Könül Nurullayeva: Hərbi Qənimətlər Parkı Böyük Qələbəmizi əbədiləşdirmək baxımından mühüm əhəmiyyət kəsb edir

GÜNDƏM 13 apr 2021, 16:18
Bakıda açılışı olan Hərbi Qənimətlər Parkı Azərbaycan xalqının əldə etdiyi Böyük Qələbəni əbədiləşdirmək baxımından mühüm əhəmiyyət kəsb edir. Ötən ilin noyabrında, Azərbaycan Qələbəni rəsmən elan etdikdən sonra Prezident İlham Əliyev düşmənin qənimət götürülmüş və məhv edilmiş texnikasının nümayiş olunacağını, Zəfər Muzeyinin, Memorial Kompleksin yaradılacağını bəyan etmişdi.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva deyib.

Deputat bildirib ki, 44 günlük Vətən müharibəsi zamanı Ermənistan rəsmiləri erməni tanklarının Bakıya gələcəyi ilə bağlı populist bəyanatlar səsləndirirdilər. Lakin hərbi əməliyyatların gedişi, döyüş meydanında baş verən reallıqlar göstərirdi ki, “Dəmir yumruq”la başı əzilən düşmən tanklarını qoyub qaçır, postları tərk edir, fərarilik etmək istəyən əsgər və zabitlər zorla kazarmalara qandallanırdı. Ərazi bütövlüyümüzü bərpa edən Azərbaycan əsgəri düşmənə məxsus hərbi texnikaları da qənimət götürürdü. Biz bu qənimətləri kütləvi şəkildə Bakıda keçirilən Zəfər paradında gördük.

“Bu gün isə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan Hərbi Qənimətlər Parkının açılışını etdi. Açıq səma altında salınan nadir park Azərbaycanda ilk təcrübədir. Bu parka gələn hər kəsdə düşmənin 30 il ərzində qurduğu müdafiə xətlərinin necə yarılması, hərbi resursların necə məhv edilməsi barədə təsəvvür yaranır. Azərbaycan Ordusunun gücü bir daha aydın görünür. Bir daha məlum olur ki, Ermənistan 30 il ərzində öz himayədarlarının dəstəyi ilə özlərinə istehkamlar qurublar. Azərbaycanın həyata keçirdiyi düzgün hərbi strategiya düşmənin bütün istehkamlarını, müdafiə xətlərini darmadağın etməyə imkan verdi”, - deyə deputat qeyd edib.

Könül Nurullayeva vurğulayıb ki, Hərbi Qənimətlər Parkının mənzərəsi də 44 günlük müharibədə baş verənləri göz önündə canlandırmağa imkan verir. Burada, həmçinin Ermənistanın Azərbaycana qarşı qadağan olunmuş silahlar vasitəsilə həyata keçirdiyi müharibə cinayətləri barədə məlumatların və real faktların əks olunması olduqca vacibdir. Bu, Ermənistanın əsl terrorçu mahiyyətini açmağa imkan verir.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top