövşən də üç gün sonra mənə 12.000 manatı Nərimanov rayonu, Təbriz küçəsində yerləşən “Şuşa” restoranın həyətində olan çayxanada verdi. Rövşən pulu çatdırandan sonra Emillə telefon əlaqəsi saxladım və telefon danışığı zamanı Emil olduğu yeri bildirdi. Həmin gün Abşeron rayonunun Novxanı kəndi ərazisindəki “Dalğa” Ticarət Mərkəzinin qarşısında Emillə görüşdüm. Emil görüş yerinə taksi sürücüsü Zəfərlə birlikdə gəlmişdi. Həmin vaxt Emil və Zəfər avtomaşından yerə endilər, mənimlə görüşdülər.  Həmin vaxt da tanışım Rövşənin oğlu Vüqarın işə düzəlməsi üçün verdiyi sənədləri və 12.000 manat pulu taksi sürücüsü Zəfərin iştirakı ilə Emilə əlbəəl verdim. Emil də sənədləri və pulu aldıqdan sonra yanıçda pulu saydı. Məbləğin düzgün olmasını bildirdi. Bundan sonra Rövşənin oğlu Vüqarın İsmayıllı rayon Yanğından Mühafizə İdarəsində yanğın söndürən vəzifəsinə işə düzəlməsi üçün iki ay vaxt istədi. Emilə etiraz etməsəm də, həmin işin alınmasına ciddi yanaşmağı xahiş etdim. Buna baxmayaraq Emil Vüqarı işə düzəltmədi. Eləcə də, bu məqsədlə aldığı pulu qaytarmadı”.

“İşin 20.000 manata başa gələcəyini bildirdi”

Xəqaninin bildirdiyinə görə, həmin söhbətlərin getdiyi ərəfədə təxminən 2020-ci ilin fevralın ortalarında qardaşının qohumlarından olan olan Oktay Məhərrəmovla görüşü zamanı sonuncu oğlu Əli Məhərrəmovun bank işi ilə əlaqədar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılan cinayət işi ilə bağlı məhkəmə tərəfindən həbs edildiyini və sonuncunun ən azından həbsdən azad edilməsi ilə bağlı yol axtardığını bildirib: “Bu zaman Emil Əmiraslanovun sabiq prokurorluq əməkdaşı olmasını və prokurorluq, məhkəmə orqanlarının işi ilə bağlı məlumatlı olmasını nəzərə alaraq onunla məsləhətləşmək qərarına gəldim. Emillə olan telefon danışığı zamanı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində işləyən tanışlarından bu barədə məlumat aldıqdan sonra mənə xəbər edəcəyini bildirdi. Təxminən iki gün sonra Emil mənə zəng edərək Nərimanov rayonunda yerləşən “Avesta Holdinq”in binasının qarşısında görüşməyi təklif etdi. Görüş zamanı Emil prokurorluqda işləyən yaxını vasitəsilə Əli Məhərrəmovun həbsdən azad etdirilməsi ilə yanaşı, araşdırmanın onunla bağlı olan hissəsinə xitam verilməsinin mümkün olduğunu, həmin işin 20.000 manata başa gələcəyini bildirdi. Mən də bu barədə Əli Məhərrəmovun atasına  danışdıqdan sonra ona cavab verə biləcəyimi bildirdim. Oktay həmin işin 20.000 manatla bitəcəyi mümkündürsə, həmin məbləği verməyə hazır olduğunu bildirdi. Söhbət vaxtı hətta Emillə telefon əlaqəsi yaradaraq, sonuncunun ona dediklərini təsdiq etməsini xahiş etdim. Emil də bir daha mənim dediklərimi telefonda təsdiq etdi”.

“Pulunu tələb etməyə başladı”

Xəqaninin ifadəsinə görə, təxminən iki gün sonra Oktay verdiyi 18.000 manatı “Avesta Holdinq”in binasının qarşısında Emil Əmiraslanova verib: “Qalan 2.000 manatı isə iki gün sonra Emilin sürücüsü Zəfər Bakı şəhərinin Nərimanov rayonunda yerləşən “Sevgilim” kafesinin yaxınlığında məndən götürdü. Emil Əmiraslanov məbləği tam şəkildə aldıqdan sonra Əli Məhərrəmovun uzağı bir həftə ərzində həbsdən azad ediləcəyini bildirdi. Lakin həmin məsələdən təxminən iki həftə sonra Əli Məhərrəmovla bağlı olan cinayət işinin istintaqının tamamlanaraq, baxılmasından ötrü Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərildiyini öyrəndik. Emilə zəng edərək bu barədə ondan aydınlıq gətirməsini tələb etdik. İşə  məhkəmədən buraxılacağını bildirdi. Mən isə razılaşmalarımızın bu cür olmadığını və məsələnin həlli ilə bağlı aldığı pulları qaytarmasını tələb etdim. Bundan bir müddət sonra isə Oktay Emil Əmiraslanov tərəfindən aldadıldığını əsas gətirərək pulunu tələb etməyə başladı. Oktyala olan qohumluq əlaqələrimi və bu məsələdə Emilə etibar etməyimdə özümün təkid etməyini nəzərə alaraq, Xızı rayonunda yerləşən torpaq sahəsini sataraq sonuncunun 20.000 manatını qaytardım. Emil Əmiraslanov isə hər dəfə müxtəlif bəhanələr gətirərək vaxtı uzatmağa çalışdı”.

Xəqani həmçinin ifadəsində göstərib ki, Emil Əmiraslnaovun ilk olaraq aldığı 20.000 manat pulu faizə borc alma ilə əlaqədar göstərdikləri yalan və uydurma sözlərdir. O, qeyd edib ki, Samir Emilə borc pul verməyib.

Məhkəmənin hökmü ilə Emil Əmraslanov 5 il müddətə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumii rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınıb.

Emil Əmiraslanivun cəzaçəkmə müddətinin başlanğıcı 14 avqust 2020-ci il tarixdən hesablanması müəyyən olunub.

Fariz Məlikli
Demokrat.az


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top